Olivera Despina Xatun

Olivera Despina Xatun (13721444[1]) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı.[2]

Olivera Despina Xatun
"Knyaz Lazar və ailəsi" (soldan birinci)
"Knyaz Lazar və ailəsi" (soldan birinci)
Şəxsi məlumatlar
Doğum tarixi 1372
Vəfat tarixi 1444[1]
Fəaliyyəti əsilzadə
Atası Lazar Xrebelyanoviç
Anası Militsa Xrebelyanoviç
Həyat yoldaşı
Uşaqları Uruz Xatun
Paşa Mələk Xatun

1372-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası Serbiya knyazı Lazar Xrebelyanoviç, anası isə kraliça Militsadır. Ailəsinin altıncı övladı olan Oliveranın yolu Osmanlılarla ilk dəfə 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə kəsişdi. Belə ki, qəti Osmanlı qələbəsiylə nəticələnən döyüş əsnasında atası həlak olmuş, Osmanlı sultanı Murad Hüdavəndigar isə serb əsilzadəsi Miloş Obiliçin tərtiblədiyi sui-qəsdlə qətlə yetirilmişdi. Atasının ölümündən sonra hakimiyyəti ələ alan anası kraliça Militsa və qardaşı Stefan hakimiyyəti əllərində saxlamaq üçün Osmanlı təbəəliyini qəbul etməyə məcbur oldular.

Yenicə taxta çıxan Osmanlı sultanı İldırım Bəyazidlə aparılan danışıqlar nəticəsində 1391-ci ildə tərəflər arasında sülh bağlandı. Sülhün şərtlərinə görə, Serbiya knyazlığı Osmanlı təbəəliyini qəbul etdi və illik xəracla tələb olunduğu halda əsgər göndərməyi öhdəliyinə götürdü. Bunun qarşılığında isə Osmanlılar daha öncə fəth olunan Səməndirə qalası və ətrafını serblərə geri verdilər. Sülhün təminatı olaraq isə yeni knyaz Stefan Lazareviçin bacısı olan Olivera Despina Osmanlı sultanıyla evləndirildi. Sultanla olan evliliyinə baxmayaraq Olivera Despina Xatun İslam dinini qəbul etmədi və ölümünə qədər pravoslav xristian olaraq qaldı. Bu evliliyin ardından serblərlə Osmanlı dövləti arasında yaxın əlaqələr quruldu. Belə ki, Niqbolu (1396) və Ankara döyüşlərində (1402) serblər öz hərbi birlikləriylə Osmanlı cəbhəsində vuruşmuşdur.

Bir çox mühüm Osmanlı tarixçisinə görə, Olivera Despina Xatun İldırım Bəyazidin içkiyə qurşanmasının baş səbəbkarıdır. Belə ki, bu evliliyin ardından Bursa sarayında keçirilən içkili məclislər və əyləncələrin sayı artmışdır. Ancaq İldırım Bəyazidin 1390-ci ildə çıxdığı Anadolu səfərinə qatılan Bizans imperatoru II Manuil Paleoloq öz xatirələrində Osmanlı sultanını içki aludəçisi olaraq qeyd edir. Üstəlik yenə onun xatirələrinə görə, Osmanlı ordusunun qərargahlarında və ordunun qışlaq məkanlarında tez-tez içkili məclislər quurlur, Osmanlı sultanı da bu məclislərdə yaxından iştirak edirdi. Buna görə də, onu içkiyə qurşandıranın Olivera Despina Xatun olmadığı sübut olunur.

20 iyul 1402-ci ildə baş tutan Ankara döyüşündəki məğlubiyyətin ardından əri İldırım Bəyazid, oğulları Mustafa ÇələbiMusa Çələbiylə birlikdə Teymurilərə əsir düşdü. Ardından 3 avqustda Bursaya hücum edən Teymurilərin şəhəri yağmalaması əsnasında ələ keçirilən Olivera Despina Xatun və 2 qızı əsir alınaraq Kütahyada olan Əmir Teymurun yanına göndərildi. Burada əsarətdə tutulan əri İldırım Bəyazidlə bir yerdə saxlanılan Olivera Despina Xatun, bəzi oryantalist mənbələrə görə, keçirilən bir məclisdə içki paylamış, ancaq bu hadisə nə Teymuri, nə də Osmanlı mənbələrində qeyd olunmamışdır. Özüylə birlikdə əsir alınan qızları 1403-cü ildə Əmir Teymur tərəfindən evləndirildilər. Böyük qızı Uruz Xatun əmirin nəvəsi Əbubəkr Mirzəylə, digər qızı Paşa Mələk Xatun isə məşhur Teymuri əmiri Şəmsəddin Məhəmmədin oğlu Əmir Cəlaləddinlə evləndirildi.

Əri İldırım Bəyazidin 8 mart 1403-cü ildə əsarət altında vəfat etməsinin ardından, ərinin cənazəsi Musa Çələbinin rəhbərliyiylə Bursaya göndərildi. Cənazəylə birlikdə mərhum sultanın əsir tutulan ailə üzvləri, eləcə də Olivera Despina Xatun azad edildi. Bir müddət Bursada yaşadıqdan sonra davam edən taxt mübarizəsindən bezən Olivera Despina Xatun Serbiyaya geri döndü. Bir müddət Belqradda yaşadı. Belə ki, 1427-ci ildə qardaşı Stefan Lazareviçin ölüm xəbərini gətirən elçini Belqradda qarşılayanlar arasında Olivera Despina Xatun da var idi. Qardaşının vəfatından sonra macarların Belqradı işğal etməsiylə Olivera Despina Xatun da Səməndirəyə köçdü. 1443-cü ilin martında vəfat edən bacısı Yelenanın vəsiyyətnaməsinə əsasən, müəyyən bir məbləğ aldı və bu vəsiyyət sənədi onun adına hazırlanan son sənəddir. Bu səbəblə onun 1444-cü ildə vəfat etdiyi güman edilir.

  • Sakaoğlu, Necdet, Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler, Oğlak Yayıncılık. (2008) ISBN 978-9-753-29623-6
  • Bahadıroğlu, Yavuz, Resimli Osmanlı Tarihi, Nesil Yayınları, 15. Baskı, 2009, ISBN 978-975-269-299-2
  • Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-975-437-840-5
  1. 1 2 Deutsche Nationalbibliothek Record #14203147X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Peirce, Leslie P., The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire, Oxford University Press, 1993, ISBN 0-19-508677-5