Pirəmsaq döyüşü — 1918-ci ilin mart ayının əvvəllərində indiki Ağsu rayonunun Bico kəndində kəndin könüllü döyüşçüləri ilə Rus ordusundan buraxılmış silahlı erməni quldur dəstəsi arasında qədim Pirəmsaq qəbirstanı ərazisində baş vermiş döyüş. ("Pirəmsaq" sözü "sak qocası" mənasında izah edilir.)
Pirəmsaq döyüşü | |||
---|---|---|---|
Mart soyqırımı | |||
Tarix | 1918 mart | ||
Yeri | Bico kəndi, Pirəmsaq qəbirstanı | ||
Nəticəsi | Azərbaycan qalibiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Bico kəndi 1918-ci il hadisələri ilə bağlı məşhurdur. Bolşeviklərin dəstəyi ilə azərbaycanlıların soyqırımını həyata keçirən erməni hərbi quldur dəstələri 14 mindən çox dinc müsəlman Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi 1918-ci ilin mart ayında Bakıdan Kürdəmir yolu ilə kəndlərdə, qəsəbələrdə, müsəlmanların soyqırımını həyata keçirərək irəliləyirdilər. Dövrün siyasi və ictimai böhran çağını yaşayan Azərbaycanda xalqı müdafiə etmək iqtidarına malik hökumətin olmaması bir çox yaşayış məntəqələri kimi Biconu da öz könüllü döyüşçülərinin ümidinə buraxmışdı.
O zamanlar Şamaxıda yaşayan, Şirvanın sayılıb-seçilən elm və ürfan xadimlərindən biri kimi tanınmış, bölgənin elm məclislərinin fikir və söz xiridarı kimi nüfuz və mənsəb sahibi olan Bico ziyalısı Babaş əfəndi Mikayılzadə yaşadığı ictimai və siyasi mühitin fəal iştirakçılarından olduğu üçün ermənilərin soyqırım planından əvvəlcədən xəbər tutmuşdu. O, bicolu Şahalı yüzbaşı ilə bir-neçə dəfə görüşərək onu kəndin müdafiəsi üçün hazırlıqlarla bağlı təlimatlandırmışdı. Bicolu kişilər qadınları və uşaqları dərələrdə gizlədərək onlara məğlub olacaqları halda dağlara qaçıb gizlənmələrini tapşırmışdılar.
Cəbhədən tərxis olunmalarına baxmayaraq, Azərbaycan müsəlmanlarının soyqırımı planını həyata keçirmək tapşırığı almış silahlı erməni dəstələri Göylər, Bağırlı, Ləngəbiz, Qəşəd kəndlərini viran qoyaraq, taladıqdan sonra Bicoya yaxınlaşdıqda, Şahalı yüzbaşı danışıq üçün quldur dəstəsinin qarşısına çıxmış, kəndə girməyəcəklərinin müqabilində onlara mal-qara və ya qızıl verilməsini təklif etmişdi. Ermənilər buna razılaşmayıb, onsuz da kəndi ələ keçirib Biconu talan edəcəklərini bildirmişdilər. Balta, yaba, xəncər, dəryaz və bir-neçə tüfənglə silahlananan bicolular Bico kəndi ilə Keçdiməz kəndi arasındakı dərədə, Pirəmsaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmışdı. Kəndin yaşlı nəslinin vaxtilə söylədiklərinə görə bu döyüşdə tüfəngdən açılan ilk atəşlə erməni hərbi dəstəsinin başçısı öldürülmüş, düşmənin çaşbaş düşdüyünü görən bicolular onlara hücuma keçmişdilər. Tələfat vermələrinə baxmayaraq, tarixən zəngin döyüş ənənələrinə malik olan kəndin könüllü döyüşçüləri erməni hərbi dəstəsini darmadağın etmişlər. Pirəmsaq döyüşündə ermənilərdən cəmi 6 döyüşçü döyüş meydanından qaça bilmiş, lakin onların da dördü Bico kəndinin indiki qəbiristanlığının ərazisində yaxalanaraq, öldürülmüş, ikisi isə sağ qalaraq Şamaxı istiqamətində qaçmağa və baş verənləri oradakı erməni quldur birləşmələrinin komandanı Stepan Lalayana xəbər verməyə nail olmuşdular.
Bundan sonra Şamaxıdakı erməni hərbi dəstələri kəndin şimalındakı Səndələn (Bico) zirvəsində iki döyüş topu yerləşdirərək kəndi atəşə tuturlar. Nəticədə kənddəki bir-neçə tikili ilə yanaşı 12-ci əsrdə tikilmiş kənd məscidi dağıdılır. (İndi də kəndin yuxarı hissəsində, həmin məscidin vaxtilə yerləşdiyi ərazi "Məscid yeri" adlandırılır.) Kəndə qarət məqsədilə basqın edən ermənilər Bicoda bu cür kəskin müqavimətlə qarşılaşacaqlarını ağıllarına belə gətirmirdilər. Çünki Osmanlı dövlətinin sərhədlərindən başlayaraq müsəlaman kəndlərini qırğınlar törədərək gələn bu quldurlara Şamxor döyüşündən başqa heç yerdə demək olar ki, müqavimət göstərilməmişdi. [1]
Bicodakı ağır və gözlənilməz məğlubiyyətdən sonra Bakıdakı daşnak və bolşeviklərdən əlavə qüvvə alan Şamaxıdakı erməni birləşmələri qisas üçün Bico kəndinə daha böyük sayda qoşun yeritmək qərarına gəlir. Bu plandan xəbər tutan bicolular kəndin əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da Göyçay istiqamətində köçürürlər. (Əhalinin köçürülməsində xüsusi xidmətləri olmuş Əlvan kişinin adı indiyədək xatırlanır.) Sakinlərinin tərk etdiyi kənd özü isə daşnakların soyqırımına məruz qalır - dağıdılır və yandırılır. Lakin iyun ayında Azərbaycan və Osmanlı türklərindən ibarət Qafqaz İslam Ordusunun qoşunları bolşevik-daşnak terrorçu birləşmələrini Göyçay döyüşündə məğlub etməklə, onları geriyə - Bakıya tərəf çəkilməyə məcbur edirlər. Bicolular da bu hadisədən sonra doğma kəndlərinə qayıdırlar. Sonralar Şamaxı erməniləri Bico əhalisindən qisas ala bilmədikləri üçün buradakı məğlubiyyətin səbəbkarlarından biri hesab etdikləri Babaş əfəndi Mikayılzadınin hər iki qaynını ailə üzvləri ilə birlikdə Şamaxıda işgəncə ilə öldürürlər[2].
