Niyazinin heykəli — Bakı şəhərində məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982) Niyazinin şərəfinə ucaldılmış heykəl.[1]
Niyazinin heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Bakının Niyazi küçəsində yerləşən parkda |
Heykəltaraş | Ömər Eldarov |
Memar | Elbay Qasımzadə |
Material | bürünc |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.[2][3]
Ömər Eldarov heykəl barədə bunları demişdir:[4]
Bəli, bu, mənim sonuncu işimdir. Heykəl bürüncdəndir. Kompozisiyada - Niyazi dirijorluq edərkən təsvir olunub. Bu planda Niyazi çox plastik və təsirlidir. Abidənin hündürlüyü 3 metrdir. Qranitdən olan pedestal hansısa mənada royalı təcəssüm edir. Niyazi çox yaxşı drijorluq edirdi. Mən bundan istifadə etdim və onun hərəkətlərini daha ifadəli çatdırmağa çalışdım. Buna nə dərəcə nail olduğumu ictimaiyyət deyəcək. Abidə Prezident Adminstrasiyasının binasından bir qədər aralıda, Niyazi küçəsində ucaldılıb. Ətrafda fəvvarələr və 2 şəlalə olacaq. Axan su kompleksinin ortasında o, dirijorluq edir. Bu, çox cazibədardır, ona görə də, mən bu işə razılaşdım.
Heykəlin açılışı 2 fevral 2017-ci il tarixində baş tutmuşdur. Heykəlin açılışına prezident İlham Əliyev, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltaraş Ömər Eldarov da qatılmışdırlar.