Oğbin – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Almalı kəndinin yaxınlığında yerləşirdi.
Toponim qədim türk dilində "tayfa ittifaqı", "boy təşkilatı" mənasında işlənən "oğ" (ok) sözündən və qıpçaq türk tayfasının tərkibində adıçəkilən "min" (bin) etnonimindən əmələ gəlmişdir.[1]
Kənddə 1831-ci ildə 37 nəfər azərbaycanlı, 1873-cü ildə 104 nəfər azərbaycanlı, 57 erməni, 1886-cı ildə 169 nəfər azərbaycanlı, 62 erməni, 1897-ci ildə 245 nəfər azərbaycanlı, 104 erməni, 1914-cü ildə 531 nəfər azərbaycanlı və erməni yaşamışdır.[2] Ermənilər buraya 1870-ci illərdə köçürülmüşdür. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur.[1]
İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar 1924–1925-ci illərdə doğma yurdlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır.[2] SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda kəndin xarabalıqları qalır.[1]