Qənimət Zahid

Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti.

Qənimət Zahid
Xalq Azadlıq Partiyasının sədri
 – 1997
ƏvvəlkiYunus Oğuz
SonrakıYunus Oğuz
Şəxsi məlumatlar
Doğum tarixi 10 fevral 1963(1963-02-10) (61 yaş)
Doğum yeri
Partiya
  • Azərbaycan Yurddaş Partiyası[d] (1997bilinmir),
  • Xalq Azadlıq Partiyası[d] (19941997)
Təhsili
Fəaliyyəti jurnalist

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib. 1994-cü ildə "Yeni Nəsil" Jurnalistlər Birliyini təsis edib və onun ilk sədri olub. 1998-ci ildə "Azad Söz" Jurnalistlər Birliyini təsis edib və onun ilk sədri olub. 2002-ci ildə "Bakı Həftəliyi" adlı qəzet nəşr edib. 2003-cü ildə yenidən "Azadlıq" qəzetinin rəhbərliyinə qayıdıb[1].

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunub, 4 il cəza alıb, 2010-cu ilin martın 17-nə qədər həbsxanada olub. Yerli və beynəlxalq hüquq müdaifə təşkilatları onu siyasi səbəblərlə həbs edilən vicdan məhbusu olaraq tanıyıblar. Cəza müddətini 17 saylı cəzaçəkmə müəssisəsində keçirib[2].

2006-cı ildə Qənimət Zahid Həcc ziyarətində olub.

2012-ci ilin aprel ayının 6-dan başlayaraq efirdə olan "Azərbaycan saatı" adlı həftəlik televiziya proqramının müəllifi və yaradıcısıdır. "Azərbaycan saatı" Azərbaycanda siyasi senzuranı tanımayan ilk televiziya proqramıdır. Ardıcıl və prinsipal jurnalist fəaliyyətinə görə "Sərhədsiz Reportyorlar" beynəlxalq Jurnalist təşkilatının "Dünyanın 100 informasiya qəhrəmanı" siyahısına daxil edilib. 2016-cı ilin oktyabr ayının 8-dən efirə çıxan Turan TV-nin yaradıcısıdır. Turan TV "Azərbaycan Saatı" proqramının bazasında yaradılıb, Azərbaycanın ilk müstəqil peyk televiziyasıdır.

Qənimət Zahidin təşəbüsü iə 2016-cı ildə azərbaycanlı siyasi mühacirlərin AND (Azərbaycan naminə Demokratiya) adlı bir təşkilatı yaradıldı. Təşkilatın təsis yığıncağı 2016-cı ilin sentyabr ayında Strasburqda olub.

Qənimət Zahid eyni zamanda, bədii yaradıclıqla məşğuldur. Həbsxana mövzusunda yazdığı "Ölüm korpusu" adlı romanı ingilis dilinə də çevrilib. "The Death Building" adlı bu kitab Amazon online satış bazası üzərindən satışdadır. 2019-cu ilin sonlarında onun adlı daha bir romanı da Azərbaycanda çap edildi. "Son dərviş" tarixi- fəlsəfi mövzuda, postmodern üslubda yazılmış əsərdir.

2022-ci ilin yanvar ayında Qənimət Zahidin "Canavar" adlı daha bir romanı çap edilib. Bu romanda ötən sərin 70-ci illərindəki bir Azərbaycan sovet kəndinin həyatı təsvir edilir.

Qənimət Zahid "Sərhədsiz Reportyorlar" Beynəlxalq Jurnalist təşkilatının köməyi ilə 2011-ci ildə Fransaya köçüb. Hazırda ailəsi ilə birlikdə Fransada yaşayır.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəlidir. 1991-ci ildə Ayəndə Mürsəliyeva ilə ailə həyatı qurub. Dörd övladı var.

  1. QƏNİMƏT ZAHİD "QURAN"ı AVAZLA OXUMAĞI ÖYRƏNİR [ölü keçid]
  2. "JURNALİSTLƏR HƏBSDƏ QALDI". 2015-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]