Nima Yuşic

Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı.

Nima Yuşic
Doğum tarixi 12 noyabr 1895(1895-11-12)[1]
Vəfat tarixi 4 yanvar 1960(1960-01-04) (64 yaşında) və ya 6 yanvar 1960(1960-01-06)[2] (64 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Fəaliyyəti şair, müəllim, yazıçı, ədəbiyyat tənqidçisi
Əsərlərinin dili fars dili, Mazandaran dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır. Nima yazıb-oxumağı kənd mollasından öyrənmiş və 12 yaşında ikən ailəsi ilə birlikdə Tehrana köçmüşdür. Rəşidiyyə mədrəsəsi gələcək şairin təhsil aldığı ilk elm ocağıdır. Nima bu mədrəsəni bitirdikdən sonra fransız dilini öyrənmək həvəsi ilə "Sən Lui" kollecinə daxil olur. Bu kollecdə istədiyi dili öyrənməklə yanaşı, o dövrün məşhur şairlərindən olan Ustad Nizamvəfanın diqqətini cəlb etdi. Ustad Nizamvəfa onda şeir və şairlik istedadını hiss edir və onu elmə, ədəbiyyata təşviq edir. Nimanın gənclik illəri eşq və aşiqlikdə keçdi. O, iki dəfə eşq macərasında məğlub olduqdan sonra yanıqlı və pərişan halda şeir və şairliyə üz qoydu. Nima fransız dilini mükəmməl bildiyi üçün Avropa azad şeirini dərindən araşdırdı və bu şeir üslubu ilə yaxından tanışlıq onu həmin dövrdə geniş yayılmış hər növ qafiyədən və vəzndən uzaq, rəmzi dildən istifadə etməyə təşviq etdi. Nimanın müasir azad şeir üslubunda yazdığı ilk şeirinin çap olunması ilə İranın şeir və şair bazarında əsaslı dəyişiklik baş verir. Bu hadisə onun adını elmi və ədəbi məclislərdə dillər əzbəri etməkdən əlavə, yeni şairə qarşı etirazlar dalğasının baş qaldırmasına da səbəb oldu. Mühafizəkarlar və qədim üslub tərəfdarları onu qədim abırlı ədəbiyyatın məhvinə səbəb ola biləcək bir yola başladığını hesab etdikləri halda bəziləri şairin istedadını yüksək qiymətləndirib Nimanın cərəyanın zühuru saydılar. ("Ey gecə") Bundan sonra şairin şah əsəri sayılan "Əfsanə" şeiri onun daha da məşhurlaşmasına səbəb oldu.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Fars poeziyasında yeni şeirin ("şe’re-nou") atası sayılan Nima Yuşic ilk təhsilini mollaxanada alıb. 12 yaşında ailəsi ilə birgə Tehrana köçən Nima burada Sen-Lui kollecində oxuyub və fransız dilini mükəmməl öyrənib. Özünün dediyinə görə, fransız dilini öyrənmək onun qarşısında yeni dünya açıb.

1920-ci illərdə yazdığı bir neçə əsərlə ("Əfsanə", "Məhbəs", "Əsgər ailəsi", "Ey gecə!" və s.) o, fars poeziyasında sərbəst şeirin ("şe’re-azad") əsasını qoyub. Klassik ənənələrlə modernizmin təcrübəsini uğurla birləşdirən Nima fars şeirinə yeni baxış ("dide-taze") və yeni ifadə sistemi ("bafte-taze") gətirib. Nima həm də yeni şeirin nəzəriyyəçisi kimi çıxış edib. Onun müxtəlif məqalələrinin toplandığı "Hisslərin dəyəri" adlı kitabı fars modernist poeziyasının manifesti sayılır.

XX əsr fars modernist şairlərinin hamısı bu və ya digər dərəcədə Nimadan təsirlənmişlər. Təsadüfi deyil ki, İranda sərbəst şeirə həm də "Nimasayağı şeir" ("şe’re-Nimayi") deyilir.

İran azad şeirinin atasını tanımaqda şairin özünə xitabən yazdığı məktub böyük əhəmiyyət kəsb edir: "… Mən bir tikanam ki, təbiət məni əlil və kor gözlər üçün yaradıb. Məqsədim o xidmətdir ki, başqaları təbiətin onlar üçün təyin etdiyi düşüncə və hiss zəifliyi və düz yoldan azmaqları səbəbindən o xidmətləri yerinə yetirməkdən acizdirlər …"

Nima Yuşicin ən məşhur əsərləri aşağıdakılardır:

  1. "Əsgər ailəsi",
  2. "Soyuq qanın qaçmış rəngi",
  3. "Manli",
  4. "Maxula",
  5. "Gecə şəhəri,
  6. "Sübh şəhəri",
  7. "Mənim şeirim",
  8. "Qarışqalar yuvasında su",
  9. "Digər fəryadlar və rəng hörümçəyi".[4]
  1. Nima Yushij // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  2. Library of Congress Authorities (ing.). Library of Congress.
  3. "Nima Yuşic: İran azad şeirinin atası, Hikmət jurnalı, 2009, Say. 14, Səh. 164" (PDF). 2021-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-25.
  4. "İran azad şeirinin atası Nima Yuşic, Hikmət jurnalı, 2009, Say.14, səh.166" (PDF). 2021-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]