Otuzillik müharibə 1618-1648 — Avropada ağalıq uğrunda: bir tərəfdən Papalığın, Almaniyanın katolik knyazlarının və Reç Pospolitanın dəstəklədiyi İspaniya və Avstriya Habsburqları ilə; o biri tərəfdən Fransa, İsveç, Danimarka, Birləşmiş Hollandiya respublikası, İngiltərə, Rusiya, Almaniyanın protestant knyazlarının qoşulduğu və Çexiya, Transilvaniya və İtaliyanın Habsburqlar əleyhinə hərəkatlarının da dəstəklədiyi koalisiya arasında müharibə.
Otuzillik müharibə | |||
---|---|---|---|
Tarix | 1618-1648 | ||
Yeri | Avropa(əsasən Almaniya) | ||
Nəticəsi | Vestfaliya sülhü | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Otuzullik müharibə protestantlarla katoliklər arasında dini müharibə kimi başladı, amma sonra öz mahiyyətini dəyişdi. O Avropada yaranmaqda olan burjua münasibətlərindən təsirlənmişdi, Niderland inqilabı və İngiltərə burjua inqilabı ilə qarşılıqlı bağlı idi. Habsburqlar Avropa feodal irticasının dayağı idi. Onların Avropa üzərində ağalıq niyyətləri, avstriyalı habsburqların başçılıq etdiyi, əslində müstəqil olan, amma formal olaraq "Müqəddəs Roma imperiyasına"daxil olan protestant knyazların müqavimətinə rast gəldi. Alman knyazlıqları faktiki olaraq müstəqil idi. 1576-cı ildə II Rudolfun taxta çıxmasından sonra Almaniyada protestantlara qarşı qovğalar başladı. Katoliklərin protestantlarla toqquşmaları əsnasında iki bir-birinə əksduran hərbi-siyasi qruplaşma yarandı: kurfürst Pfalslı V Fridrixin başçılığı altında Protestant uniyası (1608) və hersoq Bavariyalı Maksimilianın başçılıq etdiyi Katolik liqası(1609). Almaniyanın daxili ziddiyətlərindən Avropa dövlətləri yararlandı. Öz sərhədlərində habsburqların təsirinin güclənməsini istəməyən, eyni zamanda ətraf ölkələrə təsirini artırmaq istəyən Fransa protestant uniyasını dəstəklədi. Şlezviq-Holşteyn alman əyalətlərinə malik olan Danimarka, Şimali Almaniya knyazlıqlarına da iddia edirdi. İsveç Baltik dənizini "öz daxili dənizinə" çevirmək istəyirdi. Hollandiya İspaniyanın və Avstriyanın zəifləməsini və keçmiş Hanza ticarət yollarında öz ağalığını artırmaq istəyirdi. İngiltərə Habsburqlara qarşı olsa da, onun əleyhdarlarının da şimal-qərbi Almaniyada və Şimal dənizində güclənməsini istəmirdi. İngiltərənin Avropadakı və Yaxın Şərqdəki, xüsusi ilə Osmanlı imperiyası ilə bağlı, maraqları Fransa maraqları ilə toqquşurdu. Osmanlılar bu müharibədə iştirak etməsələr də, vəziyyətdən istifadə edib Balkanlarda möhkəmlənmək fikrində idilər. Onlar xristian dünyasının forpostu sayılan Avstriyanın məğlubiyətində maraqlı idilər. Rus dövləti isə Reç Pospolita ilə müharibə apardığına görə onun zəifləməsində maraqlı idi.
Tərəflərin qüvvələri, təşkilati baxımdan briqada və alaylara bölünən, 25-50 minə çatan daimi muzdlu ordulardan ibarət idi. Gücləndirilmiş muştraya baxmayaraq, bu orduların intizamı və döyüş hazırlığı yüksək deyildi. Aralarında ən yaxşısı İsveç kralı II Qustav Adolfun yenidən cərgə taktikası əsasında təşkil etdiyi İsveç ordusu idi. Bu ordunun tərkibində güclü milli özək var idi - azad kəndlilər və şəhərlilər. Ordu yüngülləşdirilmiş toplarla və yüksək atış sürəti olan və kağız patronlarla doldurulan muşketlərlə silahlanmışdı.
