Mustafa Çələbi (I Bəyazidin oğlu)

Mustafa Çələbi (1380, Ədirnə, Frakiya[d]1422) — 4-cü Osmanlı padşahı İldırım Bəyazidin Dövlət Şah Xatundan doğulan ən böyük oğludur.

Mustafa Çələbi
Şəxsi məlumatlar
Doğum tarixi 1380
Doğum yeri
Vəfat tarixi 1422
Vəfat səbəbi asılma[d]
Atası İldırım Bəyazid

Mustafa Çələbi 1402-ci ildə Ankara döyüşündə iştirak etmişdir. Atası ilə birlikdə Əmir Teymura əsir düşmüş və Səmərqəndə aparılmışdır. Atasının vəfatından bir müddət sonra 1405-ci ildə Anadoluya geri qayıtdı, əvvəlcə Niğdəyə, daha sonra isə Kastamonuya getdi. 1416-cı ildə Venesiyanın yardımıyla Rumeliyə və Valaxiya qaçdı və burada bəzi sancaqbəylərinin, eyni zamanda Bizans imperatoru II Manuilin, Valaxiya çarının və bəzi Avropa dövlətlərinin dəstəyini aldı. Topladığı qoşunla Selanikdə I Mehmedlə toqquşdu. Bu döyüşdə ağır itkilər verdi və Selanikə çəkildi. Mustafa Çələbinin Selanikə sığınması I Mehmedlə Bizans imperatoru II Manuil arasındakı münasibətləri pozdu. Münasibətlərin düzəldilməsi üçün qısa zamanda danışıqlar başladı. Nəticədə iki dövlət arasında razılığa gəlindi. Bizans imperatoru II Manuil illik 900 min axca qarşılığında Mustafa Çələbinin Limni qalasında həbs olunmasına razılıq verdi.

Ancaq I Mehmedin vəfatından sonra bu razılaşma pozulmuş, II Manuil Limnidə həbs olunan Mustafa Çələbini Gəlibolu bölgəsi qarşılığında azad etdi. Mustafa Çələbi Osmanlı sultanı elan olundu və böyük bir Bizans donanması ilə Rumeliyə keçdi. Mustafa Çələbi xüsusilə İzmiroğlu Cüneyd bəyin köməyilə digər Rumeli bəylərinin də dəstəyini aldı. II Muradın sədrəzəmi Amasyalı Bəyazid Paşa Ədirnədə topladığı orduyla Sazlıdərədə Mustafa Çələbi ilə qarşı-qarşıya gəldi. Döyüşün kritik anında sədrəzəm ordusunun bir qisminin Mustafa Çələbinin tərəfinə keçməsilə II Muradın ordusu məğlub oldu və Sədrəzəm Amasyalı Bəyazid Paşa təslim oldu. İzmiroğlu Cüneyd bəyin təkidilə əsir tutulan Bəyazid Paşa edam edildi və Mustafa Çələbi Ədirnəyə yola çıxdı. Osmanlının ikinci paytaxtı hesab olunan Ədirnədə böyük təntənə ilə qarşılanan Mustafa Çələbi burada öz adına xütbə oxudub pul kəsdirdi.

Ancaq Ədirnənin işğalından sonra ard-arda böyük səhvlər edən Mustafa Çələbi Bizansa vəd etdiyi Gəlibolu bölgəsini verməyərək ilk və əsas müttəfiqini itirdi. Daha sonra 12 min sipahi və 5 min piyadalıq orduyla Gəliboludan Anadoluya keçdi və Bursanın mühasirəsinə hazırlaşdı. Ancaq hələ yeni formalaşan bu ordu paytaxtın mühasirəyə alınmasında könüllü olmadı. Digər tərəfdən orduda müxtəlif şayələrin gəzməsi də bu mühasirənin qaldırılmasına səbəb oldu. Şayələrə görə Mustafa Çələbi İldırım Bəyazidin öz oğlu deyil, Bizans cəsusu idi. II Murad İzmirAydın bəyliklərini vəd etməsilə İzmiroğlu Cüneyd bəy də öz tərəfdaşları ilə Mustafa Çələbini tərk etdi. Geridə qalan dəstəylə geri çəkilən Mustafa Çələbi Ulubat ətrafında Hacı İvaz Paşa ilə toqquşdu və ağır itkilər verdi.

Daha sonra Mustafa Çələbi Gəliboluya qaçmağa məcbur oldu. Bizanslılardan gələcək yardımı gözləyən Mustafa Çələbi burada qalaraq çox vaxt itirdi. Bu vaxt ərzində II Murad artıq Gəliboluya gəlmiş və 2 min zirehli gəmiylə mühasirəyə hazırlaşırdı. Mühasirədən son anda qaçan Mustafa Çələbi Ədirnəyə getdi və buradakı xəzinəni alıb qaçdı. Ədirnəlilərin də dəstəyilə ələ keçirilən Mustafa Çələbi II Murada təslim edildi. Mustafa Çələbinin Ədirnə qalasının bürclərindən asılaraq edam edilməsilə illərdir davam edən Mustafa Çələbi problemi aradan qaldırıldı.

  • Sakaoglu, Necdet, "Mustafa Çelebi (Düzmece)", (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A. Ş. C.2 s.293 ISBN 975-08-0072-9