Qətərin HƏMAS-a dəstəyi — Qətər dövlətinin Fələstinin HƏMAS silahlı təşkilatına dəstəyi. Qətər HƏMAS-ın əsas maliyyə dəstəkçisi və müttəfiqidir. Qətər HƏMAS-a 1,8 milyard dollardan çox vəsait köçürmüşdür.[1][2] 2012-ci ildə HƏMAS lideri Xalid Məşəl Suriyadan Qətərə köçəndə Qətər HƏMAS partiyasının rəhbərliyinə ev sahibliyi etmişdi.[3] HƏMAS-ın hazırkı rəhbəri İsmayıl Həniyyə 2016-cı ildən Dohada yaşayır.[4] Qətər HƏMAS-ın ən mühüm maliyyə dəstəkçisi və xarici müttəfiqi adlandırılmışdır.[5][6]
2007-ci ildə qruplaşma Fələstin İdarəsini Qəzzə zolağından devirdikdən sonra Qətər Türkiyə ilə birlikdə HƏMAS-ı dəstəkləyən yeganə ölkə idi.[3] 2008-ci və 2009-cu illərdə Xalid Məşəl Doha Sammitinə dəvət olunmuş, burada o zamankı Qətər əmiri Həməd ibn Xəlifə Sani ilə yanaşı oturmuş, Sani İsrailin Qəzzəyə qarşı müharibəsində İsrailin vurduğu ziyanı bərpa etmək üçün 250 milyon dollar vəd etmişdir. Bundan sonra HƏMAS və Qətər arasındakı əlaqələr möhkəmlənmişdir. Bu hadisələr Qətərin "Fələstin məsələsində" əsas oyunçuya çevrilməsinə səbəb olmuşdur. Qətər Qəzzənin blokadasını ədalətsiz və əxlaqsız adlandırmışdır. Bundan sonra Qəzzədə yerləşən HƏMAS hökuməti, o cümlədən keçmiş baş nazir İsmayıl Həniyyə Qətərə "şərtsiz" dəstəyə görə təşəkkür etmişdir. O vaxtdan bəri Qətər müntəzəm olaraq HƏMAS-a siyasi, maddi, humanitar və xeyriyyə yardımı verməyə başlamışdır.[7]
2012-ci ildə Həməd ibn Xəlifə Sani HƏMAS-ın hakimiyyəti altında Qəzzəyə səfər edən ilk dövlət başçısı olmuşdur. O, yenidənqurma məqsədləri üçün 400 milyon dollar yığmağa söz vermişdir.[8] Mənbələrdə qeyd edilmişdir ki, HƏMAS-ı müdafiə etmək Türkiyə və Qətər üçün siyasi cəhətdən faydalıdır, çünki Fələstin məsəsləsi öz ölkəsində vətəndaşları arasında xalq tərəfindən dəstək alır.[9]
7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna qəfil hücumundan və HƏMAS–İsrail müharibəsi müharibəsinin başlamasından sonra Qətərin Dohada HƏMAS siyasi ofisinə ev sahibliyi etməsi daha çox diqqət mərkəzində olmuşdur. Dohada Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Sani ilə birlikdə mətbuata açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken "HƏMAS ilə hər zamanki kimi iş ola bilməz" demişdir.[10][11][12]