PULS (RYAS)

PULS və ya LYNX — İsrail Hərbi Sənayesi (IMI Systems) tərəfindən istehsal edilmiş və İsrail Silahlı Qüvvələri başda olmaqla bir çox ölkənin orduları tərəfindən istifadə edilən reaktiv yaylım atəş sistemidir. Ümumilikdə 40 reaktiv yaylım atəş raketini üstündə daşıya bilən LYNX-ın maksimum mənzili 250 km-dir. Beynəlxalq yermüəyyənetmə sistemi (GPS) ilə inteqrasiya olunmuş formada işləyən RYAS 370 mm çapa qədər olan raketləri dəstəkləyir.[1]

PULS
Ölkə
İstehsal tarixçəsi
İstehsalçı Israel Military Industries
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

“Lynx” YARS-ın standart təchizatına aşağıdakılar daxildir:[2]

  • müasir ətalətli tuşlanma sistemi (ANN)
  • qabaqçıl FCS
  • İNS
  • Metrologiya sistemi
  • İlkin müşahidə
  • Hava kəşfiyyatı
  • C4I (şəbəkə əməliyyatları üçün)

Üstünlükləri

[redaktə | mənbəni redaktə et]

“Lynx” müxtəlif artilleriya və taktiki raketlərinin buraxılması üçün nəzərdə tutulan avtonom və universal modula malik çoxməqsədli yaylım atəşli reaktiv sistemdir.[2]

“Lynx” iqtisadi cəhətdən çox sərfəli yaylım atəşli reaktiv sistemdir, ondan 122 mm-dən 300 mm-ə qədər çapa malik müxtəlif təyinatlı “Qrad”, LAR, ACCULAR, MLRS-TCS, “Extra” daxil olmaqla 5 tip raketdən, o cümlədən bəzi qanadlı raketlərdən atəş açmaq mümkündür. Raketlərin çapına görə sistemin üzərindəki paketin konteyner sayı dəyişir. Raketlərin vəzifələrinə görə daşıdığı döyüş başlığının tərkibi dəyişə bilər. Onlar qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər.[2]

“Lynx” şassisi yüksək dəqiqlikli, qanadlı “Delilah-GL” raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA və digər operativ taktiki raketlərin buraxılması üçün atıcı qurğu kimi də istifadə edilə bilər.[2]

YARS-ların sursatları birdəfəlik hermetik qapalı paket-konteynerlərə fabrikdə yüklənir, onlar nəqliyyat konteyneri və atıcı qurğu kimi istifadə edilir. Atəş operator tərəfindən kabindən və ya uzaqdan həyata keçirilə bilər. Mobil “Lynx” atıcı qurğusuna kranla təchiz edilən yükləmə vasitəsi ilə xidmət göstərilir. Düşmən atəşindən yayınmaq üçün konteynerlərin maşına yüklənməsi atəş mövqeyindən kifayət qədər aralı məsafədə həyata keçirilir.[2]

Yüksək keçicilik və hərəkətlilik imkanları avtomobilə mövqeyini qısa bir zamanda dəyişdirməsinə və batareyanın atəş altında olma riskini minimuma endirməsinə şərait yaradır. Səfər vəziyyətindən bir neçə dəqiqə sonra YARS atəş mövqeyində təkrar yerləşərək atəş açmağa hazır olur.[2]

Lynx LAR-160
LYXN LAR-160

Ballistik hesablama və atəşi idarəetmə sistemi

[redaktə | mənbəni redaktə et]

“Lynx” YARS müasir ətalətli naviqasiya sistemi ilə bərabər tam müstəqil ballistik hesablama və atəşi idarəetmə funksiyalarına malikdir. YARS-ların müasir atəşi idarəetmə sistemi, hücum hədəfinə müvafiq olaraq avtomatik olaraq konteyner paketini seçməyə və lazımi parametrləri təyin etməyə imkan verir. Müasir rabitə və kompüter texnologiyası “Lynx” kompleksinə həm avtonom, həm də şəbəkə mərkəzli dövrələrin elementi kimi fəaliyyət göstərməyə imkan verir, həmçinin YARS daha böyük artilleriya bölmələrinin passiv və ya inteqrasiya olunan elementi kimi istifadə edilə bilər.[2]

“Lynx” YARS-larının inkişaf edən atəşi idarəetmə sistemi, hücum hədəfinə müvafiq olaraq avtomatik olaraq konteyner paketini seçməyə və lazımi parametrləri təyin etməyə imkan verir. Müasir rabitə və kompüter texnologiyası “Lynx” kompleksinə həm avtonom, həm şəbəkə mərkəzli artilleriya qruplaşmasının zərbə elementi kimi, həm də daha böyük artilleriya hissələrinin passiv və ya inteqrasiya olunan elementi kimi fəaliyyət göstərməyinə imkan verir.[2]

