Qasım Abdullayev (mühəndis)

Qasım İsrafil oğlu Abdullayev (10 oktyabr 1957, Tovuz) – texnika elmləri doktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri (2018–), "Azərtunelmetrotikinti" ASC İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi (1999–2014), "Şöhrət" ordeni laureatı (2007), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2017).

Qasım Abdullayev
Abdullayev Qasım İsrafil oğlu
Doğum tarixi (66 yaş)
Doğum yeri Aşağı Quşçu, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Texnika elmləri doktoru
İş yerləri Azərbaycan Respublikası Nazirlər Kabineti (2018)
İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin (1999-2014) rəisi
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1975)
Tanınır Mühəndis
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2017
"Şöhrət" ordeni — 2007
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abdullayev Qasım 10 oktyabr 1957-ci Tovuz Aşağı Quşçu ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev İsrafil Qazax rayonu Muğanlı kənd orta məktəbinin fizika-riyaziyyat müəllimi işləmişdir. 1964-cü ildə Qazax rayonu Muğanlı kənd tam orta məktəbinə gedib, 1974-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olunub və 1980-ci ildə həmin təhsil müəssisəsini körpü və tunellər ixtisası üzrə bitirib. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 oğlu, 1 qızı və 6 nəvəsi var. Qızı Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, tibb elmləri üzrə fəlsəfə doktorudur. Oğlu isə İngiltərənin Keele Universitetinin beynəlxalq əlaqələr fakültəsini və London Universitet Kollecinin siyasət, təhlükəsizlik və inteqrasiya üzrə magistratura pilləsini bitirib, dövlət qulluqçusudur.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1980-ci ildə təyinatla gənc mütəxəssis kimi "Bakımetrotikinti" İdarəsinin 7 nömrəli Tunel dəstəsində növbə rəisi kimi əmək fəaliyyətinə başlayıb.
  • 1981-1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan leytenantdır.
  • 1983-cü ildən 1993-cü ilədək "Bakımetrotikinti" İdarəsində sahə rəisi işləyib.
  • 1993-1996-cı illərdə "Azərtunelmetrotikinti" ASC-nin Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb.
  • 1996-cı ildə həmin idarənin rəisi təyin edilib və 23 avqust 1999-cu ilədək həmin vəzifədə çalışıb.
  • 1999-cu ilin avqust ayında isə "Azərtunelmetrotikinti" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilib və 2014-cü ilədək bu vəzifədə uğurla çalışmışdır.
  • 2018-ci ilin avqust ayından etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetində çalışır.

Onun fəaliyyəti dövründə “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” kimi böyük stansiyaların inşası həyata keçirilmiş və tamamlanaraq əhalinin istifadəsinə verilmişdir. Bundan başqa "Elmlər Akademiyası" metro stansiyasının tikintisi, Prezident Administrasiyası və Musiqili Komediya Teatrı binalarının, Şəhidlər Xiyabanının mərmərlə üzlənməsi, eləcə də "Həzi Aslanov" metro stansiyasının bəzək-tamamlama işləri, Tovuz şəhərində 2 tunelin yeraltı keçidin tikintisi, "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül", “Avtovağzal” və “Əcəmi-2” metro stansiyalarının inşası Qasım Abdullayevin əmək bioqrafiyasının uğurlu səhifələrindəndir. 1980-ci illərin əvvəllərində Nalçikdən 90 km aralıda, Elbrus zirvəsinin yaxınlığında yerləşən SSRİ Elmlər Akademiyasının Baksan Neytrino Rəsədxanasında Günəşdən gələn neytrin şüalarını tutmaq üçün dağ altında tikilən eksperiment tunelinin inşası gecikdiyindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev bu işin icrasını nəzarətə götürür. Buna görə də Ulu Öndər əlavə işçi qrupunun Azərbaycandan gətirilməsini qərara alır. O dövrdə "Azərtunelmetrotikinti"nin sədri olan Şaiq Əfəndiyev həmin tikinti işlərini həyata keçirə biləcək mütəxəssis kimi Qasım Abdullayevi ora rəis müavini göndərir. Qasım Abdullayev 1986-cı ilin aprel ayından 1990-cı ilin aprel ayınadək 3500 metr uzunluğunda tunelin və yeraltı reaktor mərkəzlərinin tikintisini yüksək peşəkarlıqla və vaxtında həyata keçirir. Bu xidmətlərinə görə onun haqqında SSRİ-nin ali mükafatlarından birinə təqdimat göndərilsə də SSRİ-nin dağılması ilə bu işlər də yarımçıq qalır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qasım Abdullayev metro tikintisi sahəsində praktik işlərlə yanaşı, həm də elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. O, 2001-ci ildə Moskva Dövlət İnşaat Universitetinin aspiranturasına daxil olaraq metro-tunel tikintisi sahəsində elmi tədqiqat işləri aparmışdır. 2003-cü ildə Moskva şəhərində "Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı" mövzusunda dissertasiya işi müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. Həmçinin o öz namizədlik dissertasiya işini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında da müdafiə etmişdir. Qasım Abdullayev 2008-2012-ci illərdə Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin İnşaat İnstitutunun doktoranturasında elmi-tədqiqat işləri də aparmışdır. 2016-cı ildə "Xətt boyu yerləşən qurğuların tikintisinin idarə olunmasının təşkilatı-texnoloji etibarlılığının nəzəri əsasları” mözvusunda dissertasiya işi müdafiə edərək Texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. Texnika üzrə elmlər doktoru Qasım Abdullayev öz ixtisası üzrə ölkəmizdə tanınan və əsərlərinə istinad olunan nüfuzlu alimdir. Onun yeraltı tunellərin tikintisinin təşkilində təşkilatı-texnoloji problemlərin və tapşırıqların etibarlı həll edilməsi ilə bağlı təqdim etdiyi elmi yeniliklər təcrübədə uğurla sınaqdan keçirilmişdir. Qasım Abdullayev Azərbaycan Respublikasında metro-tunel tikintisi sahəsində yeganə elmlər doktorudur.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qasım Abdullayev 2007-2011-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində baş müəllim kimi bakalavr və magistrlərə mühazirə oxumuşdur.