İsveç ordusunda piyada alayların 2/3-si muşketyörlardan və 1/3-i pikinyörlardan (başqa ordularda 1/3 müşketyor və 2/3 pikinyor) ibarət idi. Odlu silahın gücündən daha dolğun yararlanmaq üçün, Qustav Adolf piyadaların və süvarilərin dərin düzülüşündən 3-6 sıra düzülüşünə keçdi. İsveç və başqa orduların səhra artilleriyası yüngül və ağır batareyalardan ibarət idi. İsveç ordusunda hər 1000 nəfərə 5-12 top düşürdü, başqa ordularda 4-5.
1617-18-ci illərdə Habsburqlar, monarxiyanın daxilində müəyyən dini və siyasi müstəqilliyini saxlamış Çexiyaya qarşı hucuma keçdilər. Bununla əlaqədar çexlərin qaldırdığı üsyan Ötuzillik müharibənin başlamasına gətirdi. Qraf Yindrjix Turnun başçılığı ilə çex qoşunları 1619-cu ilin iyununda Vyananı mühasirəyə aldılar. Lakin Çexiyanın ərazisinə Karl Bonaventura Byukuanın və Anri Düval Dampyerin başçılığı ilə ispan və imperiya qüvvələrinin daxil olmasına görə, Turn Vyananın mühasirəsini qaldırmağa və Çexiyaya qayıtmağa məcbur oldu. 1619-cu ilin avqustunda çex seymi, Protestant uniyasının başçısı Pfalslı V Fridrixi Çexiyanın kralı seçdi. Lakin hərbi əməliyyatların genişləndirilməsi əvəzinə Protestant uniyası 1620-ci ilin yayında Katolik liqası ilə danışıqlara başladı. Bu arada Habsburqlar Katolik liqa ilə anlaşdılar və 1620-ci il sentyabrın əvvəlində qraf İohann Tserklas Tilli və Byukuanın ordularını Çexiyaya göndərdilər. 8 noyabr 1620-ci ildə Ağ dağ yanındakı döyüşdə onlar çex qoşunlarını darmadağın etdilər. Pfalslı V Fridrix qaçdı, üsyanın 27 rəhbəri Praqada edam edildilər, Çexiya isə tamamilə Habsburqların əlinə keçdi, katolik kilsəsi tamamilə bərpa edildi. 1621-1623-cü illərdə Ambrozio Spinolanın başçılığı ilə Katolik liqasının qoşunları Protestant uniyasının mərkəzi olan Pfals kurfürstlüyünü işğal etdilər.
Habsburq koalisiyasının mövqelərinin möhkəmlənməsi Danimarka, Hollandiya və İngiltərədə narahatlıq doğurdu. 1624-1625-ci ildə Fransanın dəstəyi ilə bu ölkələr Habsburqların əleyhinə hərbi ittifaq bağladılar. İngiltərə və Niderlanddan subsidiyalar alan Danimarka, ittifaqın aləti oldu. Onun Baltik dənizinin cənub sahillərini işğal etmək kimi niyyəti vardı. Ernst fon Mansfeldin başçılığı ilə Danimarka və protestant qoşunları Şimali Almaniyaya soxuldular və əvvəlcə uğur əldə etdilər. Lakin 1625-ci ildə İspan Niderlandının yardımı ilə imperator II Ferdinand, qraf Albrext fon Vallenştaynın başçılığı ilə öz 40-50 minlik muzdlu ordusunu yaradır. 1625-ci ildə Tillinin Katolik liqasının və Vallenştaynın orduları Şimali Almaniyada hucum əməliyyatlarına başladılar. Habsburqlar imperiyasında (Yuxarı Avstriyada, Çexiyada və başqa yerlərdə) 1626-cı ildə kütləvi kəndli çıxışları baş versə də, Vallenştaynın ordusu 1626-cı il aprelin 25-də Dessauda Protestant uniyasının qoşunlarına, Tillinin ordusu isə avqustun 27-də Lutterada kral IV Kristianın danimarkalı ordusuna qalib gələ bildilər. Danimarka ordusu Yutlandiya yarımadasına, Mansfeld isə Transilvaniyaya çəkildilər. 1627-1628-ci illərdə Vallenştayn ordusu bütün Şimali Almaniyanı işğal etdi və Yutlandiya yarımadasına soxuldu. Lakin onun irəliləməsi, Avropa ölkələrinin müqavimətinə rast gəldi, Fransa xüsusi ilə imperatora qəti etirazını bildirdi. Məğlub olmuş Danimarka, status-kvonun bərpası və Almaniyanın işlərinə müdaxilədən imtina etməsi şərtləri ilə, 12 may 1629-cu ildə Lübek sülhünə razılaşdı. Lakin bu sülh nisbi idi. Vallenştaynın və Tillinin muzdluları protestant knyazlıqlarının əhalisini yağmalayırdılar. Vallenştayn Pomeraniyada əsasən İsveçlə dəniz müharibəsi üçün donanmasını hazırlamağa başladı. 1628-ci ildən hərbi əməliyyatlar Şimali İtaliya dövlətlərinə yayıldı. Burada başlıca olaraq ispan və avstriyalı Habsburqlarla Fransa arasında Mantuya irsi uğrunda mübarizə gedirdi. 1629-cu ildə İngiltərə, Fransa və Hollandiyanın vasitəçiliyi ilə İsveçlə Reç Pospolita arasında, 1617-ci ildə başlayan İsveç-Polşa müharibəsini dayandıran və İsveçin hərbi qüvvəsini Habsburqlara qarşı yönəltməyə imkan verən, Altmark sülh müqaviləsi bağlandı.
