Nikki (日記?, azərb. "gündəlik") – ənənəvi Yaponiya ədəbiyyatında janr. Yüksək ədəbi dəyərə malik gündəliklər və ya gündəlik formasında olan hekayələrdən ibarətdir.[1]
Yaponiyada ilk gündəliklər Çindəki rəsmi hökumət gündəlikləri əsasında formalaşmışdır. Çində rəsmilər imperatorun hərəkətlərini və dediklərini qeyd etmək üçün gündəliklərdən istifadə edirdilər. Bu ilk gündəliklər VII əsrdə Ritsuryo sisteminin qurulmasından sonra dövlət əhəmiyyətli və siyasi hadisələri təsvir edən rəsmi qeydlərə çevrilmişdir. Onlar Çin dilində yazılırdılar. Heyan dövründən etibarən hökumət rəsmiləri şəxsi gündəliklər yazmağa başlamışdırlar. Onlar şəxsi gündəliklərdə gördükləri işləri və onları sarayda narahat edən şeyləri qeyd edirdilər. Bu cür şəxsi gündəliklər çincə və ya yaponlaşdırılmış çincədə yazılırdı.[1]
Ədəbi əhəmiyyəti təsdiqlənən ilk gündəlik 935-ci ildə Ki no Tsurayuki tərəfindən yazılmış "Tosa gündəliyi"dir. Ki no Tsurayuki hökumət rəsmisi idi və statusunun gətirdiyi məhdudiyyətlərdən yayınmaq üçün gündəliyi qadın təxəllüsü ilə yazmış, kanalardan istifadə etmişdir. O, gündəliyində müxtəlif təcrübələrini və səyahətlərini bölüşmüş, emosiyalarını büruzə verməkdən çəkinməmişdir.[1]
X və XI əsrlərdə yazılan nikkilərin çoxu qadın müəlliflərə məxsusdur. Sarayda yaşayan qadınlar tərəfindən yazılan və oço nikki olaraq adlandırılan bu gündəliklər hadisələri olduğu kimi deyil, xatirələr şəklində təsvir edirdi. Odur ki, onların retroprespektiv məzmunu həmin gündəlikləri bədii etmişdir.[1]
Bu gündəliklərin müəllifləri səmimi şəkildə özlərini ifadə etmələri ilə seçilirlər. 974-cü ildə Fucivara no Miçitsunanın anası tərəfindən yazılmış "Gündəcə gündəliyi" əsərində bir qadının həyatının bütün aspektləri təsvir olunmuşdur. Bu əsər növbəti dövrlərdəki qadın yazarlara böyük təsir göstərmişdir. 1008-ci ildə ildə yazılmış "İzumi Şikibunun gündəliyi" İzumi Şikibuya aid edilsə də, bəzi mütəxəssislər gündəliyin başqa qadın tərəfindən yazıldığını güman edirlər. Gündəliyin əsas mövzusu sevgi və ehtirasın müvəqqətiliyidir. 1010-cu ildə yazılmış "Murasaki Şikibunun gündəliyi" isə eyniadlı müəllifə məxsusdur. Murasaki Şikibu bu gündəlikdə saray həyatını ətraflı şəkildə təsvir etmiş və əhəmiyyətli rəylər bildirmişdir.[1]
Suqavara no Takasuenin qızı tərəfindən 1060-cı ildə yazılmış "Saraşina gündəliyi"ndə müəllif dünyanı nağıllarda olduğu kimi arzuladığı gəncliyini və bu arzularından peşmançılığını təsvir etmişdir. Eyniadlı müəllif tərəfindən 1112-ci ildə yazılmış "Sanuki no Sukenin gündəliyi" imperatora qarşı hiss edilən sevgidən bəhs edir. Bu gündəliklər Heyan dövründə nikki ədəbiyyatının çiçəklənməsinə aid nümunələr hesab olunur.[1]
Orta əsrlərdə yazılmış nikkilərə 1219-cu ildə yazılmış "Kenşun Monin no Çunaqonun gündəliyi", 1246-52-ci illərdə yazılmış "Ben no Nayşinin gündəliyi" və 1280-ci ildə Abutsu Ni tərəfindən yazılmış "Batan ay gündəliyi" aiddir. Bu dövrdə "Kaydoki" (1223) və "Tokan Kiko" (1242) kimi səyahət gündəliklərinin sayı artmışdır. İlk gündəliklərdən fərqli olaraq bu gündəliklərdə hadisələr ətraf əyalətlərdə baş verir. 1307-ci ildə yazılmış "Tovazuqatari" gündəliyində Qo-Fukakusain no Nico cinsi istəklərini və rahibə kimi yaşadığı çətinlikləri təsvir etmişdir. Matsuo Başonun yeddi aylıq səyahətini təsvir edən "Daxilə doğru dar yol" (1694) və Kobayaşi İssa tərəfindən yazılmış "Atanın son günləri haqqında gündəlik" (1801) də nikki hesab olunur. Bu dövrdə yazılmış gündəliklər gündəlik hadisələri və şayiələri qeyd edirdi.[1]
Müasir dövrdə etiraf xarakterli gündəliklər yazılmağa başlamışdır. Bu cür gündəliklərə Hiquçi İçiyo tərəfindən yazılmış "İçiyo gündəliyi" (1912), Doppo Kunikida tərəfindən yazılmış "Yalansız gündəlik" (1893-97), Natsume Sosekinin gündəlikləri və Kafu Naqay tərəfindən yazılmış "Dançotey Niçico" (1946–47) aid edilir.[1]