Tütək

Tütək – ağacdan hazırlanmış nəfəsli musiqi aləti.

Tütək
Azərbaycanın qədim xalq musiqi aləti - tütək.
Azərbaycanın qədim xalq musiqi aləti - tütək.
Əlaqəli alətlər
Mənşə ölkəsi Azərbaycan Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər.

Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xüsusilə taxıl və qamışın özəyini əl ilə dartıb çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti düzəldirlər. Onu üfürdükdə nazik cır səs alınır, hətta bəzən onların üzərində kiçik dəliklər açılıb müxtəlif havalar çalınır. Kim bilir, bəlkə də nəfəslə çalınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrübəsinin müəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tütək düzəltmişlər. Sadə tütəklərin düzəldilməsi o qədər də çətin deyildir. İçərisi novlu olan quru qarğını kəsib ucunda dil, üzərində isə səslənməni nizama salan dəlik açırlar.

Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək duzəldir və ürəyinin kədərini onunla dağıdır. Guya gəzintiyə çıxan İskəndər tütəyi dilə gətirən çobanı görur. Şah onu hüzuruna çağırıb tütəyin sirrini öyrənmək istəyir. Şair çobanın dili ilə tütəyi belə təsvir edir:

Dedi: – Bir quyudan göyərib çıxmış,
Şəkərdən şirindir məncə bu qamış.
Dəldim, yaraladım oz əlim ilə,
Hələ kəsilməmiş gəlməzdi dilə.
O cansız olsa da sevirəm can tək,
Dilsizdir, mənimçün dildir bu tütək...

Eramızın IV-V əsrlərinə aid edilən və albanlara məxsus zərif naxışlarla bəzənmiş tunc qab tapılmışdır. Qabın üzərində rəqqasə və çalğıcı rəsmləri arasında tütəyə oxşar musiqi aləti də təsvir edilmişdir.

Xaqaninin, Füzulinin əsərlərində bu zərif musiqi aləti haqqında məlumat var. Tütəyin gövdəsinin üstündə yeddi, arxa tərəfində isə bir dəlik olur. Tütəyin təsviri tapmacalarımızda da öz əksini tapıb. Səsi yumşaq, ürəyə yatan və məlahətlidir.[1]

Bir vaxtlar, əsasən, çobanların istifadə etdiyi üfləmə ağac musiqi aləti olmuşdur. Bir çox ölkələrdə tütəyin müxtəlif növləri çox geniş yayılıb.

Boruşəkilli gövdə ərik, qoz, tut və ya qamışdan hazırlanır. Gövdənin üz hissəsində 7, alt hissəsində isə 1 oyuq olur. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir.

Uzunluğu 280–300 mm, diametri 20 mm-dir. Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir. Tıxacla gövdə arasında xüsusi ölçüdə boşluq saxlanılır ki, həmin hissədən ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsi ilə gövdəyə üflənir.

Sağ və sol əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla səs ucalıqlarını almaq mümkün olur. Onun səs düzümü kiçik oktavanın "si" səsindən üçüncü oktavanın "do" səsinə qədərdir. Mahir ifaçılar bir neçə səs də əlavə edə bilirlər.[2]

Ölçüsünə görə böyükkiçik (cürə, pikkolo) olur. Cürə tütəyin borusunun uzunluğu kiçik olduğundan digər tütəklərə nisbətən səsi qışqırıqlı çıxır.

Tütəyin digər növləri:

  • Çoban tütəyi
  • Quş tütəyi
  • Gil tütək [3].
  1. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 225. ISBN 978-9952-34-152-2
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Tütək Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine
  3. Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]