Qərbi Birulyovo iğtişaşları — 2013-cü il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi nəticəsində baş vermiş iğtişaşlar. Yuri Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və "skinhedlər" Qərbi Birulyovo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhedlər" polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib. Lakin sonradan ilkin istintaqa verdiyi ifadənin əksinə danışan O. Zeynalov bildirib ki, saxlanılan zaman ona qarşı hüquq-mühafizə orqanları tərəfindən kobudluq olub: "Mən vəhşicəsinə döyülmüşəm. İstintaqa ifadə verən zaman isə özümdə olmamışam. Məni döyürdülər, ona görə də yanlış ifadə vermişəm". O, ifadəsində Y. Şerbakovu qətlə yetirmədiyini söyləyib: "Mən heç kimi öldürməmişəm. Hadisə baş verən gün ümumiyyətlə Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim".[1]