Nizami Əlipaşa oğlu Mirzəyev (1 mart 1949, Xanagah, İsmayıllı rayonu) — "Təhsil" jurnalının baş redaktoru, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü, "Qızıl qələm", "Araz", "Məmməd Araz" və "Azərbaycan bayrağı" Ali Ədəbi Media mükafatları laureatı, Prezident təqaüdçüsü.
Nizami Mirzə | |
---|---|
Doğum tarixi | 1 mart 1949 (75 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, publisist |
Üzvlüyü |
Nizami Əlipaşa oğlu Mirzəyev 1949-cu il martın 1-də Ismayıllı rayonunun Xanagah kəndində dünyaya göz açııb. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə İsmayıllı şəhər 1 nömrəli orta məktəbdə başa vurub.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinin əyani şöbəsini bitirərək ixtisası üzrə müəllim kimi əmək fəaliyyətinə başlayıb.
Həmin ilin payızından etibarən bir il Moskva vilayətinin Aleksandrov şəhərində hərbi xidmətdə olub. Saatlı və İsmayıllı rayonlarında bir müddət müəllim işləyib. Daha sonra Bakıya köçərək tələbə və fəhlə yataqxanalarında tərbiyəçi müəllim, MİS-də təşkilatçı pedaqoq və yataqxana müdiri vəzifələrində çalışıb. Bir sözlə, bütün fəaliyyəti zamanı yeniyetmələrin və gənclərin tərbiyəsi ilə məşğul olub. Harada işləməsindən asılı olmayaraq 1970-ci illərdən dövri mətbuatda maraqlı bədii əsərləri, publisistik yazıları, aktuallığı ilə seçilən məqalələri, zamanın nəbzini tutan oçerkləri, xəbər və zarisofkaları ilə çıxış edir. Hələ 1983-cü ildə "Kommunist" qəzetində dərc edilmiş "Evimizə gəlin gəlir" yumoristik hekayəsi ilin ən yaxşı yazısı adına layiq görülmüş və müəllif pulla mükafatlandırılmışdır. Bir sıra mətbu orqanlarda ştatdankənar müxbir kimi fəaliyyət göstərən Nizami Mirzə 2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan müəllimi" qəzetinə bölgə müxbiri vəzifəsinə dəvət edilir. Həmin ildə "Azərbaycan müəllimi" qəzetində bölgə müxbiri kimi fəaliyyətə başlayan Nizami müəllim 2007-ci ildə müxbir, daha sonra xüsusi müxbir vəzifələrində işləmişdir. Şəxsi qabiliyyəti, yaradıcılıq istedadı, səmimiyyəti və yüksək intellektual səviyyəsi ilə kollektivin və nazirliyin dərin hörmətini qazanan Nizami Mirzə 2010-cu ildə Təhsil Nazirliyinin "Təhsil" jurnalına baş redaktor müavini vəzifəsinə keçirilmişdir. Burada da peşəkarlığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Nizami Mirzəyev 2013-cü ilin yanvar ayının 8-də təhsil nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan "Təhsil" jurnalına baş redaktor təyin edilmişdir.
Nizami Mirzə geniş oxucu auditoriyası tərəfındən maraq və məhəbbətlə qarşılanan "Mavi gözlər", "Ömür yolu", "Ayrılığın üzü dönsün", "Qatil", "Ömürdən ötən illər" və "Cığırdan zirvəyə" kitablarının müəllifidir.
Geniş oxucu auditoriyasının daha çox marağına səbəb olan və oxucular tərəfindən sevilə-sevilə oxunan bir sıra əsərləri: — "Sarıca", "Mavi gözlər" povestləri, "Qatil", "Qanlı qərənfil", "Sonuncu güllə", "Açılan gözlər", "Yanıq Kərəmi", "Qönçə qızılgül", "Yaşıl pöhrə" hekayələri, "Evimizə gəlin gəlir", "İş axtarıram, ay dədə", "Müasir ola bilmirəm, ay dədə" yumoristik hekayələri, "Soldış olmağın böyük bəlası" yumoristik novellası və "Səninləyəm hər an" mənsur şeiri toplu şəkildə 2006-cı ildə "Araz" nəşriyyatı tərəfindən "Qatil" adı ilə kitab kimi dərc edilmişdir. Yenicə işıq üzü görmüş "Qatil" kitabı müəllifinə böyük uğur gətirmişdir.
Belə ki nəşriyyatın münsiflər heyətinin qərarı ilə "Sarıca" povesti "İlin ən yaxşı əsəri", "Qatil" kitabı isə "İlin ən yaxşı kitabı" adlarına layiq görülmüş və "Məmməd Araz" Ədəbi Media mükafatı ilə mükafatlandırılmışdır. Kitab həmçinin Azərbaycan KİVİHİ-nin Rəyasət Heyətinin qərarı ilə "Qızıl qələm" Ali Ədəbi Media mükafatına layiq görülmüşdür.
Nizami Mirzəyev həmçinin "İlin ən yaxşı əsəri" və "İlin ən yaxşı kitabı" nominasiyalarının qalibi olmuşdur.
Nizami Mirzə yaradıcılıq uğurlarına görə "Qızıl qələm", "Araz", "Məmməd Araz" və "Azərbaycan bayrağı" Ali Ədəbi Media mükafatları laureatıdır. Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvüdür. 2019-cu ildə 70 yaşının tamam olması münasibətilə Azərbaycan Yazıçılar Birliyinin təqdimatına əsasən bir illik Prezident təqaüdünə layiq görülmüşdür. Hazırda "Təhsil" jurnalının baş redaktorudur. Bir qızı, üç nəvəsi var.