Pəhləvan Nabat

Pəhləvan Nabat (1812, ŞuşaXX əsr) — Qarabağın adlı-sanlı güləşçisi[mənbə göstərin]

Pəhləvan Nabat
Nabat Məşədi Səfərəli oğlu
Digər adı Məşədi Nabat
Doğum tarixi 1812
Doğum yeri
Vəfat tarixi XX əsr

Nabat Məşədi Səfərəli oğlu 1812-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Dabbaqlıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Nabat hündür, qolu zorlu bir adam idi. Cəfərqulu xan Cavanşirin pəhləvanı idi. Xan şərq dünyasından tanınmış pəhlivanları Şuşaya dəvət edər, Məşədi Nabatla güləşdirərdi. Tarixçi Baharlı yazır: "Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və güləşkən adam idi.

Baharlı Pəhləvan Nabat haqqında yazır: "Və heç kəs onun arxasın yerə qoymayıbdır. Öz vaxtında olan pəhləvanlar ki, ŞəkidənTəbrizdən və Badkubədən gəliblər, təmamın mərhum Cəfərqulu xanın qulluğunda basıbdır. Bir pəhləvan Sarabdan gəlib, adı pəhləvan Rüstəm idi. Özünə dovtələb olub, gəlib Qarabağa ki, pəhləvan Nabat ilə küşti tutalar. O vaxt qəzadan pəhləvan Nabat bərk naxoş imiş. Özüylə güləşmək mümkün olmayıbdır, amma yanında bir növcəsi var imiş. Adı pəhləvan Seyid Həsən. Həman pəhləvan Rüstəmi bu növə basıbdır, amma sair vaxtlarda bir pəhləvan ki, hər yerdən gələrmişlər, təmamın pəhləvan Nabat basarmış. Və bir nəfər pəhləvan Şəkidən gəlib adı pəhləvan Bağır. Çox adlı və tənumənd adam imiş. Onu basıb və neçə pəhləvan Badkubədən gəliblər, onları təmamən basıbdır. Və yenə Təbrizdən vəliəhd qulluğunda mərhum Məhəmməd şahın pəhləvanı var imiş. Onu basıbdır. Elə ki bu tövr olub: Təbrizin lotuları bu fikrə düşüblər ki, pəhləvan Nabatı öldürələr. Bu əhvaldan qarabağlı camaatları xəbərdar olublar. Gəlib Xanıkov konsula şikayət ediblər. Xanıkov konsul pəhləvan Nabatı gətirdib öz qulluğunda saxlayıb və qarovul ilə Təbrizdən yola salıb və pəhləvan Nabat küşti tutan vaxtda dizlərinin gözünə aya bağlarmış və yaxşı mil oynadarmış. Çox qüvvətli adam imiş. Belə ki, bir gün bir rəs kəl qızıb Xəlfəli qapısından çövdar malından ayrılıb qaçıb bazara, ta gəlib aşağı bazarda pəhləvan Nabata düçar olub və pəhləvan Nabat çiynində bir güni mal gəlirmiş. Bazarda görüb xalq hər biri bir yana qaçırlar. Soruşub bu nədi? Deyiblər: Pəhləvan Nabat, qaç ki, bir qızmış kəl bazar adamın qırdı. Bu halda kəl gəlib yetişir, pəhləvan Nabat olan yerə. Elə ki kəl pəhləvan Nabata soxulur. Pəhləvan mal günin çiynindən atıb bu kəlin buynuzlarından tutub boynun qanurub yıxır yerə və oturur boynun üstə. Xalq gəlib kəlin əl və ayağın bağlayıb, saxlayırlar ta sahibi gəlib bir növ ilə aparır".

Baba bəy Şakir Qasım bəy Zakirə yazırdı:

Birisi var min söz damışır cana, Özünü bərabər tutmuyur xana. Bir tövr çərmənib girib meydana, Guya qarpışmağa gəlibdi Nabat.

Məşədi Nabat Hüsnü ilə ailə qurmuşdu. Abbas, Ələkbər, Ələsgər adlı oğlanları, Xeyrənsə adlı qızı vardı.