Qədim Misir tanrılarının siyahısı — qədim misirlilərin ibadət etdiyi tanrıların, va fövqəltəbii mifik varlıqların siyahısıdır.
Misir inanclarında çoxlu tanrılar və fövqəltəbii mifik varlıqlar olmuşdur. Onların təsvir edərkən heyvan bədənlərinin müxtəlif hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə edirdilər. Bu siyahıda onların bəziləri verilmişdir.
Aker — Yerin tanrısı, ölülərin himayəçisi, gələcək dünyanın qapılarının qoruyucusu, Günəşin çıxıb batmasının gözətçisi, insanların qoruyucusu olmuşdur. Onu bir-birinə arxası çevrilmiş aslanlar kimi təsvir edirdilər. Onların arasında isə Günəş olmuşdur. İkinci dərəcəli tanrı olduğuna görə, Akerin bəlli olan tapınma yerləri olmamışdır. | |
Amat — ona hörmət göstərilsə də tanrı sayılmırdı. Buna görə də onun tapınaqları (məbədləri) olmamışdır. Bədəni ilə ön ayaqları aslanın, arxa ayaqları kərkədanın, başı isə timsahın olan əjdaha kimi təsvir olunurdu. Misirlilər inanırdılar ki, ölülər dünyası olan Duatda, odlu göldə yaşayırdı. Orada Osirisin məhkəməsindən başı uca çıxa bilməyən günahkarları yeyirdi. | |
Amaunet — ən qədim Misir tanrıçalarından biri idi. Öncə yerli tarıça olmuş, sonra isə bütün Misir ona tapınırdı. Onun məbədi Hermopolisdə olmuşdur. Amaunet yaradıcı tanrıça idi. Onun kişi bənzəri tanrı Amon olmuşdur, onlar ər-arvad idilər. Onların cütlüyü hər şeyin başlanğıcının rəmzi olmuşdur. Amauneti insan bədənli və ilan başlı təsvir edirdilər. | |
Amentet — ən qədim Misir tanrıçalarından biri idi. Əvvəl yerli tanrıça olmuş, sonra isə bütün Misir ona tapınırdı. Onun tanınmış mədədləri Abidosda və Memfisdə olmuşdur. Amentet qərb səhrasının tanrıçası idi. Misirlilərin inanclarına görə, oralar ölülərin yurdu idi. O ölülərə himayəçilik edirdi, onları Duatda qarşılayırdı. O, başında qərb heroqlifi ilə təsvir olunurdu. | |
Amon — Öncə yerli tanrı idi, sonra isə ona bütün Misir tapınırdı. Bizim eramıza yaxın dönəmlərdə onu, İsis və Osiris tanrılarının kultu sıxışdırıb ortalıqdan çıxartmışdır. Amonun məbədi Hermopolisdə yerləşirdi. Qədim zamanlarda o, yaradıcı tanrı sayılmış, hər şeyin başlanğıcında durmuşdur. Onun qadın bənzəri Amaunet olmuşdur. O zaman Amonu başı qubbağa olan bir kişi şəklində təsvir edirdilər. Sonrakı dönəmlərdə isə onun kultu genişlənmişdir. Orta çarlıq çağlarında ona havanın və günəşin tanrısı, Tebes şəhərinin qoruyucusu kimi tapınırdılar. Yeni çarlıq dönəmində isə Amon artıq yaradıcı baş tanrı olmuşdur. İnsanlar onun bütün tanrı, insanları və bütün varlığı içərilədiyinə inanırdılar. O zaman Amon rəsmi ölkə tanrısı idi. Onu üzərində günəş diski olan tacla təsvir edirdilər. Həm də onu qoyun, ya da qoyun başlı insan kimi də təsvir edirdilər. | |
Amset — ikinci dərəcəli tanrı olmuşdur. Ona göy tanrısı və Osirisin silahdaşı kimi tapınırdılar. O ölüləri yola salırdı, onların orqanlarının küpələrdə (kanopalarda) mümiyalanmasında yardımçı olurdu (misirlilər ölünün orqanlarını bədəndən çıxarıb, onları kanopalarda mumiyalayırdılar). Amseti insan başlı kanopa şəklində təsvir edirdilər. | |