Pirəmsaq döyüşü tarixçilər tərəfindən erməni soyqırımına qarşı 1918-ci ildə təşkil edilmiş ilk ən böyük müdafiə döyüşü sayılır.[3] Bu hadisə bir çox tarixi mənbələrdə də təsdiqlənir. 1918-ci il 11-12 noyabr tarixli Sorğu Protokolunda Şamaxı pristavı Cəbrayıl bəy Cəbrayılbəyovun qeydlərində Bakıdan Şamaxıya qayıdan erməni hərbi dəstəsi ilə bağlı deyilir:
"1918-ci ilin mart ayında şəhər başçısı Teymur bəy Xudaverdiyevdən və müsəlman milli komitəsindən məlumat almışdır ki, Bakıdan Kürdəmir istiqamətində ordudan tərxis olunmuş 400 nəfər erməni Şamaxıya gəlir. Bakı müsəlman milli komitəsi xahiş edib ki, onları qara fikirlərindən çəkindirsinlər. Müsəlman milli komitəsi Ağsu şəhərinə nümayəndələr göndərdi, lakin səhərisi gün Şamaxıda eşitdik ki, həmin dəstə bölünüb ayrı-ayrı kəndlərə hücum ediblər. Bico və Ləngəbiz kəndlərinə hücum etmişlər... Ermənilərlə atışma Bico dağlarında başlayıb. Ermənilər və müsəlmanlar tərəfindən adamlar öldürülüb. Hirslənmiş ermənilər bu barədə Bakı erməni komitəsinə məlumat çatdırıblar. Qısa müddətdən sonra Şamaxıya 3 minə qədər erməni gətirildi. Bundan xəbər tutan yerli müsəlman İcraiyyə Komitəsi, Şamaxı uyezdinin rəisi Hacımalıbəyov və uyezd qazisi Abdulxalıq Əfəndi Əfəndiyev erməni yepiskopunun yanına göndərildi ki, yaraqlıları geri qaytarsın. Lakin erməni yepiskopunun cavabı qəti oldu: “Biz gəlmişik ki, bütün müsəlmanları qılıncdan keçirək”...[4]
1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyətinin göstərişi ilə yaradılmış Fövqalədə İstintaq Komissiyasının Fövqalədə İstintaq Komissiyasının Şamaxı uyezdində qətlə yetirilmiş, yaralanmış insanlar barədə məlumatı əks etdirən sənədlərdə sadalanan 58 yaşayış məntəqəsi içərisində Biconun adının olmaması (Bax: Azərbaycan Respublikası Milli Dövlət Arxiv Fondu 1061, siy. 1, vər. 85.) Şamaxı qəzasında 2146-sı kişi, 1468-i qadın və 746-sı uşaq (bəzi mənbələrə görə 1653-ü qadın, 965-i uşaq) olmaqla ümumilikdə 4360 (digər mənbələrdə 7000-dən çox) nəfəri soyqırıma məruz qoymuş, bolşeviklərdən hərbi və təşkilati dəstək alan Stepan Şaumyanın başçılıq etdiyi ermənilərin Bicoya hücum etmələrinə baxmayaraq, burada insanlara qarşı soyqırım məqsədlərini həyata keçirə bilməmələrinin daha bir sübutudur.
SSRİ dönəmində bolşevik ideoloqları bu hadisəni nə qədər unutdurmağa çalışsalar da, nəinki bicolular, Şirvanın yaxın kəndlərinin, eyni zamanda Şamaxının yaşlı nəsli uzun müddət 1918-ci il Bico döyüşünü bir kəndin qəhrəmanlıq səhifəsi kimi xatırlamışlar. Şamaxı rayon Polis İdarəsinin keçmiş zabitlərindən olan Fazil Gülverdi oğlu Şamilovun dediklərindən: "Qarabağ münaqişəsi başlayanda Mədrəsəyə (red: Şamaxı rayonunun həmin dövrdə ermənilər məskunlaşmış kəndi) getmişdim. Erməni qadınları yas tutub, "Bicodan gəlirlər, bizi qıracaqlar" deyə ağlayırdılar." 1988-89-cu illərdə Şamaxının erməni kəndləri köçməmişdən əvvəl Bicodan qısas alacaqları barədə danışırdılar deyə, Biconun bir-neçə yerində kəndin cavan kişilərindən ibarət könüllü silahlı müdafiə postları qurulmuşdu. Bu fakt ermənilərin də Bicoda uğradıqları məğlubiyyəti heç vaxt unutmadıqlarından xəbər verir.