Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında atıldı.
Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi Qafqaz müsəlmanlarına müraciət dərc etdi. Müraciətdə deyilirdi: "Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır" [1]
Hələ qurultay açılmamışdan əvvəl Azərbaycanın siyasi təşkilatları Rusiyanın gələcək siyasi quruluşu haqqında öz məramlarını elan etmişdilər. Onlar bütün Rusiyada demokratik respublikanın yaradılması ideyasını irəli sürən və müdafiə edən ilk təşkilatlardan biri idi.
Qurultayda Azərbaycanın siyasi partiya və ictimai təşkilatlarının, həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlmanlarının nümayəndələri iştirak edirdilər.
Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə Məhəmməd Əmin Rəsulzadə məruzə etdi. O göstərdi ki, "dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz".[2] Qurultay Qafqaz müsəlmanlarının milli-siyasi idealları haqqında Məhəmməd Əmin Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul etdi. Qətnamədə deyilirdi: "Federativ əsaslarla demokratik respublika Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən forma kimi tanınsın".[3]
RSDFP BK-nın qərarına əsasən qurultayın işində iştirak edən bolşevik hümmətçilər Nəriman Nərimanov, M.Əzizbəyov və R.Nağıyev nümayəndələr qarşısında tələblər irəli sürdülər. Onların tələbləri sosialist inqilabının ümumdünya miqyasında qələbəsi uğrunda hamını proletar Rusiyası şüarı altında birləşməyə çağıran sırf inqilabi şüarlardan ibarət idi. N.Nərimanov deyirdi: " Rusiyada inqilab ümumdünya imperialist müharibəsindən sonra bütün dünyada inqilabın başlanması deməkdir". O, kiçik xalqların taleyini yalnız fəhlə-kəndli Rusiyasının taleyi ilə bağlayırdı.[4]
Qurultay aprelin 20-də keçirilmiş iclasında Qafqaz müsəlmanlarının Müvəqqəti hökumətə, habelə müharibə və Rusiyanın digər xalqlarına münasibəti məsələlərini müzakirə etdi.
Qafqaz müsəlmanları qurultayı Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 6 mart tarixli qətnaməsinin "Əsgər və Fəhlə Deputatları Sovetinin razılığı ilə bəyan etdiyi prinsiplərini ardıcıl və dönmədən həyata keçirəcəyi müddətdən onun bütün tədbirlərini hər cəhətdən müdafiə etməyi zəruri saydı".[5][6]
Müharibəyə münasibət məsələsində isə qurultay Rusiya demokratiyasının müharibənin ilhaqsız və təzminatsız qurtarmaq tələbinə qoşulmağı qərara aldı. Başqa xalqlara münasibət məsələsinə gəldikdə isə qurultayın qərarında deyilirdi: "Rusiya dövlətinin bütün xalqlarının, o cümlədən Qafqaz xalqlarının milli-siyasi ideallarını həyata keçirmək cəhdləri hər vəchlə müdafiə olunmalıdır". Qurultay qarşılıqlı hörmət əsasında ümumi demokratik idealları həyata keçirmək məqsədilə onlarla yaxınlaşmağın zəruriliyini vurğuladı,[3] həmçinin Qafqazda qadınların vəziyyəti haqqında məsələni də müzakirə etdi. Məhəmməd Əmin Rəsulzadə müsəlman qadının azad və bərabər hüquqlu olmasını müsəlman xalqlarının milli-azadlıq mübarizəsində ən mühüm məsələlərdən biri kimi qiymətləndirdi. Məhəmməd Əmin Rəsulzadə göstərirdi:"Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır". Siyasi komissiyanın qətnaməsində müsəlman qadınlara kişilərlə bərabər siyasi və iqtisadi hüquqlar verilməsinin zəruri sayıldığı bəyan edildi.[7] Bu qətnamə Rusiyada ictimai həyatın bütün sahələrində kişilərə qadınların hüquqlarını bərabər tutan siyasi sənəd idi.
Qurultayın gündəliyinə fəhlə və torpaq haqqında məsələlər də daxil edilmişdi. Lakin qurultay bu məsələlərə aid qətnamə qəbul etmədi və onların həllini Müəssislər Məclisi çağırılana qədər təxirə saldı. Lakin buna baxmayaraq, qurultayda bu məsələlərə dair bəzi layihələr irəli sürüldü. Fəhlə və torpaq komissiyası adından məruzə edən X.P.Sultanov nümayəndələri fəhlə məsələsinə dair qətnamə layihəsi ilə tanış etdi. Həmin layihədə fəhlələrin həyat və güzəranını yüngülləşdirən bir sıra sosial islahatlar keçirilməsi təklif olunur, onların hamısının yalnız Müəssislər Məclisində qanunvericilik yolu ilə həll edilməli olduğu vurğulanırdı.
Torpaq məsələsinə aid aşağıdakı təkliflərin həyata keçirilməsi zəruri sayılırdı:"Qafqazda əməkçi kəndlilərin torpaq ehtiyaclarını ödəmək məqsədilə bütün dövlət, udel və idarə torpaqları müsadirə olunsun və iri xüsusi torpaq mülkiyyəti ədalətli qiymətlərlə məcburi şəkildə özgələşdirilsin".[7]
Məruzədə göstərilirdi ki, torpaqdan, istifadə edilməsi məsələsində meydana çıxa biləcək bütün mübahisə və anlaşılmazlıqlar kəndlilər, torpaq sahibləri və qəza icraiyyə komitələrinin nümayəndələrindən ibarət (barışdırıcı) komissiya tərəfindən həll edilməlidir.
Qurultayın müzakirə etdiyi son məsələ əhalinin əsas kütləsinin savadsız olduğu Qafqaz xalqları üçün çox böyük əhəmiyyəti olan kütləvi təhsil haqqında idi. Pedaqoq M.Ə.Əfəndiyevin məruzəsi üzrə "Türk dilində ümumi, məcburi və pulsuz təhsilin zəruriliyi haqqında" qətnamədə müəllim kadrlar hazırlamaq üçün seminariya və institutlar açılması nəzərdə tutulurdu.[8]
Qurultayın sonuncu günü Qafqazda müsəlman milli komitələrinin təşkili və iki mərkəzin - biri Şimali Qafqaz üçün Vladiqafqazda və digəri Cənubi Qafqaz üçün Bakıda yerləşən iki mərkəzi büro açılması haqqında qərar qəbul edildi.
Müsəlmanların Ümumqafqaz qurultayı Rusiya müsəlmanlarının siyasi həyatında mühüm rol oynadı, siyasi hadisələrin həmin mərhələsində onların mənafelərini ifadə edərək, Rusiya müsəlmanları milli hərəkatının gücləndirilməsi yollarını, demokratik respublika prinsiplərinə söykənən dövlət quruluşu seçimini müəyyənləşdirdi.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |