Angry Birds kinoda[6] (ing.Angry Birds Movie) — 2016-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Animasiya filmi Rovio Entertainment istehsalı "Angry Birds" videooyunu əsasında çəkilmişdir. Filmin rejissorları Kley Keytis və Ferqal Reyli,[7] prodüserləri Con Koen və Katrin Uinder,[8] ssenaristi Con Vittidir.[9] Filmin istehsalında Sony Pictures Imageworks də iştirak etmişdir. Filmdəki əsas rolları Ceyson Sudeykis, Coş Qed, Denni Makbrayd, Mayya Rudolf, Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Bill Heyder, Piter Dinkleyc eləcə də Youtube-də uğur qazanmış Smosh səsləndirir.[10]
Xəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
Dörd Qəzəbli quş (Red, Çak, Bomb və Matilda) kiçik bir cənnətdə yaşayırlar. Lakin bir gün yaşadıqları yerə Donuzların gəldiyini öyrənirlər. Buna görə də Donuzların məkrli planlarını öyrənmək üçün birlikdə işə başlayırlar.
Finlandiya videooyun istehsalçısı Rovio Entertainment Vankuverdə Sony Pictures Imageworks ilə Angry Birds haqqında tammetrajlı animasiya filmi hazırlayacağını açıqlamışdır.[13][14][15][16][17] Rovio bunun üçün "Dəmir adam" və "Tor" filmlərində prodüser kimi işlər görən Devid Mayseli işə cəlb etmişdir.[18] 29 sentyabr 2014-cü ildə studiyalar film üçün UnlocktheFlock.com ünvanı ilə rəsmi sayt açmışdır.[19] 1 oktyabr 2014-cü ildə filmdən ilk görüntü yayımlanmışdır. Bu görüntüdə Ceyson Sudeykis quşların lideri Red kimi, Coş Qed sürətli Çak kimi, Denni Makbrayd Bomb kimi, Bill Heyder donuzların məkrli lideri Leonard kimi, Mayya Rudolf Matilda kimi, Peter Dinkleyc isə Qüdrətli qartal kimi görünmüşdür.[10] Filmin digər rollarına isə Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Hannibal Bures, Ayk Barinholts, Cillian Bel, Kristela Alonso, Daniel Bruks, Romeo Santos, Antoni Padilya və İen Hikoks təyin olunmuşdur.[12]
Filmin büdcəsi təxminən 80 milyon ABŞ dollarıdır (75 milyon avro).[3] Bundan əlavə, Rovio və Sony Entertainment filmin marketinqi və distributisiyası üçün təxminən 100 milyon € xərcləyəcək.[3] Dəqiq bölüşdürmə açıqlanmayıb, lakin Rovio bunun üçün 100 milyon € xərcləyə bilər. Bu isə filmi Finlandiya film sənayesində ən böyük büdcəli filmə çevirə bilər. Hazırda bu rekord 2014-cü il istehsalı "Böyük oyun" filminə məxsusdur (cəmi 8,5 milyon €).[3]
15 may 2013-cü ildə Sony Pictures Entertainment Rovio Entertainment ilə birlikdə filmin distributisiyası üçün əməkdaşlıq edəcəyini açıqlamışdır. Filmin çıxış tarixi kimi ilk öncə 1 iyun 2016-cı il tarixi müəyyənləşdirilmiş,[20] amma 2014-cü ilin dekabrında bu tarix 20 may 2016-cı il tarixinə dəyişdirilmişdir.[2]