Qaleyi Sultaniyyə müqaviləsi

Qaleyi Sultaniyyə müqaviləsi və ya Çanaqqala müqaviləsi - Osmanlı-İngilis müharibəsinin nəticəsi olaraq 5 yanvar 1809-cu ildə, Osmanlı imperiyası ilə Birləşmiş Krallıq arasında imzalanmış sülh müqaviləsidir. Müqaviləyə Osmanlı tərəfini Mehmed Emin Vəhət Əfəndi, Birləşmiş Krallığı isə Robert Adair təmsil etmişdir.[1]

Qaleyi Sultaniyyə müqaviləsi
türk. Kale-i Sultaniye Antlaşması və ya Çanakkale Antlaşması
Müqavilənin tipi Sülh müqaviləsi
İmzalanma tarixi 5 yanvar 1809
İmzalanma yeri Çanaqqala, Osmanlı imperiyası
İmzalayanlar Mehmed Emin Vəhət Əfəndi
Robert Adair
Tərəflər Osmanlı imperiyası
Birləşmiş Krallıq
Dili Osmanlıca
İngiliscə

12 maddədən ibarət olan bu müqaviləyə görə Birləşmiş Krallıq işğal etdiyi torpaqları Osmanlı imperiyasına geri verəcəkdi. Osmanlı ərazisində olan və müharibə vaxtı malları müsadirə olunan Britaniyalı tacirlərin malları geri qaytarılacaqdı.

Müqavilənin IV maddəsi 1675-ci ilin sentyabrında Birləşmiş Krallıq ilə Osmanlı imperiyası arasında imzalanmış olan və daha əvvəlki Britaniya imtiyaz və kapitulyasiyalarının xülasəsi olan müqavilənin keçərli olduğunu bildirirdi. Buna əlavə olaraq V maddədə Birləşmiş Krallığın da öz sərhədləri içində ticarət edəcək olan Osmanlı gəmilərinə və tacirlərinə əlverişli şərait təmin edəcəyi bildirilirdi. VI maddədə Osmanlı imperiyasının müəyyən etdiyi gömrük həddinin Britaniyalı tacirlər tərəfindən qəbul ediləcəyi bildirilirdi.[1]

VII, VIII və IX maddələri diplomatik təmsil edilmə sahəsinə aid idi. Elçilərə qarşılıqlı olaraq hörmət göstəriləcək, Osmanlı dövləti öz təbəələrinin haqlarını qorumaq üçün Malta daxil olmaqla, Birləşmiş Krallıq hakimiyyətində olan torpaqlara şəhbəndər (konsul) göndərə biləcəkdi. Birləşmiş Krallığın Osmanlı torpaqlarındakı diplomatik nümayəndəliklərində tərcüməçi göndərməsi Osmanlı imperiyasının verəcəyi icazədən sonra münkün ola bilərdi. Tacir və sənətkarlara tərcüməçi icazəsi verilməyəcəkdi. Osmanlı imperiyası təbəəsi olan şəxs konsul təyin edilə bilməzdi. X maddəyə görə, Birləşmiş Krallıq Osmanlı təbəəsinin olan şəxsləri himayəsinə ala bilməzdi.

Müqavilənin ən mühüm maddəsi olan XI maddə görə, döyüş gəmilərinin Çanaqqalaİstanbul boğazlarından keçmələrinin əvvəlki dövrlərdə hər zaman qadağan edildiyi xatırladılır, bu köhnə qanuna bütün dövlətlərin sülh dövründə də əməl etməsi istənilirdi. Birlışmiş Krallıq bununla razılaşırdı.

Son maddədə müqavilənin qüvvəyə minməsi vaxtı müəyyən edilirdi.

Bundan əlavə, bu müqavilənin bəzi gizli maddələrində Osmanlı imperiyasının Fransaya qarşı döyüşməsi halında Birləşmiş Krallığın Osmanlıya dəstək verəcəyi bildirilirdi.[1]

  1. 1 2 3 Mustafa Bıyıklı, Alâeddin Yalçınkaya. Türk dış politikası: Osmanlı dönemi. II.