Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qulu Məhərrəmli (tam adı: Məhərrəmli Qulu Məmmədqulu oğlu; 2 noyabr 1954, Zəngilan rayonu) — Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2006).[1]
Qulu Məhərrəmli | |
---|---|
Doğum tarixi | 2 noyabr 1954 (70 yaş) |
Doğum yeri | |
Elm sahəsi | jurnalistika |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.
Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb.
1991-ci ildən müntəzəm efirə çıxıb, "1000 saniyə" və "24 saat" xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib.
1993–1995-ci illər arasında "7 gün" populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat"-1995) müəllifi və aparıcısı olub.
1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Eyni zamanda həmin illin avqustundan hər gün efirə çıxan "Səhər" musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət (1995–2007) bu qurumun baş redaktoru olub.
Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanan reportajlar aparıb, dövlət başçılarının xarici səfərlərindən çoxsaylı hesabat və reportajlar hazırlayıb.
1995-ci ilin noyabrından 1996-cı ilin yanvarına kimi qısa müddətdə Xəbərlər baş redaksiyasına rəhbərlik edib.
2005-ci ildə AzTV şirkətdən Qapalı Səhmdar cəmiyyətə (QSC) çevrildikdən sonra "Səhər" proqramının baş redaktoru və teleradionun siyasi icmalçısı təyin edilib.
2007-ci ilin aprelində Azərbaycan televiziyasının "Müəllif proqramları və xüsusi layihələr" departamentinin direktoru təyin olunub. Həmin il oktyabrın 2-də AzTV ilə əmək müqaviləsi sona yetib.
2007-ci ilin oktyabrın 3-dən Xəzər TV-də jurnalist fəaliyyətini davam etdirib. 2007–2012-ci illər arasında həmin TV-də "Dost məclisi" və "Gündəm" proqramlarını aparıb. Eyni zamanda 2014-cü ilə kimi Xəzər TV-nin məsləhətçisi və siyasi icmalçısı olub.
2014-cü ilin mayında akademik Tofiq Hacıyevin dəvəti ilə AMEA-nın İ. Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyətə başlayıb, institutun Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildə Dilçilik institutunu tərk edib.
2016-cı ildə Azleks.az elektron lüğətlər toplusunun yaradılmasında iştirak edib və onun baş redaktoru təyin edilib.
Q. Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.
1982-ci ildən elmi fəaliyyətlə məşğul olan Q. Məhərrəmli 1989-cu ildə "Radiodramaturgiya dili" mövzusunda namizədlik, 2004-cü ildə isə "Televiziya dili: funksiya və struktur" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. Elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur.
Q. Məhərrəmli 1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış, 1998-ci ildə baş müəllim, 2002-ci ildə dosent vəzifələrini tutmuşdur. 2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının professorudur. 30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, populyar dərslik və dərs vəsaitlərinin, həmçinin izahlı lüğətlərin müəllifidir.
Jurnalistika və elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar 60-a yaxın xarici ölkədə olmuşdur. Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media forumlarında dəfələrlə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil etmişdir. Avropa Şurasının MDB ölkələrində mətbuat azadlığı üzrə ekspertlərindən biridir.
2005–2008-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuş və "Şikayətlər üzrə komissiya"ya rəhbərlik etmişdir. Hazırda "Jurnalistikanın inkişafına yardım mərkəzi" adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Jurnalistika sahəsində ən yüksək mükafatlara ("Qızıl qələm", "H. B. Zərdabi", "Media açarı" və s.) layiq görülmüşdür.
Hazırda BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professorudur.
Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilmişdir[1].
2017–2020-ci illər arasında GünAz TV-də yayımlanan həftəlik "Mətbuat aynasında" populyar proqramının aparıcı olub.
2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin, 2019-cu ildən isə Pressklub TV yutub kanalının "Mətbuat klubu" proqramının aparıcısıdır.