Qərib Calalov

Calalov Qərib İsaq oğlu — texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri.

Qərib Calalov
Calalov Qərib İsaq oğlu
Doğum tarixi (87 yaş)
Doğum yeri Baş Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
Təhsili

Qərib Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur.

1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

1990-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1990-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu.

2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.

Onun əsas elmi fəaliyyəti deformasiya olunan böyük yatma dərinlikli məsaməli, çatlı və çatlı-məsaməli neft və qaz yataqlarının kollektorlarında baş verən süzülmə proseslərinin hidro-qazdinamik modelləşdirmə üsullarının yaradılması üzrə kompleks tədqiqatlar aparılması və bu tədqiqatlar əsasında işlənmənin texnoloji göstəricilərini təyin etməyə imkan verən yeni effektiv hesabat sxemlərinin işlənməsi ilə bağlıdır.

Keçiriciliyə nəzərən qeyri-bircins layların modelləşdirilməsinin yeni üsulu təklif edilmiş və süzülmənin qazhidrodinamik məsələlərinin dəqiq və təqribi analitik həlləri alınmışdır. Maye və qazın qərarlaşmamış süzülməsi şəraitində deformasiya olunan layların süzülmə-tutum parametrlərinin identifikasiyası üsulu yaradılmışdır. 180-dən elmi məqalənin (bunlardan 30-u xaricdə çap olunmuşdur), 2 monoqrafiyanın müəllifidir. İndiyədək onun rəhbərliyi ilə 8 nəfər elmlər namizədi alimlik dərəcəsinə yiyələnmişdir.

Amerika Beynəlxalq mühəndis neftçilər cəmiyyətinin üzvüdür. 1985-ci ildə "Əmək veteranı" medalı, 1985-ci ildə bir qrup alimlə birgə "Mürəkkəb dağ-geoloji şəraitlərdə çoxsaylı neft və qaz yataqlarının öyrənilməsinin dağ-geofiziki və hidrodinamiki üsulları kompleksinin yaradılması və tətbiqi" işinə görə akad. İ.M.Qubkin adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə mükafatlanıb.

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  1. Birgə istismar olunan çoxtəbəqəli yataqlarda quyuların tədqiqi məlumatlarının analizi (ingilis dilində) Project report İDOGD/UNOCAL, USA.
  2. Neft və qaz yataqlarının işlənməsi prosesində terrigen kollektor süxurlarının süzülmə-tutum xassələrinə lay təzyiqinin təsiri (rus dilində) Геология нефти и газа, №5, 1997.
  3. Karbohidrogen yataqlarının işlənmə tarixi məlumatları əsasında hidrodinamik modellərin sazlanması haqqında (rus dilində). Известия НАНА, серия науки о земле, №2, 2000.
  4. Çatlı kollektorların hidroqazdinamikası (rus dilində). Баку, Элм, 1988
  5. Flüyüdlərin qərarlaşmış süzülməsi şəraitində deformasiya olunan layların süzülmə-tutum parametrlərinin identifikasiyası metodikası(rus dilində). Баку, Элм, 1989
  • http://www.science.az saytı, struktur bölməsində AMEA-nın müxbir üzvləri
  • Alim və ziyalılar. "Bakı Universiteti Nəşriyyatı", Bakı, 2002, 582 səh.