Qasım Abdullayev 2007-ci ilin noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.[1].

10 aprel 2017-ci il tarixdə Qasım Abdullayev Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir[2].

Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.[3].

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Qasım Abdullayev iki monoqrafiyanın, 30-dək elmi məqalə və tezisin müəllifidir.

  1. В.З. Величкин, Н.Б. Колосова, Г.И.Абдуллаев. Технология и контроль качества строительства сооружений [Электронный ресурс]: учебное пособие; Санкт-Петербургский государственный политехнический университет. Санкт-Петербург, 2014.
  2. Морозова Т.Ф., Абдуллаев Г.И., Птухина И.С. Пособие (Монография). Технико-экономическая оценка качества поточной организации работ. СПб, Изд-во Политехн. Ун-та 2014. 166 c.
  3. Абдуллаев Г.И., Колосова Н.Б., Морозова Т.Ф. Технология и контроль качества строительства сооружений. Пособие в соавторстве, СПб. Изд-во Политехн. Ун-та. 2014, 178с.
  4. Абдуллаев Г.И. Особенности оценки надежности строительных потоков. Инженерно-строительный журнал №4 (6), СПб, 2009, с. 53-57.
  5. Абдуллаев Г.И. Оценка уровня надежности с учетом организационно-технологических параметров строительства линейно-протяженных сооруженных сооружений. Инженерно-строительный журнал №8 (10). СПб, 2009, с. 62-64.
  6. Абдуллаев Г.И. Оценка надежности строительных процессов для линейно-протяженный сооружений. Научно-технические ведомости, №1. ГПТУ, СПб, 2010, с.275-280.
  7. Methodological problems of assessment of organizational and technological reliability in construction management of linearly-extended structures. Gasim Abdullayev Israfil oglu *Journal of Scientific Research and Development 4 (1): 6-15, 2017
  8. Development of a model of planning and management of construction of linearly extended structures with high level of organizational and technological reliability. Gasim Abdullayev Israfil oglu * Journal of Scientific Research and Development 4 (1): 16-25, 2017
  9. Formation of the model of planning and management of linearly - extended structures construction with the rated level of reliability. Gasim Abdullayev Israfil oglu * Journal of Scientific Research and Development 4 (1): 26-34, 2017
  1. "Bakı Metropoliteninin tikintisi və istismarında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2007-ci il tarixli Sərəncamı". e-qanun.az (azərb.). 5 noyabr 2007. İstifadə tarixi: 25 dekabr 2007.[ölü keçid]
  2. "İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2017. 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2017.
  3. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar mühəndis Qasım Abdullayev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir". qazaxib.az (azərb.). 12 iyul 2019. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]