Onurğa beyni qişaları

Onurğa beyni qişaları

Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa sərt qişası – lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası – lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası – lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə – lat. exomeninx və daxili səfhə – lat. endomeninx. Bunların arasında maye toplanmağa başlayır; mayenin təzyiqi nəticəsində onların arasında sahə – subdural boşluq – lat. cavum subdurale əmələ gəlir. Sonradan xarici səfhə iki qata ayrılır: xarici və daxili qat. Xarici qat kəllə boşluğunda – sümüküstlüyünü və onurğa kanalında – beynin sərt qişasının xarici səfhəsini, daxili qat isə kəllədə beynin sərt qişasının daxili səfhəsini və onurğa kanalındasərt qişanın özünü (lat. dura mater spinalis) təşkil edir. Xarici və daxili qatların arasında qalan sahəyə kəllədə sərt qişaarası boşluq – lat. cavum interdurale və onurğa kanalında sərt qişaüstü boşluq – lat. cavum epidurale deyilir. Embrional həyatın ikinci yarısında daxilisəfhə də iki qata ayrılır: xarici və daxili qat; xarici qatdan hörümçək torunabənzər qişa (lat. arachnoidea) və daxiliqatdan yumuşaq qişa (lat. pia mater) əmələ gəlir. Bu qişaların arasında sahə meydana çıxır; həmin sahəyə hörümçək torunabənzər qişaaltı (subaraxnoideal) boşluq – lat. cavum subarachnoidale deyilir. Yuxarıda qeyd olunan sahələrin hamısı limfa ilə tutulmuş olur.

Onurğa beyninin sərt qişası – lat. dura mater spinalis sərt birləşdirici toxumadan təşkil olunmuş uzun və geniş bir kisə şəklindədir; xarici boşluq vasitəsilə onurğa akanalının sümük üstlüyündən (endorachis) ayrılmışdır; bu boşluğa sərt qişaüstü (epidural) boşluq – lat. cavum epidurale deyilir. Həmin boşluq zəngin venoz kələflərlə (lat. plexus venosi vertebrales interni) limfa yolları və bir qədər hücrəli toxuma ilə tutulmuşdur. sərt qişa ilə hörümçək torunabənzər qişa arasında yarıq şəklində boşluq qalır; buna sərt qişaaltı (subdural) boşluq – lat. cavum subdurale deyilir. Bu boşluq limfa ilə tutulmuşdur, o, yuxarıda kəllə daxilindəki eyni adlı boşluqla birləşir, aşağıda isə II oma fəqərəsi bərabərliyində qapalı surətdə tamam olur. Sərt qişanın ardı uc sap üzərinə keçir. Sərt qişa yuxarıda böyük ənsə dəliyinin kənarına möhkəm bağlanmışdır; yanlardan onun ardı çıxıntı şəklində fəqərəarası dəliklərə doğru gedərək, ventral və arxa köklərin bir-birinə yaxınlaşmış hissələrini və onurğa beyni qanqlionlarını örtdükdən sonra, onurğa beyni sinirlərinin xarici birləşdirici toxuma qişasına keçir. Öndən sərt qişa lat. ligamenta anteriora durae matris deyilən lifli dəstələr vasitəsilə onurğanın sümüküstlüyünə və dal boylama bağına bağlanmışdır. Bu üsulla onurğa beyninin sərt qişası onurğa kanalına fiksasiya olunur. Sərt qişanın epidural və subdural boşluqlara baxan səthləri endotel ilə örtülüdür.

Hörümçək torunabənzər qişa

[redaktə | mənbəni redaktə et]

Hörümçək torunabənzər qişa – lat. arachnoidea spinalis damarsız nazik birləşdirici toxuma qişadır; o, xaricdən və daxildən endotellə örtülüdür. Hörümçək torunabənzər qişa sərt qişadan subdural boşluq və yumşaq qişadan hörümçək torunabənzər qişaaltı (subaraxnoideal) boşluq – lat. cavum subarochnoidale deyilən geniş limfa sahəsi vasitəsilə ayrılmışdır. Bu boşluq beyin – onurğa beyni mayesi – lat. liquor cerebrospinalis adlanan şəffaf maye ilə tutulmuşdur. lat. Cavum subarachnoideale yuxarıda kəllə daxilində eyni adlı boşluqla birləşir; aşağıda böyük bir genişlik – uc sisterna – lat. cisterna terminalis əmələ gətirir. Bu genişlikdə at quyruğu yerləşir. Həmin sisternadan bel punksiyası etməklə beyin-onurğa beyni mayesini almaq olur. Subaraxnoideal boşluqda olan maye, epidural boşluqda olan hücrəli toxuma və venoz kələflər onurğa beyni üçün elastik yastıq vəzifəsini daşıyır; onlar gövdənin hərəkəti zamanı meydana çıxan vurğuları zəifləşdirib, onurğa beyni üçün yaxşı şərait yaradır. Hörümçək torunabənzər qişa boyun nahiyəsində dal-orta şırım boyu birləşdirici toxuma sapları vasitəsilə yumuşaq qişaya bağlanmışdır; bu saplar birlikdə ara boyun arakəsməsi – lat. septum cervicale intermedium adlanır. Həmin arakəsmə hörümçək torunabənzər qişadan başlayaraq onurğa beyninin dal orta şırımına daxil olur və onurğa beyninin fiksasiyasında iştirak edir.

Yumşaq qişa – lat. pia mater bir-birilə çarpazlaşmış kollagen və argentofil (gümüş duzalrı ilə boyanan) birləşdirici toxuma liflərində təşkil olunmuşdur; onurğa beynini bilavasitə xaricdən əhatə edir. bu qişa quruluş cəhətcə iki qatdan ibarətdir: xarici və daxili. Daxili qat bilavasitə onurğa beyninə bitişmişdir; xarici qat subaraxnoideal boşluq tərəfdən endotellə örtülüdür. Yumşaq qişanın qatları arasında yumşaq qişaarası boşluq – lat. cavum interpiale adlanan limfa sahəsi (perivaskulyar limfa sahələri) vardır. Onurğa beyninin yan tərəflərində, ventral və arxa köklər arasında, yumşaq qişadan kiçik səfhə şəklində 19-23 ədəd dişli bağ – lat. ligamentum denticulatum başlayır; bunlar frontal istiqamətdə düzülərək yanlara doğru gedir və bayır ucları bir qədər sivriləşərək hörümçək torunabənzər qişa ilə birlikdə sərt qişaya bağlanır. Həmin bağlar onurğa beyninin fiksasiyasında iştirak edir.

Onurğa beyni qişaları onurğa, dərin boyun və seqmentar arteriyalardan çıxan lat. rami spinales ilə qidalanır. Venoz qan daxili venoz onurğa kələflərinə (lat. plexus venosi vertebrales interni) toplanır. İnnervasiyası – onurğa beyni sinirlərindən çıxan lat. rami meningei adlı şaxələr ilə olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]