Qayrayqo (外来語?, azərb. "alınma söz") – yapon dilindəki alınma sözləri bildirən termin.[1] Müasir yapon dilində alınma sözlər geniş istifadə olunur və katakanadan istifadə edilərək yazılır.[1] Çin dilindən götürülmüş sözlər qayraqo hesab olunmur; onların sayı həm çoxdur, həm də kancilərlə yazıldığı üçün yerli sözlərdən çətin fərqləndirilir.[1]
Yapon dilindəki qayrayqoların böyük hissəsi ABŞ və Avropa mənşəlidir.[1] İngilis, holland, portuqal, ispan, rus, fransız dillərindən alınma sözlər müasir dövrdə yapon dilinə keçdiyi halda, qədim dövrlərdə sanskrit, koreya və aynu kimi dillərdən yapon dilinə sözlər keçmişdir.[1] 1956-cı ildə Milli Yapon Dili Tədqiqat İnstitutu tərəfindən aparılmış tədqiqata görə yapon dilinin 10%-ini qayrayqolar təşkil edir və bu göstərici artmağa davam edir.[1] Arakava Sobey tərəfindən yazılmış "Alınma sözlər lüğəti"ndə 25 mindən çox söz yer almışdır.[1]
Bəzilərinin fikrincə qayrayqolar yapon dilini zənginləşdirir və xarici dillərlə tanışlığı asanlaşdırır.[2] Bəziləri isə düşünür ki, alınma sözləri "mədəni gerilik" simvoludur və dili qəlizləşdirir.[2]
Yapon dilində qayraqoların sayının artması bir neçə faktorla bağlıdır.[1] Birincisi, alınma sözlər xarici mədəniyyətlər vasitəsilə gələn yeni ideyalar və yeni şeylər vasitəsilə gəlir və onların yapon dilində birbaşa qarşılığı olmur.[1] Xüsusilə, texnika ilə bağlı qayrayqoların sayı çoxdur.[1] İkincisi, qayrayqonun yapon dilində qarşılığı olsa da, danışıq dilində daha müasir və rahat səsləndiyi üçün geniş istifadə olunmağa başlayır.[1] Məsələn, yapon dilində "gənc" sözünün qarşılığı olan söz olsa da, ingilis dilindəki "young" sözü daha müasir səsləndiyi üçün dəb dünyasında "yanqu" (ヤング?) sözü geniş istifadə olunur.[1] Üçüncüsü, bəzi qayrayqolar yapon dilindəki bəzi sözlərin evfemizmləri kimi dilə daxil olur.[1] Məsələn, "tualet" sözü işlədilən "toire" (トイレ?) sözü buna nümunədir.[1]
Alınma sözlərin çoxu yapon dilinə isim kimi keçir.[1] Onları fel halına salmaq üçün sonlarına -suru ("etmək") hissəciyi əlavə olunur.[2] Bəzi alınma sözlər yapon dilinə keçəndə tələffüzləri dəyişir.[2] Məsələn, ingilis dilindəki "bus", "bath" və "bass" sözlərinin üçü də yapon dilinə "basu" kimi keçib.[2] Digər tərəfdən, "gesture" (jest) sözü yapon dilində həm "zesuçua", həm də "cesuça" formasında işlənir.[2] Yapon dili açıq sillabik dil olduğu üçün "strike" sözü ingilis dilində təkhecalı olmasına baxmayaraq, yapon dilində "sutoraiku" və "sutoraiki" (birincisi beyzbol termini, ikincisi iş terminidir) formalarında olan beşhecalı sözlərə çevrilib.[2]
Bəzən ingilis dilindən keçən sözlərdə birinci və ya sonuncu tərəfin ixtisarı müşahidə olunur.[2] Məsələn, "mayto" sözü ingilis dilindəki "dynamite" (dinamit) sözündən yaranıb və bu zaman ilk heca ixtisar olunub.[1] "Toire" (tualet; "toilet" sözündən), "demo" (nümayiş; "demonstration" sözündən) kimi sözlərdə isə sözün ikinci tərəfi atılıb.[2] Bəzən isə ingilis dilindəki müəyyən ifadələr ixtisar olunaraq bir söz şəklində yapon dilinə keçir.[2] "Mobo" (müasir oğlan; "modern boy" ifadəsindən), "hansuto" (aclıq aksiyası; "hunger strike" ifadəsindən), "torepan" (məşq şalvarı; "training pants" ifadəsindən) sözləri buna nümunədir.[2] İngilis dilindən keçən sözlərdə müşahidə olunan digər hal isə -s, -ed, -ing kimi şəkilçilərin ixtisarıdır: "sanqurasu" (gün eynəyi; "sunglasses" sözündən), "kondensu miruku" (qatılaşdırılmış süd; "condensed milk" ifadəsindən), "vommu appu" (qızışma; "warming up" ifadəsindən) və s.[2] Hətta bəzi hallarda bütöv söz ixtisar olunur: "hamu eqqu" (yumurta-donuz; "ham and eggs" ifadəsindən).[2]
Bəzi sözlər yapon dilinə keçərkən orijinal mənalarını itirb başqa mənaya keçə bilir.[1] Məsələn, "ofisu" ("office" sözü) sözü ofisi yox, şirkətdəki istənilən otağı bildirmək üçün işlədilir.[1] "Bosu" ("boss" sözündən) sözü isə müdir yox, dəstə başçısı mənasındadır.[2]
