Nikka Yuko yapon bağı

Nikka Yuko yapon bağı (日加友好日本庭園, Nikka Yuko Nihon Teyen?)Kanadanın Alberta əyalətinin Letbric şəhərində, Henderson gölünün kənarında yerləşən yapon bağı. Bağ 1971-ci ildə Vinsent Messi mükafatına layiq görülmüşdür.[1]

Nikka Yuko yapon bağı
Məlumatlar
Parkın tipi yapon bağı
Ölkə
Yerləşməsi Letbric, Alberta, Kanada Kanada
Yaradılıb 1967
Saytı nikkayuko.com
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Bağ 1967-ci ildə Letbricdə yaşayan yapon icmasının töhfələrini və Kanada–Yaponiya dostluğunu qeyd etmək münasibətilə yaradılmışdır.[2] Bağın adı "ni" (yapon dilində "nihon" "Yaponiya" deməkdir), "ka" ("Kanada" sözünün qısaltması) və "yuko" (yapon dilində "dostluq" deməkdir) sözlərinin birləşməsindən yaranmışdır.[2]

Albertada yapon bağı ideyasının təşəbbüskarları kanadalı buddist keşişi Yutetsu Kavamura, onun həyat yoldaşı Yoneko və "Lethbridge Herald" qəzetinin naşiri Kleo Movers olmuşdur.[2] Şəhərin turizm təşkilatının meneceri Kurt Steyner ideyanı eşitdikdən sonra onu təbliğ etmək qərarına gəlmişdir.[2] Bağın dizayneri Osaka Universitetinin memarı Tadaşi Kubo olmuşdur.[2] Onun universitetdən həmkarı Masami Suqimoto da bağın tikintisində iştirak etmişdir.[2]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Şahzadə Ayako bağın 50 illik tədbirində.

Bağ həm Yaponiya, həm də Kanada mədəniyyətinin xüsusiyyətlərini daşıyır.[2] Cənubi Alberta təbiətinin mənzərəsini nümayiş etdirməklə yanaşı yapon fəlsəfəsinin elementlərini özündə birləşdirir.[2] Yapon bağında su vacib element olduğu üçün burada şəlalə, çay və gölməçə yaradılıb.[2]

Qayalar bağın görkəmli xüsusiyyətlərindən biridir.[2] Yaxınlıqdakı dağ keçidindən gətirilmiş qayalar şibyələrlə bəzədilmişdir.[2] Hər biri bir neçə ton olan qayalar kranla yerləşdirilib və yerləşməsi zamanı hər bucaq nəzərə alınıb.[2] Qayalar vasitəsilə yaradılmış və tısbağa formasında olan adacıq yapon uzunömürlülüyünü simvolizə edir.[2]

Bağın struktural komponentləri Kioto şəhərində hazırlanmışdır.[2] Çay evi, zəng gülləsi, azumaya, darvazalar və körpülər ağacdan tikilmişdir.[2] Zəng gülləsi üçün xüsusi olaraq hazırlanmış Dostluq zəngi Kiotoda hazırlanmışdır.[2] Kioto sənətkarları tərəfindən hazırlanmış daş fənərlər zəng gülləsinin qarşısında yerləşir və gölməçəyə tərəf baxır.[2] Fənərlərin yerləşdirilməsi zamanı yapon ənənəsindən istifadə olunub.[2] Bağdakı daş paqoda beş mərtəbəlidir: mərtəbələr torpaq, alov, su, külək və səmanı simvolizə edir.[2]

Tədbirlər[redaktə | mənbəni redaktə et]

Yapon bağı ziyarətçilərin üzünə açıqdır.[2] Burada Yaponiya, eləcə də, Kanadanın mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilir.[2] Burada yerli sənətkarların sərgiləri, tsukumi tədbirləri və çay mərasimləri baş tutur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Simmins, Geoffrey. "Japanese Gardens in Canada". The Canadian Encyclopedia (ingiliscə). 4 mart 2015. 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 "History". Rəsmi sayt (ingiliscə). 14 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]