Qüdrət İsaqov

Qüdrət İsaqov — fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki; Rusiyada nəşr olunan "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın Redaksiya şurasının üzvü[1] və "Beynəlxalq Kosmonavtika jurnalı"nın baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı.

Qüdrət İsaqov
Doğum tarixi 2 iyun 1950(1950-06-02) (74 yaş)
Doğum yeri
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor

2 iyun 1950-ci ildə anadan olmuşdur[2].

Onun karyerasının böyük bir hissəsi AMEA-nın Fizika İnstitutu ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda 1973–1976-cı illərdə aspirant, 1976–1984-cü illərdə kiçik elmi işçi, 1984–1992-ci illərdə isə böyük elmi işçi olmuşdur.

1992–1993-cü illərdə Azərbaycan Respublikasının Prezident Aparatında Strateji Proqramlar şöbəsinin baş mütəxxəssis işləmiş və həmin dövrdə Azərbaycan elektroenergetika sənayesinin problemləri ilə məşğul olmuşdur. 1993–1995-ci illərdə Azərbaycan Ticarət-Sənaye Palatasının Təşkilat şöbəsinin rəisi olmuşdur.

1995-ci ildə yenidən AMEA-nın Fizika İnstitutuna qayıdır və indiyədək orada işləyir.

2005-ci ildə "Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elə həmin il Rusiyada nəşr olunan və redaksiya kollegiyasında 40 ölkənin 120 nəfər dünya şöhrətli alimlərini birləşdirən "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın baş redaktorunun müavini təyin edilmişdir.

2007-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir. Hazırda həmin akademiyanın Alternativ Energetika və Ekologiya Bölməsi sədrinin müavinidir.

2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində namizəd olmuş, daha sonra isə namizədliyini geri götürmüşdür.

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində namizəd olmuş, daha sonra isə namizədliyini geri götürmüşdür.[3]

Əsas elmi nəticələri

[redaktə | mənbəni redaktə et]

Qüdrət İsaqov ictimai-siyasi proseslərə aid yüzlərlə məqalələrin və dünyanın nüfuzlu jurnallarında dərc edilmiş 100-dən çox elmi işin müəllifidir. Dünyanın nüfuzlu alimləri və bir sıra elmi institutları onun elmi işlərinə yüksək rəsmi rəylər vermişlər. O, dünyada ilk dəfə mürəkkəb sistem olan yarımkeçirici-metal evtektik kompozisiyalarında həm klassik, həm də kvant elektron proseslərinin mexanizmlərini aydınlaşdıraraq, kondensə olunmuş hal fizikası elmində yeni istiqamət yaratmışdır. Əldə etdiyi ən mühüm nəticəl aşağıdakılardır:

  • İlk dəfə yarimkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozrfson effekti tapmışdır. Bu nəticə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə 1987-ci ildə təbiət və ictimai elmlər sahəsində Sovet elminin mühüm nəticələri sırasına daxil edilmişdir.
  • İlk dəfə yarimkeçirici-metal evtektik kompozisiyalarda klassik və kvant perkolyasiya hadisələrini tapmış və onların mexanizmlərini aydınlaşdırmışdır.
  • İlk dəfə yarimkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda ifrat cərəyanın axması modeli yaratmışdır.
  • İlk dəfə diskret, sonlu və sonsuz Cozefson klasterlərinin fəza və energetik modellərini yaratmışdır.
  • İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyaları əsasında orijinal tenzorezistorlar yaratmış; onların parametrlərinin idarə olunmasının ümumi qanunauyğunluqlarını müəyyənləşdirmişdir.
  • İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyalarında klassik və kvant effektlərinin idarə olunmasının ümumi qanunauyğunluqları müəyyənləşdirmişdir.
  • İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyalarda yeni model yaratmış, yükdaşıyıcıların anomal temperatur asılılıqlarını izah edən düstur tapmışdır.
  • İlk dəfə yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozefson effektinin parametrlərinin idarə olunmasının ümumi qanunauyğunluqları müəyyənləşdirmişdir.
  • İlk dəfə yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozefson şüalanmasının, Cozefson zəif əlaqələrinin və klasterlərinin ümumi sayını tapmağa imkan verən düsturu tapmışdır.
  • Hidrogenləşdirilmiş silisium-germanium amorf bərk məhlulları əsasında yaradılmış strukturların Günəş elementləri üçün yararlı olduğunu müəyyənləşdirmişdir.
  1. "Arxivlənmiş surət". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-05.
  2. Onlar Azərbaycanın Prezidenti olmaq istəyirlər (Seçkiyə qatılmış şəxslərin rəsmi siyahısı) [ölü keçid]
  3. Qüdrət İsaqov namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü. modern.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)