Nyonin kinsey (女人禁制?) və ya nyonin kenkay[1] (女人結界?) – Yaponiyada qadınların müəyyən yerlərə daxil olmasının qadağan olduğunu bildirən termin. Əsasən məbəd və dağ kimi müqəddəs yerlərə qadınların daxil olması tabu hesab olunsa da, sumo və balıqçılıq kimi məşğuliyyətlərə də qadınların qatılması nyonin kinsey hesab olunur. Müasir dövrdə bu ənənə əvvəlki əhəmiyyətini itirmişdir.[2]
Nyonin kinsey praktikasına əsasən Yaponiyada qadınların məbəd, monastır, bəzi dağlar kimi müqəddəs yerlərə və ya festival, mərasim kimi dini tədbirlərə qatılması qadağandır. Qədim Yaponiyada qadının cəmiyyətdəki yeri yüksək olsa da, buddizmdə menstruasiya qanı və uşaq doğumu ilə bağlı tabular bu praktikanın ortaya çıxmasına səbəb olmuşdur.[2]
1872-ci ildə Meyci hökuməti qadınların bütün dağlara, məbədlərə, səcdəgahlara girişini leqallaşdırsa da,[1] bəzi müqəddəs yerlərdə hələ də qadınların girişinə icazə verilmir. Koya, Hiey, Ontake kimi şintoizm və buddizm üçün müqəddəs olan dağlar qadınlar üçün qoyulmuş qadağaya görə tanınmışdır.[2] Nara prefekturasında yerləşən Omine dağında hələ də nyonin kinsey qüvvədədir və dağa ancaq kişilər dırmaşa bilərlər. Bu praktika VII əsrdən etibarən tətbiq olunmağa davam edir.[3]
Nyonin kinsey dini məkanlarla yanaşı balıqçılıq, ovçuluq, inşaat, suşi və sake hazırlamaq, dulusçuluq kimi məşğuliyyətləri və sumo kimi idman növlərini də əhatə edir.[4] Balıqçılar qayıq ruhu olan Fudomanı qəzəbləndirməmək üçün qayığa qadınların minməsinə icazə vermirdilər.[2] Qadınların sumo idmanına qatılması tabusu müasir dövrdə də davam edir. Sumo ənənələrindəki kami rituallarına əsasən qadınların sumo rinqinə daxil olmaları qadağandır.[4]