Anubis (qiptica İnpu) — bütün Misirdə tanınmış tanrı olmuşdur. Onun başı çaqqalın, bədəni isə insanın olmuşdur. O məzarlıqların himayəçisi, ölülər dünyasının hakimlərindən biri, ölüləri öz yerlərinə yola salan kəs, zəhərlər və dərmanların qoruyucusu idi. Ulu tanrı Ranın oğlu idi, onun arvadı Bast tanrıcası idi. Anubisin başlıca məbədi Kinopolis şəhərində olmuşdur. | |
Anuket (yunanca Anukis) — öncə yerli tanrıca olmuşdur. Daha sonra ona bütün Misir tapınırdı. O Nil çayının bir bölgəsinin, Asuanın və Elefantina adasının himayəçisi idi. O Xnum və Satis tanrılarının qızı idi. Anukisi başı lələkli taclı qadın şəklində təsvir edirdilər. | |
Anhur (yunanca Onuris) — ən əski yerli tanrılardan biri idi. Sonra onun kuttu bütün Misirdə yayılmışdır. O hər şeyi yaradan, eləcə də ovun, savaşın tanrısı, Ranın yadımçısı idi. | |
Apis — tanrı Ptahın ya da Osirisin yerdəki təcəssümü sayılan inək olmuşdur. Ona bəzən ayrıca tanrı kimi də tapınırdılar. Əski çarlıq dönəmində Apis, Memfisin tanrısı olan Ptahın təcəssümü idi. Misirlilər Ptahın ruhunun diri inəkdə olduğunu sanırdılar. Bunun üçün hansısa bir inək Apis seçilirdi. Onun ölümündən sonra Ptahın ruhu başqa inəyə köçürdü. Bu inəklərə insanlar tapınırdılar. Gələcəkdə isə Apisin Osirisin ruhunun daşıyıcısı inancı yayılmışdır. Onun məbədi Heliopolisdə ucaldılmışdır. | |
Aton — kultu Orta çarlıq çaqlarından yayılmışdır. Öncə günəş diskinin rəmzi, sonra günəş tanrısı olmuşdur. Firon Ehnatonun hakimiyyəti dövründə çox qısa zaman ərzində Misirin tək və bir tanrısı elan olunmuşdur. Onu günəşli, şüalı disk kimi təsvir edirdilər. | |
Atum — öncə yerli tanrı olmuş, sonra isə ona bütün Misir tapınırdı. Sonda onu tanrı Ranın kultu sıxışdırmışdır. Onun başlıca məbədi Heliopolisdə idi. O dünyanı yaradan (demiurqos) axşam çağının tanrısı idi. Atumu fironların geyimlərini geymiş qoca insan kimi təsvir edirdilər. Misirlilər onun təcəssümünü ilanlarda, meymunlarda, aslanlarda, kərtənkələlərdə görürdülər. | |
Banebcedet — verimlilik (münbitlik), doğum, çoxuşaqlılığın tanrısı olmuşdur. Başqa tanrıların təcəssümü kimi də çıxış edirdi. O, dörd qoyun başlı insan kimi təsvir olunurdu. Ona bənzər tanrı yuxarı Misirdə Xnum olmuşdur. Qoyun kişilik, seksual gücün rəmzi olmuşdur. Benebcetin haqqında çoxlu seksual məzmunlu əsatirlər olmuşdur. Buna görə də əski xristianlar onu qadınlara yaxınlıq axtaran şeytan saymışdırlar, onu keçibaşlı təsvir edirdilər. | |
Bastet — sevgi, seninc, qadın gözəlliyi tanrıcası idi. Pişik, ya da pişik başlı qadın kimi təsvir olunurdu. | |
Bennu — oddan yaranan, özünü ara-sıra odda yandırıb, sonra yenidən dirşələn quşdur. Bu quşun analoqları yunanlarda Feniks, türklərdə isə Humay olmuşdur. Bennu ölulərin dirilməsinin rəmzi idi. | |
Geb — yerin tanrısı, yaradıcı, Misirin ilahi fironu olmuşdur. Başında tacı (bəzən üstündə ördək) olan bir kişi kimi təsvir olunurdu. Onun başlıca tapınağı (məbədi) Heliopolisdə olmuşdur. | |
İsis (İsida) — təkcə Misirin deyil, əski dünyanın ən böyük tanrıcalarından biri olmuşdur. Butun xalqların tanrılaşdırılmış qadın obrazlarının bu tanrıca ilə bənzərlikləri olmuşdur. O, analığın və qadınlığın idealı idi. İsis Horusun anası idi. Horus isə fironların himayəçisi idi. Buna görə İsis fironların anası sayılırdı. O Osirisin arvadı idi. Onun tapınaqı Heliopolisdə olmuşdur. | |
