Qayalı (Dərələyəz)

Qayalı — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Vilayət ərazisindəki Paşalı kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeydə alınmışdır.[1]

Toponim "dağ, daş" mənasında işlənən "qaya"sözünə çoxluq bildirən "-lı" şəkilçisinin artırılması ilə düzəldilmişdir.[2]

Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 130 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 223 nəfər, 1904-cü ildə 240 nəfər, 1914-cü ildə 264 nəfər, 1916-cı ildə 292 nəfər yalnız azərbaycanlı yaşamışdır.[3] 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur.[2]

İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1923–1924-cü illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd xarabalığa çevrilmişdir. Hazırda kəndin ərazisi xarabalıqdır.[2]

  1. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm. 1996.
  2. 1 2 3 İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı: Şərq-Qərb. 2020.
  3. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) (erməni). Յերեվան: Մելքոնյան ֆոնդի հրատ. 1932.