Pənah Muradov

Muradov Pənah Zülfiqar oğlu — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini.

Pənah Muradov
Pənah Zülfiqar oğlu Muradov
Doğum tarixi (64 yaş)
Doğum yeri Ağcabədi rayonu, Şahsevən kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Mikrobiologiya
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adları professor, AMEA-nın müxbir üzvü
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları AMEA-nın Fəxri Fərmanı

Muradov Pənah Zülfiqar oğlu 01 oktyabr 1960-cı ildə Ağcabədi rayonunun Şahsevən kəndində anadan olub, 1967-77-ci illərdə orta məktəbdə təhsil almış, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirmişdir.

P.Muradov 1990-cı ildə biologiya üzrə fəlsəfə doktoru və 2005-ci ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adı alıbdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilibdir. P.Z.Muradov əmək fəaliyyətinə AMEA-nın Mikrobiologiya İnstitutunda baş laborant kimi başlamış, kiçik elmi işçi, əyani aspirant, elmi işçi, böyük elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 1995-ci ildən bu günə kimi isə elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir.

Onun rəhbərliyi ilə biologiya üzrə 17 fəlsəfə, 1 elmlər doktoru hazırlanmışdır ki, onların arasında xarici ölkə vətəndaşları da yer alır.

2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü seçilən P.Z.Muradov hazırda həmin komissiyanın sədr müavini, 2013-cü ildən AMEA-nın Aqrar elmlər bölməsinin büro üzvü, 2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və Moskva Dövlət Vilayət Universitetinin “MDVU-nun Xəbərləri, təbiət elmlər seriyası” jurnallarının redaksiya heyətinin üzvüdür.

P.Z.Muradov mikrobiologiya elminin inkişafındakı xidmətlərinə görə iki dəfə AMEA-nın “Fəxri Fərmanına” layiq görülmüşdür.

Evlidir, 3 övladı var.

Elmi Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

P.Z.Muradovun əsas elmi fəaliyyəti hidrolitik təsir tipinə malik fermentlərin aktiv produsentlərinin axtarılması, ksilotrof makromisetlərin ferment sisteminin xarakterik xüsusiyyətlərinin aydınlaşdırılması, bitki tullantılarının utilizasiyası metodlarının hazırlanmasını əhatə edir. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsində ksilotrof makromisetlərdə hidrolitik təsir tipinə malik fermentlərin sintezinin təbiəti və sintez olunmuş fermentlərin hüceyrə xaricinə sekressiyası prosesləri, eləcə də yeməli göbələklərin intensiv üsulla becərilməsi prosesində onların fermentativ aktivliyində baş verən dəyişikliklərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirən dəyərli məlumatlar əldə edilmiş, tullantılarının «az tullantılı və ya konkret mərhələdə tullantısız texnologiya» prinsipinə uyğun istifadəsinə imkan verən mikrobioloji üsul işlənib hazırlanmışdır. Bundan başqa, onun rıhbərliyi ilə aparılan işlərdə Azərbaycan təbiətinə xas mikobiota üçün onlarca yeni göbələk növü müəyyənləşdirilmiş, göbələklərin "Qırmızı Kitab" obyekti kimi tədqiqinə başlanmışdır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

P.Z.Muradovun 180-dən çox elmi əsəri dərc edilib. Onlardan biri monoqrafiya, 2-i kitab, 4-ü müəlliflik şəhadətnaməsidir. Onun əsəsrlərinin yarıdan çoxu uzaq və yaxın xaricin elmi nəşrlərində dərc edilibdir. Böyük Britaniya, Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Çexiya, Macarıstan, Gürcüstan və s. kimi ölkələrdə keçirilən çoxlu sayda Beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmiş, Beynəlxalq qrant layihələrənin(SRDF və STSU) qalibi olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]