Qlobal kənd — media texnologiyalarının bütün dünyada yayılması nəticəsində dünya əhalisinin bir-birinə daha çox bağlı olması fenomeni. Bu termin kanadalı media nəzəriyyəçisi Marşall MakLuhan tərəfindən "Qutenberq qalaktikası: Tipoqrafik insanın yaradılması" (1962) və "Medianı anlamaq" (1964) kitablarında işlədilmişdir.[1] Ədəbiyyatçı alim Syu-İm Li qlobal kənd termininin "transmilli ticarət, miqrasiya və mədəniyyət tərəfindən dəyişdirilmiş qlobal birgəyaşayışı ifadə etmək üçün dominant termin" kimi necə müəyyən edildiyini təsvir edir.[2] İqtisadi jurnalist Tomas Fridman qlobal kəndi "vahid qloballaşan bazar və kəndə bağlanmış dünya" kimi tərif etmişdir.[3]
İnsanlar fiziki cəhətdən bağlı olmadıqları, lakin zehni olaraq bağlandıqları rəqəmsal cəmiyyətə uyğunlaşmaq üçün texnologiyadan istifadə edirlər. Hər bir sosial media platforması fərdlər üçün rəqəmsal ev rolunu oynayır və insanlara qlobal kənd vasitəsilə özlərini ifadə etməyə imkan verir.[4] "Ümumi semantikanın icmalı" adlı kitabda media ekologiyasının, yeni medianın media mətnlərini yaratmaq və onlara baxmaq imkanı olan şəxslərin genişləndiyi iddia edilir.[5] Kütləvi informasiya vasitələri yarandığı gündən dünyanın qərbləşməsinə çağırış edilir. Kütləvi informasiya vasitələri olmasa, digər ölkələr dünyadakı başqa xalqların əldə etdikləri şeylərin nədən ibarət olduğundan xəbərdar olmaya bilər. İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti xəbərləri və əyləncə resurslarını ABŞ kimi inkişaf etmiş dövlətlərdən alır, bu isə inkişaf etmiş ölkələrin xeyrinə qərəzli ola bilər.[6]
İnternetdə fiziki məsafə insanların real vaxtda ünsiyyət fəaliyyətinə daha az mane olur. Sosial sahələr internetin açıqlığı, insanların onlayn icmaları axtara bilməsi, eyni maraqları və narahatlıqları bölüşən başqaları ilə ünsiyyət qura bilməsi ilə xeyli genişlənir. Mariya Ozava və Şigeo Tokudaya görə, "bütün sosial və siyasi funksiyaları qəfil partlamada bir araya gətirən elektrik sürəti insanın məsuliyyət haqqında şüurunu kəskin dərəcədə artırmışdır". Artan kommunikasiya sürəti və insanların qlobal xəbərləri oxumaq, yaymaq və onlara tez reaksiya vermək bacarığı, fərdlərə dünyanın müxtəlif sosial qruplarından və ölkələrindən olan başqaları ilə daha çox əlaqə qurmağa və qlobal məsuliyyətlərdən daha çox xəbərdar olmağa imkan verir.[7] Eynilə, internetə qoşulmuş kompüterlər insanlara veb saytlarını bir-biri ilə əlaqələndirməyə imkan verir.[8]
"Medianı anlamaq" kitabında heç bir fəsildə qlobal kənd və elektron medianın vahid icmalar yaratması fikri yoxdur. Cerald Stern ilə müsahibədə MakLukan demişdir ki, vahidlik və əmin-amanlığın qlobal kəndin xüsusiyyətləri olduğunu heç ağlına da gətirməmişdi. MakLuhan iddia edirdi ki, qlobal kənd bütün məqamlarda maksimum fikir ayrılığını təmin edir. Burada kəndin vəziyyətinin inkişaf etməsindən asılı olaraq iştirakçılar arasında fərqlilik yaranır.[9]
"Medianı anlamaq" kitabının nəşrindən sonra MakLuhan "qlobal teatr" terminindən istifadə edərək istehlakçıdan istehsalçıya, əldə etmədən cəlb etməyə, iş tutmaqdan rol oyununa keçidi vurğulamış, çılpaq mütəxəssisi geyindirmək üçün artıq cəmiyyətin olmadığına diqqət çəkmişdir.[10]