1630-ci ildə katolik düşərgədəki ziddiyətlərə görə Albrext fon Vallenştaynın əvəzinə imperiya ordusunun komandanı Tilli olur. 26 iyun 1630-cu ildə Qustav Adolfun 16,5 minlik ordusu Pomeraniyada yerə enir. 39 minlik imperiya ordusunun və 30 minlik Katolik liqasının ordusunun səpələnmiş halda olmasından istifadə edən isveçlilər Pomeraniyanın paytaxtı Ştetini, 1631-ci ilin əvvəlində isə bütün Pomeraniyanı işğal edirlər. Bu şəraitdə Qustav Adolf, Fransanın və Rusiyanın diplomatik və maddi yardımından yararlanaraq, öz ordusunu artırmaq və Şimali Almaniyada mövqelərini möhkəmləndirmək üçün vaxt udmağa çalışır. 1631-ci ilin sentyabrənda o Brandenburq və Saksoniya protestant kurfürstlükləri ilə, İsveç üçün əlverişli sazişlər bağlayıraq və isveçli ordusunun sayını 39 minə çatdıraraq, Tillinin 36 minlik ordusuna qarşı fəal əməliyyatlara başlayır. 17 sentyabr 1631-ci ildə Leypsiq yaxınlığında isveçlilər Breytenfeld vuruşmasında, Qərbi Avropada ilk dəfə xətt taktikasını tətbiq edərək, Tillinin ordusunu sarsıdıcı məğlubiyətə uğradırlar. İsveçlilərin bu qələbəsi, onları xilaskar hesab edən protestant əhalisinin habsburq-əleyhinə köklnəməsinə təkan verir. Lakin isveçlilərin əsl niyətlərini anlayan kəndlilər onlara narazılıqlarını bildirməyə başlayırlar. Bu isveçlilərin Cənub-Qərbi Almaniyada hərəkətlərini çətinləşdirir. Buna baxmayaraq 15 sentyabr 1632-ci ildə Avstriya civarında, Lex çayında isveçli ordusu Tillinin ordusunu darmadağın edir, Tilli öldürülür. Auqsburq və Münheni alan isveçlilər Habsburqların bilavasitə Avstriya torpaqlarına təhlükə törədirlər. II Ferdinand, imperiya baş komandanlığına Vallenştaynı qaytararaq, ona müharibəni aparmaq üçün tam azadlıq verir. Yeni imperiya ordusunu yaradaraq, Vallenştayn onu Saksoniyaya göndərir və isveçliləri geri çəkilməyə məcbur edir. 16 noyabr 1632-ci ildə Lütsen döyüşündə isveçli qoşunları Vallenştaynın ordusuna qalib gəlirlər, amma II Qustav Adolfun ölümü onlara qələbəni gerçəkləşdirməyə imkan vermir. Vallenştayn öz qoşunlarını Çexiyaya aparır. 1632-ci ilin sentyabrında Rusiya Reç Pospolitaya müharibə elan edir ki, bu da isveçlilərin Vallenştaynın yeni ordusuna qarşı müharibəsini asanlaşdırır. Lakin Qustav Adolfun ölümündən sonra, vəd olunan yardımı ala bilməyən Rusiya Reç Pospolita ilə 1634-cüildə Polyanovsk sülh sazişi bağlayır. 6 sentyabr Nördlinqen yaxınlığında isveç ordusunun məğlubiyətə uğraması nəticəsində, Saksoniya və Brandenburq kurfürstləri və Almaniyanın başqa protestant knyazları isveçlilərlə ittifaqdan imtina edirlər və 1635-ci ildə Habsburqlarla Praqada saziş bağlayırlar. Habsburq - əleyhinə koalisiyanın vəziyəti pisləşir.