Yapon dilindəki ilk alınma sözlər müasir yapon dili danışanları tərəfindən sezilmir, çünki çoxu katakana əvəzinə kancilərlə yazılır və ya Yaponiya tarixində çox qədim zamanlardan gündəlik həyatda istifadə olunur.[1] Məsələn, "kavara" (dam örtüyü) sanskrit dilindən, "sake" (qızılbalıq) aynu dilindən, "miso" (lobya əriştəsi) koreya dilindən qədim zamanlardan yapon dilinə keçmişdir.[1] Portuqalların 1543-cü ildə Yaponiyaya gəlişindən sonra yapon dili portuqal dilindən xristianlıq və ticarətlə bağlı bir çox söz götürmüşdür: "kirişitan" (xristian; "Christao" sözündən), "kurusu" (xaç; "cruz" sözündən), "pan" (çörək; "pao" sözündən), "tabako" (tütün; "tabaco" sözündən), "raşa" (yunlu paltar; "raxa" sözündən) və s.[1] Xristianlığın Yaponiyada qadağan olunmasından və 1639-cu ildə qəbul olunan izolyasiya şəraitindən sonra portuqalmənşəli sözlərin alınması dayanmış və bir çox portuqalmənşəli söz köhnəlmişdir.[1] Hal-hazırda yapon dilində istifadə olunan portuqalmənşəli alınma sözlər sırasına "kappa" (gödəkçə; "capa" sözündən), "cuban" (altpaltarı; "gibao" sözündən), "tempura" (yağda qızardılmış yemək; "tempero" sözündən) kimi sözlər daxildir.[1] Bu sözlər kanci ilə yazılır və bir çox yapon onların əsl yapon sözləri olduğunu düşünürlər.[1]
İspanmənşəli sözlər də portuqalmənşəli sözlərlə eyni zamanda yapon dilinə daxil olsa da, onların sayı məhdudur.[1] "Meriyasu" (hörmə parça; "medias" sözündən), "şabon" (sabun; "jabon" sözündən) ispanmənşəli sözlərdir.[1]
1600-cü ildə Yaponiyaya gələn holland tacirlər izolyasiya şəraitinə baxmayaraq Yaponiyada məhdud fəaliyyət göstərməyə davam etmiş və holland dilindən bir çox söz yapon dilinə keçmişdir.[1] Ticarət, elm, dənizçiliklə bağlı bu cür sözlərin çoxu hələ də geniş istifadə olunur: "qomu" (rezin; "qomu" sözündən), "qasu" (qaz; "gas" sözündən), "qarasu" (şüşə; "glass" sözündən), "koppu" (fincan; "kop" sözündən), "kohi" (kofe; "koffie" sözündən), "biru" (pivə; "bier" sözündən), "arukoru" (alkoqol), "renzu" (linza), "mesu" (bıçaq; "mes" sözündən), "korera" (xolera), "dekki" (göyərtə, "dek" sözündən), "masuto" (dor ağacı), "dokku" (dok; "dock" sözündən) və s.[1]
Edo dövrünün növbəti illərində fransız, ingilis və rus dillərindən yeni alınma sözlər keçmişdir.[1] "Qetoru" (dizbağı), "şappo" (şapka) və "zubon" (şalvar) sözləri fransız dilindəki "guetres", "chapeau" və "jubon" sözlərindən götürülüb.[1] Fransızmənşəli alınma sözlər incəsənət, aşbazlıq, dəb, xarici əlaqələr, siyasət mövzusunda olan sözlərdə üstünlük təşkil edir.[1] Rus dilindən alınma sözlər isə yemək – "ikura" (kürü; "икра" sözündən), "votoka" (vodka; "водка" sözündən), "piroşiki" (pirojki; "пирожки" sözündən) – və ya rus əşyaları ilə – "peçika" (soba; "печка" sözündən), "matoryoşika" (matroşka; "матрёшка" sözündən) – bağlı sözlərdir.[1] "Kombinato" (kombinat; "комбинат" sözündən), "kolhozu" (kolxoz; "колхо́з" sözündən) kimi müasir sözlər də rus dilindən keçmişdir.[1]
XIX əsrin ikinci yarısında yapon dilinə almanmənşəli bir çox söz daxil olmağa başlamışdır.[1] Onlar əsasən tibb, dağçılıq və xizəkçiliklə bağlı sözlərdir: "areruqi" (allergiya; "allergie" sözündən), "tsuberukurin" (tuberkulin; "tuberkulin" sözündən), "noiroze" (nevroz; "neurose" sözündən), "rentogen" (rentgen; "rontgen" sözündən), "karute" (kartıçka; "karte" sözündən), "teze" (tezis; "these" sözündən), "zayru" (kəndir; "seil" sözündən), "hyutte" (koma; "hütte" sözündən), "qerende" (yamac xizəkçiliyi; "gelande" sözündən) və s.[1] Meyci dövrünün əvvəllərində italyanmənşəli sözlər yapon dilinə daxil olmağa başlamışdır.[1] "Soprano", "tenpo" (tempo), "finaru" (finale) kimi musiqi terminləri ilə yanaşı "supaqetti" (spaghetti), "makaroni" (macaroni), "qondoru" (gondola) kimi gündəlik sözlər də italyan dilindən yapon dilinə keçmişdir.[1] Bu dillərdən əlavə, polyak, norveç, yunan, latın dillərindən də yapon dilinə bəzi sözlər keçmişdir.[1]