Qırmızımeyvəli ardıc

Qırmızımeyvəli ardıc (lat. Juniperus phoenicea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.

Qırmızımeyvəli ardıc
Elmi təsnifat
Aləm:
Şöbə:
Yarımsinif:
Dəstə:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Qırmızımeyvəli ardıc
Beynəlxalq elmi adı

Qafqaz, Krım, İran, Türkiyə, Balkan yarımadasında, Aralıq dənizi boyunca Madeyra adaları na qədər olan geniş ərazidə yayılmışdır. Hündürlüyü 6 m-ə çatan alçaqboylu, düzgövdəli ağac və ya koldur. Zoğları qısa, yaşıl və ya sarımtıl-qonur rəngdədir. Köhnə budaqları və gövdəsinin qabığı açıq-boz, cavan zoğları sarımtıl-qonur rənglidir. Yarpaqları üfüqi vəziyyətdə, xətvarı-iynəşəkillidir, uzun tikanı sivridir, üst tərəfində yaşıl rəngli orta damarı boyunca uzanmış iki ağ zolağı, alt tərəfində sivri və ensiz tili vardır, vəziləri yoxdur, uzunluğu 11–20 mm və eni 2 mm-ə qədərdir. Erkək qozalar xırda və kürəşəkilli olub, çox qısa ayaqcıqlar üzərindədir, pulcuqları dəyirmidir, yanlarında dişləri vardır. Meyvələri yarpaqdan qısa, saplaqsız, kürə formalə olub, diametri 9–11 mm, pas rəngli və ya qonuraçalan-qırmızıdır. Yetişmiş meyvələri üzərində 3-6 pulcuğu vardır, onların ucu sivri və ya düzdür, təpələrində aydın görünən çapıqlarla bir-birindən aralanmışdır. Meyvələri payızda yetişir qışa qədər tədricən tökülür. Oduncağı qırmızımtıl-ağdır, möhkəmdir və spesifik xoş qoxuya malikdir. Toxumları 2-3, bəzən 1-4 ədəd olub, dəyirmi və ya kürəşəkilli-yumurtavarıdır, aydın görünməyən üçüzlüdür, üst tərəfi içəriyə doğru basıqdır, 5–7 mm uzunluqdadır.

İşıqsevən, quraqlığa, küləyədavamlı, torpağa az tələbkar, kök sistemi yaxşı yayılmış dekorativ bitkidir. Külək vasitəsilə tozlanır. Toxumla çıxaldılır. Azərbaycanda, Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-da, Qubada kolluqlarda, qayalarda, quru və çınqıllı-daşlı yamaclarda yayılmışdır.

Yaşıllaşdırmada küçə və parklarda qrupla, tək-tək əkmək üçün istifadə etmək olar. Qırmızı ardıcın dik dayanan, qollu-budaqlı, yerə sərilən və s. müxtəlif formalarına rast gəlinir. Toxumlarında və iynəyarpaqlarında efir yağı vardır. Dəri və bronxit xəstəliklərində antiseptik dərman kimi işlədilir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1040.