Oqtay Qasımov (geoloq)

Oqtay Qasımov (azərb. Oqtay Zeynal oğlu Qasımov‎; 10 yanvar 1934, Gəncə20 mart 2002) — geoloq.

Oqtay Qasımov
Oqtay Zeynal oğlu Qasımov
Oqtay Qasımov
Oqtay Qasımov
Doğum tarixi 10 yanvar 1934(1934-01-10)
Doğum yeri
Vəfat tarixi 20 mart 2002(2002-03-20) (68 yaşında)
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Politexnik İnstitutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Təhsili[redaktə | mənbəni redaktə et]

1934-cü il yanvarın 10-da Gəncədə anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, amma buranın bir neçə fakültəsi Azərbaycan Neft-Kimya İnstitununun nəzdinə verildiyinə görə 1958-ci ildə bu təhsil müəssisəsindən məzun olmuşdur. Təyinatla Neft Daşlarına işləməyə göndərilmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Neft Daşlarında işə usta köməkçisindən başlamışdı. Estakada və özüllərin qurulmasında fədakarlıqla çalışdı. Bacarığını qiymətləndirib usta işinə irəli çəkdilər. Sonralar ona iş icraçısı, sahə rəisi kimi məsuliyyətli vəzifələri də etibar etdilər. Qum adasında Azərneft qurğuları quraşdırma trestinin 5 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi, sonra rəisi vəzifəsinə irəli çəkildi. Oqtay Qasımov dənizin dibindən neft və qaz kəmərlərinin çəkilişi, dəniz estakadalarının qurulması sahəsində ilk azərbaycanlı mütəxəssislərdən hesab olunurdu. Dəfələrlə verdiyi səmərəli təkliflər bu sahədə işin daha etibarlı qurulmasına kömək göstərirdi.[1]

1971-ci ildə İraqla SSRİ arasında aparılan danışıqlara görə Şimali Rumeyla neft yataqlarının işlənilməsinə dair razılıq əldə olundu. Təcrübəli neftçi kimi Oqtay Qasımova neft qurğuları tikintisinin rəisi, sonralar isə baş direktorun tikinti məsələləri üzrə müavini vəzifələri həvalə olundu. Oqtay Qasımov Rumeylada şan-şöhrət qazandı. Neft quyusu özüllərinin möhkəm və etibarlı hazırlanması sahəsindəki səmərələşdirici təklifi haqqında İraq qəzetlərində yazılar dərc olundu və bu iş üsulu "Qasımov metodu" kimi sonralar da Şimali Rumeyla neft quyularının qurulmasında tətbiq edildi. Azərbaycana qayıtdıqdan sonra onu Bakıda Azərneft qurğuları quraşdırma trestinin 4 saylı tikinti-quraşdırma idarəsinə rəhbər təyin etdilər. Dəniz sularında yüksək təzyiqə davam gətirməyən boruların partlamaması üçün Oqtay Qasımovun icad etdiyi qurğu da gərəkli səmərəli təklif kimi qeydiyyatdan keçmişdi və uğurla tətbiq edilirdi.

1972-ci ildə Sabit Orucov SSRİ Qaz Sənayesi naziri təyin edildi. Azərbaycanın görkəmli neftçilərini yaxşı tanıyan və qiymətləndirən Orucov 1979-cu ildə Oqtay Qasımovu da Moskvaya dəvət etdi. Oqtay Qasımov SSRİ Qaz Sənayesi Nazirliyində tikinti-quraşdırma idarəsinin rəisi təyin olundu. Burada çalışarkən Oqtay Qara dənizdə ilk neft kəmərinin çəkilişinə, Baltik dənizində quyuların qazılması üçün özüllərin qoyulmasına, Oxot dənizində sualtı neft və qaz kəməri çəkilişinə rəhbərlik etdi.

1980-ci ildə SSRİ ilə Vyetnam Sosialist Respublikası arasında bağlanan müqavilə əsasında sovet mütəxəssisləri "Ağ pələng" adlandırılan ərazidə neft yataqlarının istismara hazırlanması üçün bu ölkəyə ezam edildilər. Onların arasında Oqtay Qasımov da var idi. "Vyetsovpetrol" İstehsalat Birliyində dənizdə tikinti işlərinin aparılması sahəsində vyetnamlı mütəxəssislərin hələ yetişmədiyini nəzərə alınaraq bu işlər "Xəzərdənizneftqaz" birliyinin baş direktorunun müavini Əhməd Zeynalova həvalə olunmuşdu. Dəniz platformaları isə Bakı "Dənizneftqaz" Elmi-Tədqiqat İnstitunun layihələri əsasında qurulurdu. Çünki dənizdən neft çıxarılmasında Bakı neftçilərinin təcrübəsi böyük idi. Bu təcrübənin tətbiqinə Vunqtauda "Vyetsovpetro"nun baş direktoru Feliks Arjanov və tikinti-quraşdırma idarəsinin rəisi Oqtay Qasımov rəhbərlik edirdilər. Vunqtauda salınmış "Bakı" şəhərciyində sovet mütəxəssisləri ilə birlikdə çalışan Oqtay Qasımov Sakit okeanın Cənubi Çin dənizində neft-qaz emalı müəssisələrinin tikintisinə rəhbərlik edirdi. Üç illik müqavilə müddəti bitdikdən sonra müəssisənin xahişi ilə daha iki il qalıb Vyetnam neftinin emalı sahəsində işlərə rəhbərlik etdi, yerli mütəxəssislər yetişdirdi. "Ağ pələng"də ilk istismar quyusu 1986-cı ildə neft verdi. Sovet mütəxəssislərinin burada çalışdığı müddətdə 9 stasionar dəniz platforması quruldu, 79 quyu qazıldı. Artıq 1988-ci il dekabr ayının 28-də "Ağ pələng"də 1 milyonuncu ton neft hasil olundu. Oqtay Qasımovun da fədakarlığı əvəzsiz qalmadı. Vyetnam qəzetləri onun haqqında məqalələr dərc etdilər. 1991-ci ildə Moskvaya qayıdaraq "Kareliyaneft"in Moskavadakı nümayəndəsi kimi çalışmışdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən Oqtay Qasımova dəfələrlə "Sosializm yarışının qalibi" adi verilmişdi.
  • Şimali Rumeyla neft sənayesinin ikinci növbəsinin tikintisində göstərdiyi şücaətə görə 1972-ci ildə SSRİ-nin İraqdakı səfirliyi tərəfindən adı "Şərəf kitabı"na yazıldı.
  • İraqın o vaxtkı prezidenti Əhməd Həsən əl-Bəkr Oqtay Qasımova ölkənin ali mükafatını - "Qızıl ordeni"i şəxsən təqdim etmişdi.
  • İraq neftinin çıxarılmasındakı xidmətlərə görə 1977-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olundu.
  • Qara dənizdə ilk qaz kəmərinin çəkilişindəki xidmətlərinə görə Oqtay Qasımov Ümumittifaq Xalq Təsərrüfatı Naliyyətləri Sərgisinin "Qızıl medal"ı ilə təltif olundu.
  • 1984-cü ildə neft və qaz sənayesinin inkşafındakı xidmətlərinə görə ona "SSRİ Qaz Sənayesi nazirliyinin fəxri işçisi" adı verildi.
  • Oqtay Qasımov Vyetnam Respublikasının "Dostluq" ordeni ilə təltif olundu.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Oqtay Qasımov 2002-ci il mart ayının 20-də vəfat etdi, Gəncədə dəfn olundu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Amalya Qasımova. "Dəniz cəsurları sevir" (az.). Xalq qəzeti. 2010-01-10. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.