Bu silah sisteminin Azərbaycanın istifadəsində olan versiyaları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan bu silah sistemlərinin “Dolu-1”, “Leysan” və “Şimşək” adlandırılan 3 versiyasını əldə edib. Azərbaycan tərəfinin tələbi ilə raketlərin quruluşunda bəzi spesifik dəyişikliklər edildiyi barədə qeyri-rəsmi məlumatlar da mövcuddur.[2]

“Lynx” universal şassisinə 40 (2x20) ədədlik paket ilə 122 mm-lik “Qrad” raketlərindən 20-40 km məsafədə atəş açan YARS, Azərbaycanda “Dolu-1” markası altında silahlanmaya qəbul edilib.[2]

“Dolu-1” YARS-da tətbiq edilən ən sadə raket 2.87 m uzunluğa və 66 kq kütləyə malik 122 mm-lik idarəolunmayan sursatlardır. Onun döyüş başlığı 20 kq-dır. Reaktiv sistem 2 ədəd 20 lüləlik paketinin hər birində yerləşən 20 mərmi ilə (cəmi 40 mərmi) 20- 40 km aralığında yerləşən hədəflərə zərbə endirməyə qadirdir. Raketlərin iki atıcı konteyner paketində yerləşdirilməsi əməliyyat zamanı onların yüksək istismar rahatlığını təmin edir. “Dolu-1” 10 dəqiqədən az bir müddətdə yenidən doldurulur və təkrar atəş mövqeyinə yerləşdirilir.[2]

“Dolu-1” reaktiv sistemi Azərbaycanın Türkiyədən əldə etdiyi 122 mm-lik T-122 “Sakarya” paket-konteynerlərindən də istifadə edərək atəş aça bilir.[2]

IMI-nin 45 kq döyüş başlığını 45 km məsafəyə çatdıran 160 mm-lik LAR idarəolunmayan raketlərinə malik YARS Azərbaycanda “Leysan” adı ilə istismar edilir. Hər bir “Leysan” atıcı konteyner paketinin hər biri 13 ədəd (cəmi 26 ədəd) LAR raketini daşıya bilir. Yüksək dəqiqlikli, avtomatik idarə olunan raket ətalətli tuşlanma sisteminə, daxili GPS-ə, GTCS traektoriya nizamlama qurğusuna və sükan idarəetmə dəstinə malikdir. Raket müxtəlif döyüş başlıqları ilə təchiz olunaraq analoji atıcı qurğulardan buraxıla bilər.[2]

Standart 160 mm-lik raketinin uzunluğu 3.314 metr, kütləsi isə 110 kq-dır. Sərt yanacaqlı raket mühərriki 36 kq kütləyə malikdir. 350 mm diametrə malik açılan quyruq pərləri raketin atıcı konteynerini tərk etdikdən sonra uçuşun sabitləşməsini təmin edir.[2]

Raketin uzun və orta məsafəyə atəşini təmin etmək məqsədilə onun ön hissəsinə spoyler halqaları əlavə edilə bilər. Start zamanı ilkin fırlanma sürəti, saniyədə 12 dəfədir və bu sonradan saniyədə 20 dəfəyə qədər artır. Uzunluğu 1.279 metr, kütləsi isə 46 kq olan raket döyüş başlığı aşağı aerodinamik müqavimətə malikdir. Ehtimal olunan yayınma əmsalı 10 metrdən çox deyil.[2]

border=none Əsas məqalə: ACCULAR

YARS-ın dəqiqliyini yaxşılaşdırmaq üçün IMI ACCULAR (Accurate LAR- dəqiq LAR) təyinatına malik 122 mm-lik yeni raket versiyasını da hazırlayıb. Yeni LAR raketlərinin artan atəş məsafəsi, dəqiqliyi və aşağı qiyməti, idarəedilən 155 mm artilleriya mərmiləri ilə ciddi rəqabət aparmağa qadirdir.[2]

4 metr uzunluğa malik ACCULAR raketi 35 kq ağırlıqdakı döyüş başlığı və 14- 40 km atəş məsafəsinə malikdir, tuşlama sistemi isə GPS-ə əsaslanır. Rəsmi olaraq maksimum hədəfdən yayınma əmsalı 10 metrdir, lakin IMI faktiki olaraq yayınmanın 2 ilə 3 metr arasında olduğunu iddia edir. Raket İsrail ordusu və adı açıqlanmayan xarici alıcı tərəfindən silahlanmaya qəbul edilib. Bu sursatlara malik YARS şassisinin iki konteyner paketinin hər birində 11 ədəd (cəmi 22 ədəd) raket yerləşdirilir. Raketin idarə edilməsi və uçuşu korpusda yer alan kompüter tərəfindən həyata keçirilir.[2]

