Qızılsəbət

Qızılsəbət (lat. Solidago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Qızılsəbət
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bitkinin botaniki adı latın sözündən götürülərək "solidare" — "sağlamlığını möhkəmləndir", "solidum agaere" — "müalicə et, sağalt" mənasını bildiıir. Bitkinin adı isə qızılsəbət və ya qızıl çubuq adlanır.

Bu cinsə təxminən 130 növə yaxın çoxillik ot bitkisi daxildir. Onların vətəni Şimali Amerika, Avrasiyanın mülayim iqlim zonaları və Cənubi Amerika dağlarıdır. Kanada qızılsəbəti (S. canadensis) — hündürlüyü 180 sm-ə çatan kökümsovlu, çoxillik bitkidir. Sarı rəngdə olan xırda səbət gülləri piramidaşəkilli çiçək qrupunda toplanmışdır.

Bitkinin vətəni Kanada, ABŞ-nin şərqi və Meksikanın şimal-şərq vilayətləridir. Gülçülükdə Kanada qızılsəbəti 1648-ci ildən istifadə olunur. Çiçəklərinin hündürlüyü, forması, ölçüsü, rəngi və müxtəlif çiçəkləmə vaxtına görə fərqlənən hibrid bağ formaları vardır.

Qızılsəbət qələmlə çoxaldılır. Gövdənin aşağı hissəsində yerləşən yarpaqları uzunsov lansetvari, yuxarıdakılar isə enli lansetvaridir. Çiçəkləri boru və dilşəkilli olub, sarı rəngdədir. Səbətciyi uzunsov süpürgəvari çiçəkdir. İyul-avqust aylarında çiçək açır, avqust-sentyabrda meyvəsi yetişir.

Adi qızılsəbət Azərbaycanın Quba, Lənkəran rayonlarında yayılmışdır. Bitkiyə orta dağlıq zonalardan başlamış, subalp sahələrə qədər rast gəlmək olar. Qızılsəbətə ən çox meşəliklərdə, kolluqlarda, dağ çəmənliklərində, eləcə də bağ və bostan sahələrində təsadüf etmək olar.

Qızılsəbət dərman bitkisi kimi elmə XVI-XVII əsrlərdən məlum olmuşdur. Hazırda bir sıra Avropa ölkələrində ondan hazırlanan preparatların köməyilə bir çox xəstəliklər müalicə olunur. Dərman məqsədləri üçün bitkinin yuxarı hissəsində yerləşən və yarpaqlarla əhatə olunan budaq və çiçəklərindən istifadə olunur. Dərman üçün bitkini çiçək açan zaman toplamaq məsləhətdir. Bitkini çiçəyi solan zaman topladıqda isə qurudulmuş xammal didilir, dağılmağa başlayır. Toplanmış xammal daimi mehvuran kölgə yerlərdə qurudulmalıdır.

Qızılsəbət otunun tərkibində efır yağı, flavonoidlər, acımtıl maddə və fenol birləşmələri aşkar edilmişdir. Bitkidən hazırlanan cövhər, dəmləmə, məlhəm və preparatlardan bir sıra xəstəliklərdə - soyuqdəymədə, sidikqovucu, ödqovucu, büzüşdürücü vasitə kimi istifadə edilir. Bundan başqa bitkidən hazırlanan preparatlar böyrək, sidik kisəsi və öd yollarında olan daşların əridilib orqanizmdən kənar edilməsində işlədilir.

Qızılsəbət preparatlarından istifadə edən zaman sidiyin qələvilik xüsusiyyətləri artır, bunun nəticəsində urat və oksalat turşuları parçalanıb həll olunaraq böyrəkdən təmizlənir. Bundan əlavə bitkinin dəmləmə və cövhərindən sidik kisəsi, prostat vəzinin xroniki iltihabı, plevrit, pielonefrit və s. xəstəlikləri də müalicə edirlər.