Xəzər suitisi (lat. Pusa caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Kateqoriyası və statusu: EN – Təhlükə altındadır, təbii şəraitdə son 10 ildə 50-80 % azalıb.
Xəzər suitisi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Xəzər suitisi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il).
Bədənin uzunluğu 150 sm-ə qədərdir, orta çəkisi 75 kq, maksimal çəkisi isə 100 kq-dır. Bədəni nisbətən kökdür, boynun qısa olmasına baxmayaraq, az da olsa nəzərə çarpır, başı böyük deyil. Yastılanmış vibrisin kənarları dalğavaridir. Rəngi fərqli şəkildə dəyişir. Bədənin üst qatı tünd, qarın hissəsi isə açıq boz rəngdədir. Bütün bədən boyunca tünd boz, qəhvəyi, bəzən isə qara rənglərdə nizamsız ləkələr müxtəlif ölçü və formalarda yayılmışdır. Erkək cinsin dərisinin rəngi dişilərdən fərqli olaraq daha parlaq və kontrastlıdır.
Xəzərin bütün akvatoriyasını və arxipelaqlar qrupunu əhatə edir. Lakin bir yerə toplanması qida və reproduktiv miqrasiyalarla əlaqədar olaraq mövsümidir. Azərbaycanda — Xəzərin Azərbaycan sektorunun bütün akvatoriyasını və Abşeron arxipelaqının ayrı-ayrı adalarını əhatə edir. Son 5-6 ildə Azərbaycan akvatoriyasında onların daimi yataqları artıq mövcud deyil. XX əsrin 30-cu illərində Şah Dili və ona bitişik adalarda suitilərin ovlanması həyata keçirilirdi. Hər il on minə yaxın suiti ovlanırdı. 60-70-ci illərdə onların yatağı demək olar ki, Abşeron və Bakı arxipelaqlarını bütünlüklə əhatə edirdi.
İstirahət məqsədilə adalara və dillərə, bəzən isə sahilə çıxırlar. Mövsümi miqrasiyanı həyata keçirirlər: Noyabr-dekabr aylarında Xəzərin şimali akvatoriyası olan Rusiyanın və ən başlıcası Qazaxıstanın sahillərində məskən salırlar. Burada yanvarın 25-dən fevralın 5-nə kimi buz meydançalarında balalama dövrü başlayır. Bala suitilər ağ kürkə bürünürlər. Laktasiya dövrü bir ay davam edir. Bala suitilər dünyaya gəldikdən iki həftə sonra tüləmə baş verir və ağ rəngini boza dəyişir. Laktasiya dövrü bitdikdən sonra dişi suiti körpəsindən uzaqlaşır və onlarda yenidən cütləşmə dövrü başlayır. Hamiləlik dövrü 11 ay davam edir. Balalama, laktasiya və cütləşmə dövründə suitilərdə zəif qidalanma və çəkilərinin təxminən yarıya kimi itirilməsi müşahidə olunur. Buzlar əriməyə başladıqda onların qidalanma məqsədi ilə Mərkəzi və Cənubi Xəzərə doğru yaz miqrasiyası başlayır. Aprelin sonu mayın əvvəllərində suitilər Azərbaycan akvatoriyasına gəlməyə başlayırlar. Bu dövrdə suitilərin çoxsayda toplaşdığı yerlər Abşeron arxipelaqının adaları, xüsusilə Çilov adası, həmçinin Pirallahı və Çilov adaları arasında yerləşən adalardır (Kiçik Tava, Böyük Tava, Tavaaltı, Dardanel). Həmin dövrdə suitilərin sayı 2000-ə çatır. Bundan sonra suitilər miqrasiyanı qida obyektlərinə (əsasən kilkə balığı) görə müəyyənləşdirərək, bərabər şəkildə mərkəzi və cənubi Xəzər istiqamətində bölünürlər. Suitilər iyun ayında Xəzərin İran sahillərinə çatırlar.
XX əsrin əvvəllərində onların sayı bir neçə millyon təşkil edirdisə, 1990-cı ildə onların sayı 400-500 minə kimi azalmışdır. Hazırda suitilərin sayı 100-110 mindir. Demək olar ki, son 20 il ərzində onların sayı dörd dəfə azalmışdır.
Antropogen təsirlər: həyəcan faktoru, miqrasiya yollarının pozulması; brakonyerlərin balıq ovu nəticəsində suitilərin torlara düşməsi və tələf olması; suitilərin məskunlaşdığı yataqlarda brakonyerlər tərəfindən məhvi (dəri, yağ və qaraciyər əldə etmək məqsədilə); Şimali Xəzərdə onların ovlanması; sahildə tikililərin fəal şəkildə aparılması; kimyəvi maddələrdən zəhərlənmə (üzvi xlortərkibli birləşmələr); parazit qurdlarla yoluxma (26 növdən artıq helmintlər); bakterioloji yoluxmalar; salmonella; it vəbası və qızılca viruslarından (morbil virusu) yaranan epidemiyalar; qida mənbəyinin kəskin şəkildə azalması (Mnemiopsis ledi molyuskaların yaranması səbəbindən).
Görülmüş tədbirlər daha çox rəsmi xarakter daşıyır. Suitilərin yataqlarının və mövsümi toplandığı yerlərin balıqçılardan, quş ovçularından və digər nəqliyyat vasitələrindən mühafizəsini təşkil etmək, brakonyerlər tərəfindən çoxmetrli torların qurulmasına və suitilərin onlara düşən halda məhv edilməsinə nəzarət, yerli əhali arasında təbliğat işləri aparmaq.