Reaktiv tuşlama dəsti hədəfi dəqiq etmək üçün trayektoriyanın nizamlanmasına imkan verir. Bu raketlər hədəflərin fuqas və unitar döyüş başlıqları ilə dəqiq hədəfə alınması üçün qənaətli və effektiv bir seçim hesab edilir.[2]

Bu YARS ailəsinin bütün raketlərinin istifadəçisi olduğu Azərbaycan Silahlı Qüvvələrinin ACCULAR raketinə də malik olması, yalnız rəsmi təsdiqi olmadığına görə ehtimal olaraq qalır.[2]

Quru Qoşunlarının uzaq məsafələrə dəqiq zərbələr endirməsi ilə əlaqədar Hərbi Hava Qüvvələrindən asılılığını azaltmaq üçün İMİ 20-150 km atəş məsafəsinə malik “Extra” (Extended Range Artillery)” raketlərini hazırladı. Həmin raketlə təchiz edilən YARS Azərbaycanda “Şimşək” adı ilə silahlanmaya qəbul edilib.[2]

“Şimşək” YARS-ın 306 mm diametrə malik raketi 120 kq döyüş başlığı daşıyır. Burun sükanları ilə idarəolunan raketin hədəfə tuşlanması ANN/GPS sisteminə əsaslanır. “Şimşək” YARS-ın iki ədəd konteyner paketinin hər birində 4 ədəd (cəmi 8 ədəd) raket yerləşir. Raketin start çəkisi 450 kq, dairəvi ehtimal olunan yayınması isə 10 metrdən azdır.[2]

Raketin ölçüsü ABŞ Ordusu və onların müttəfiqləri tərəfindən istifadə edilən M270 YARS-da istifadə edilən M26 raketləri ilə çox oxşardır. 4 metr uzunluğa sahib EXTRA raketlərinin diametri ABŞ-ın M26 raketlərindən (227 mm-ə qarşı 300 mm) daha böyükdür.[2]

Bu raketlər indiyə qədər istehsalçı ölkədən başqa, 2 adı rəsmən açıqlanmayan xarici müştəriyə təslim edilib, onlardan biri Azərbaycandır. Əldə olunan qəlpəli fuqas “Extra” raketlərinin sayının 500-dən az olmadığı ehtimal edilir.[2]

Kaset tipli sursatlar

[redaktə | mənbəni redaktə et]

İsrailin rəsmən açıqlamadığı “Extra” raketlərinin döyüş elementlərilə təchiz edilən kaset tipli versiyaları da mövcuddur, lakin bu sursatların beynəlxalq konvensiyalarla istifadəsinin qadağan edilməsi onların istehsalını və tədarükünü məhdudlaşdırır. Əgər istehsal və ya tədarük prosesləri aktivləşdirilsə belə, bu məlumatlar daim ictimaiyyət üçün əlçatmaz olur.[2]

Bu döyüş sursatlarının YARS və 155 mm artilleriya qurğuları üçün istifadəyə yararlı versiyalarının olduğu iddia edilir.[2]

Sahil zonasının və sahilyanı ərazidəki strateji obyektləri mühafizə etmək üçün IMI tərəfindən hazırlanan müasir CDMS (Coast Defense Missiles System- Sahil Mühafizə Raket Sistemi) hərtərəfli müdafiə məsələlərinin kompleks həllini təmin edir. Maraqlısı odur ki, bu yaylım atəşli reaktiv sistem də “Extra” və ACCULAR raketlərindən istifadə edir.[2]

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]

“Lynx” YARS-ın müxtəlif versiyalı sistemləri İsraildən başqa Azərbaycan, Argentina, Venesuela, Gürcüstan, Qazaxıstan, RumıniyaÇili tərəfindən istifadə edilir.[2]

Onların əksəriyyəti “Mercedes 3341 Actros” (6x6) yük maşınının şassisində yerləşdirilib. Qazaxıstan isə “KamAZ-63502” şassisinə əsaslanan “Lynx” YARS-ı yerli “Nizə” adı ilə silahlanmaya qəbul edib.[2]

  1. "Arxivlənmiş surət" (PDF). 10 yanvar 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 aprel 2020.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 "Ordumuzun silahlanmasında olan Universal Artilleriya Sistemləri - LYNX (HƏRBİ EKSPERT)". ordu.az. ordu.az. 15 mart 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.