Habsburqların daha da güclənməsinə imkan verməmək üçün, 1635-ci ildə Fransa İsveçlə Sen-Jermendə anlaşdı və Otuzillik müharibəsinə açıq qoşuldu. İsveç Reç Pospolita ilə 1635-ci ildə Ştumsdorf sazişini bağlayaraq, bütün qüvvələrini Almaniyada cəmləşdirdi. Tezliklə Habsburqlara qarşı Hollandiya, Mantuya, Savoyya və Venesiya qoşuldu. Habsburqlar əleyhinə koalisiyaya Fransa başçılıq edirdi. Onun qoşunları Almaniyada, İtaliyada, İspan Niderlandında və Pireneylərdə hərbi əməliyyatlar aparırdı. Ancaq rəqiblərin orduları həlledici vuruşa girişməyərək bir-birinin kommunikasiyalarına və arxalarına zərbələr endirərək yormağa çalışırdılar. Müharibə üzücü və tükədici səciyyə daşımağa başladı. Müharibədən ən çox tərəflərin əskərləri tərəfindən yağmalanan dinc əhali əziyət çəkirdi. Xüsusi ilə bu işdə fransız ordusu seçilirdi. Kəndlilər meşələrə qaçırdılar və işğalçılara qarşı vuruşan partizan dəstələri yaradırdılar. Ancaq Habsburqların qoşunları dalbadal məğlub olurdular. 2 noyabr 1642-ci ildə Breytenfeld yanında yeni vuruşmada isveçlilər imperiya qoşunlarını məğlub etdilər və Leypsiqi aldılar. 19 may 1643-cü ildə şahzadə Kondenin fransız qoşunları ispanları Rokrua yanında məğlub etdilər. Marşall Türenin fransız ordusu Frayburq və Kondenin qoşunları ilə birlikdə Nördlingendə qələbə çaldılar. 6-7 mart 1645-ci ildə Yankovedə isveçlilər böyük qələbə qazandılar, Türennin ordusu ilə brlikdə isə 1648-ci ildə Züzmarshauzen vuruşmasında qələbə çaldılar.
Habsburq - əleyhinə koalisiyanın qoşunları birbaşa Vyanaya təhlükə törətdikdə isə Habsburqlar sülh istədilər. İngilis burjua inqilabının miqyasından və Fransada başlanan mütləqiyət əleyhinə - Fronda - hərəkatının genişlənməsindən narahat olan Fransa, 1648-ci ildə Vestfaliya sülhünü imzaladı. Tərəflərin müharibəyə son vermək qərarına kəndlilərin genişlənən partizan hərəkatı təsir etdi. Otuzillik müharibədə məğlubiyətləri Habsburqların "dünya imperiyası" yaratmaq planlarına son qoydu. Avropada siyasi heqemoniya onlardan Fransaya keçdi. İsveç Baltik dənizində öz mövqeyini möhkəmləndirdi. İlk burjua respublika Hollandiya beynəlxalq aləmdə tanındı. Almaniya üçün bu müharibənin nəticələri: siyasi pərakəndəliyin güclənməsi və möhkəmlənməsi, kəndlilərin təhkim olunmasının davam etməsi.
Otuzillik müharibə Avropada daimi muzdlu orduların inkişafına güclü təkan verdi. Komplektləşdirmədə tədricən könüllülükdən icbariliyə, bunun nəticəsində muştra (cəza) intizamına keçid başladı. Otuzillik müharibədə xətt taktikası birdəfəlik qəbul edildi, bu hərbi sənətin inkişafında tərəqqi idi. Müharibədə qoşunların təchizatı, rekvizisiya və kontribusiya sistemindən, xüsusi ilə yaradılan anbar və saxlanclar vasitəsilə mərkəzləşdirilmiş təminat və təchizat sisteminə keçid başlandı. Bu muzdlu orduların döyüş əməliyyatlarının üsullarına təsir göstərdi. Düşmənin bazaları ilə əlaqəsini kəsmək məqsədi ilə edilən manevrlər, döyüş sənhəsində uğur qazanmağın əsas vasitələrindən oldu. Otuzillik müharibədə məşhurlaşan isveçli II Qustav Adolf və fransız Türenn daimi muzdlu qoşunların sonrakı inkişafı işinə və hərbi nəzəriyənin inkişafına böyük töhfə verdilər.