Polşa Krallıq Ordusu

Polşa Krallıq Ordusuna mənsub hərbi forma.

Polşa Krallıq Ordusu (pol. Polska Siła Zbrojna) və ya Polşa Vermaxtı (alm. Polnische Wehrmacht‎) — Polşa Legionunun komandanı olan Yozef Pilsudskinin Almaniya İmperiyasına bağlılıq andı içməkdən imtina etməsindən sonra yaradılan və almanlar tərəfindən Polşa Vermaxtı olaraq alçaldıcı adla çağırılan hərbi birlik.[1] Polşa Krallıq Ordusu Almaniya tərəfindən hazırlanmış Orta Avropa planına görə yaradılmalı olan kukla Polşa krallığının hərbi birliyi olaraq düşünülmüşdür.[2] Birliklərin toplanması zamanı əldə olunan say nəticəsi aşağı olsa da toplanmış qüvvələr alman ordularının komandanlığına verildi. Hərbi birliyin Baş komandanlığı vəzifəsinə general qubernator Hans Hartviq fon Beseler təyin olunsa da, bu vəzifəni faktiki olaraq təlim qüvvələrinin rəhbəri olan Feliks fon Bart həyata keçirirdi.[3]

5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa Krallığının yaradılmasından sonra 10 aprel 1917-cı ildə hərbi birliklər yaradıldı. Birliklərin formalaşmasında istifadə olunan əsas qüvvələr keçmiş Polşa Legionuna bağlı olan birliklər idi.

1917-ci ilin iyul ayında baş verən And böhranından sonra Polşa Legionuna bağlı olan əsgərlərin 1/4-i Almaniya İmperatoru II Vilhelmə sədaqət andı içməkdən imtina edir. Ümumilikdə 70 min nəfərlik hərbi qüvvənin 50 min nəfəri imperatora bağlılıq göstərdi və daha sonra bu qüvvələr əsasında Polşa Vermaxtı formalaşdırıldı. 19 oktyabr 1918-ci ildə birliklərin komandanlığı Polşa Tənzimləmə Şurasına verildi və müstəqilliyini əldə edən ölkə öz ordusunu bu qüvvələr əsasında formalaşdırdı.