Kuk və Kauket — öncə yerli, sonra isə bütün Misirin kişi və qadın tanrıları olmuşdurlar. Onlar dünyanın yaradıcılarından idilər. Onlar "qaranlıq" olan ilk başlanğıcın rəmzi idilər. İlan başlı qadın və kişi kimi təsvir olunurdular. Tapınaqları (məbədləri) Hermopolisdə idi. | |
Maat — öncə yerli olan, sonra isə bütün Misirdə tanınan tanrıca idi. Onun tapınağı (məbədi) Tebesdə olmuşdur. Misirlilər Maata dünyanın yaradıcısı və həqiqətin rəmzi kimi tapınırdılar. Başında dəvəquşu lələyi olan qadın kimi təsvir olunurdu. | |
Min — Misirin bir çox bölgələrində, eləcə də Nubiyada ona tapınırdılar. Tapınaqları Panapolisdə, Ombosda və Koptosda olmuşdur. Min verimlilik (münbitlik), alış-veriş və doğu (qərbi) səhraların tanrısı idi. | |
Montu — Savaş tanrısı idi. Əski çarlıq dönəmində bir neçə tanrının bir olan təcəssümü olmuşdur. Misir firolarının 11-ci sülaləsi çağlarında ölkənin baş tanrısı elan olunmuşdur. Üzərində günəş olan şahin başlı kişi şəklində təsvir olunurdu. | |
Naunet — Bütün Misirdə tanınan tanrıca olmuşdur. Tanrı Nunla birlikdə dünyanın başlanğıcında düşünülürdü. Tapınaqı (məbədi) Hermopolisdə idi. | |
Nebethet (yunanca Neftis) — Geb bə Nutun qızı, İsisin bacısı idi. Öz adının heroqlifi ilə qadın şəklində təsvir olunurdu. O, gizli olan hər şeyin, eləcə də ölüm tanrıcası idi. Bəzi yerlərdə ona təbibliyin tanrıcası kimi tapınırdılar. Onun tapınaqı Heliopolisdə olmuşdur. | |
Nefertum — bitkilərin tanrısı olmuşdur. Sehmet və Ptahın oğlu idi. Onun simvolu nilufər olmuşdur. Başlıca tapımaqı (məbədi) Memfisdə idi. | |
Nun — öncə yerli, sonra bütün Misirdə tanınılan tanrı olmuşdur. Onun tapınaqı Hermopolisdə idi. O yaradıcı tanrı (demiurqos) idi. Onun qadın cütlüyü Naunet olmuşdur. Onlar birlikdə yaradılışdan öncəki ilkin okeanın sularını təcəssüm edirdilər. Onu qurbağa başlı insan kimi təsvir edirdilər. | |
Nut — öncə yerli, sonra bütüm Misirdə tanınan tanrı olmuşdur. Tapınaqı Heliopolisdə idi. Günəşi, ulduzları, tanrıların çoxusunu doğmuş göy tanrıcası idi. O, ölüləri göylərə qaldırıb, orada onları qoruyurdu. Onu bütün yeri örtmüş qadın, ya da göyü bürüyən inək şəklində təsvir edirdilər. | |
Osiris (qipticə Usir) — ən sayılan Misir tanrılarından biri idi. Geb və Nutun oğlu, İsisin qardaşı və əri, Horusun atası olmuşdur. Dirçəlişin, dirilmənin, ölülər dünyasının tanrısı idi. O, həm də ölülərin hakimi idi, onların günahlarını tərəzidə çəkirdi. Onun tapınaqı (məbədi) Heliopolisdə idi. Bəzən şahin başlı insan kimi təsvir olunurdu. | |
Ra — günəş tanrısı idi. Misirlilərin baş tanrısı olmuşdur. Onun tapınaqı (məbədi) Heliopolisdə yerləşirdi. Orada Ra daha əski çağlardan bəri tapınılan tanrı Atumla eyniləşdirilmişdir. Bundan başqa Ra Misirin çeşidli bölgələrində yerli tanrılarla da eyniləşirdi: Tebesdə Amonla, Elefantinada Xnumla. |
Əski Misir tanrıları // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri.
Рак. И. В. Египетская мифология. Издание второе, переработанное и дополненное. СПб.: «Журнал “Нева”», «Летний сад», 2000.