Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qurban Hacıbayramlı və ya Hacıbayramlı Qurban Açıqsöz (1894, Kosalı, Qarayazı rayonu – 1973, İzmit) — Qarayazı "Müsavat" Partiya təşkilatının rəhbəri, sonrakı dövrlərdə Müsavatçı Qarayazı gizli antisovet təşkilatının rəhbəri, siyasi mühacir.[1][2][3][4]
Qurban Hacıbayramlı | |
---|---|
Doğum tarixi | 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 1973 |
Vəfat yeri | |
Həyat yoldaşı |
1-ci evliliyi: Türfə xanım Hacıbayramlı 2-ci evliliyi: Hənifə xanım Açıqsöz |
Uşağı | Hacıbayramlı Musa Yasəmən Açıqsöz |
Atası | Mustafa Hacıbayramoğlu |
Anası | Fatma xanım Qurban qızı Hacıbayramlı |
Təhsili | |
Partiyası |
Qurban Mustafa oğlu Hacıbayramlı 1894-cü ildə Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində, mülkədar ailəsində anadan olmuşdur.[1]
Qurban Hacıbayramlı Tiflis şəhərində rus dilində gimnaziyada və Cənubi Qafqaz Müəllimlər Seminariyasında təhsil almışdır.
Vahid Ömərli Qurban Hacıbayramlı haqqında apardığı araşdırmalar əsasında yazaraq göstərir ki,[1] o rusca gözəl bilən, böyük natiqlik qabiliyyətinə malik, demokratik düşüncəli şəxsiyyət olmuşdur.
O, Qarayazıda "Müsavat" partiyasının ideyalarının əsas təbliğatçısı və təşkilatçılarından olmuşdur.[1]
Qurban ağa Hacıbayramlı Qarayazı gizli antisovet təşkilatına[2] rəhbərlik etmişdir.
Nağı Bayramlı imzası ilə 1936-cı ildə Varşavada dərc etdirdiyi məqalədə[5] Nağı Hacıbayramlı Bayramgil göstərdi ki Qafqazda gizli təşkilatlar, partizanlar bolşeviklər tərəfindən Qafqaz respublikaları işğal edildikləri ilk günlərdən yaranmağa başlamışdır. O yazır, 1924-cü ildə Ümum Gürcüstan üzrə üsyan uğursuz başa çatdıqdan sonra Keyxosro Çolokaşvilnin polku Qarayazı gizli təşkilatının köməyi ilə mən də daxil olmaqla Türkiyəyə çıxa bildi.
Dövlət Siyasi İdarəsi tərəfindən edilən bütün təklifləri Qurban Hacıbayramlı qəbul etməmiş kommunistlərə hər hansı bir ünsiyyətin qurulmasını doğru saymamışdır. Apardığı antisovet təbliğatına görə o bir neçə dəfə istintaqa cəlb edilmiş lakin rus dilində verdiyi aydın hüquqi tutumlu ifadələri ilə nəin ki günahkar olmadığını qarşı tərəfin ittihamlarını böhtandan və iftiradan başqa bir şey olmadığını göstərmişdir.
Qurban Hacıbayramlının gizli antisovet mübarizəsi çoxşaxəli olmuşdur. O, kommunist-bolşevik sıralarına keçmiş müsavatçıların daxil olması istiqamətində iş aparmış, silahlı qaçaq dəstələrinin yaranmasını təşkil etmiş, xalqı onun dini etiqadına yad olan işğalçılara, soyğunçulara itaət etməməyə və s bu kimi mübarizə üsullarına hazırlamışdır.
Bu işlərə görə o birbaşa təqsirləndirilə bilinməsə də Dövlət Siyasi İdarəsi onun həbs olunması barədə qəti qərara gəlir.
"Müsavat" partiyasının üzvü olmuş, 1926-cı ildən kommunist (bolşeviklər) partiyasının üzvlüyünə namizəd olan Kosalı kənd sakini Abdulla Usub oğlu Usubovun toyunda 1928-ci ildə Qurban Hacıbayramlını həbs edirlər. Məlumat üçün qeyd edək ki, Qurban Hacıbayramlının həbsindən təxminən 2 ay sonra 1929-cu ilin yanvar ayının 4-də Gürcüstan K(b)P Mərkəzi Nəzarət Kommisiyası Abdulla Usubovu musavatçı baxışlarına, qolçomaqlarla əlaqəsinə partiya qərarlarını açıqladığına və partiya əleyhinə çıxışlarına görə təşkilatda intriqa və didişmə yaratdığına görə partiya sıralarından xaric etmişdir.
Abdulla Usubov kimi Qurban Hacıbayramlının həmkarı olmuş, hakimiyyətin müxtəlif təşkilatlarına yönəldilmiş, yaxud onunla əvvəllər əməkdaşlıq etməmiş, kommunist (bolşeviklər) partiyası komsomol sıralarına daxil olmuş millətçilər də işğalçılara qarşı mübarizə aparanlara rəğbət bəsləyib onlara gizli kömək edirdilər.[6]
Qurban Hacıbayramlı həbs edildikdən sonra Metex qalasında yeraltı kamerada tək saxlanılmışdır.[7] Ona əvvəlcə verilmiş ölüm hökmü, əmlakı müsadirə edilməklə 10 il Rusiyaya sürgün olunma cəzası ilə əvəz edilərək Rusiyaya sürgün edilmişdir.
Qurban Hacıbayramlı Açıqsözün həbs dövründə çəkdiyi əzablar, mətinliyi haqqında Kəmaləddin Nomer yazmışdır:[8]
Özü VÇK-nın qaranlıq zindanlarında, sular içində və cəsədlər arasında ac, susuz ölümə məhkum edildiyi günlərdə belə imanını və cəsarətini itirməmiş, zülm cəlladlarına boyun əyməmiş bir iradəyə sahib olub, Beriyaya qarşı olmaqdan çəkinməyəcək qədər ürəkli və cəsarətli idi. |
Qurbanın Hacıbayramlı şəxsiyyətini və fəaliyyətini hərtərəfli öyrənmiş gənc filosof alim, onun cəmiyyətdəki yerini ümumiləşdirməklə, onun həbs edilməsini belə qiymətləndirmişdir:[9]
...düşmən xalqı düşünən beynindən məhrum etməyə çalışırdı... |
Yuxarıda qeyd edilən müsadirə məsələsinə gəldikdə, Qurbanın Hacıbayramlı atası Mustafa Hacıbayramoğlundan qalan mülkədar mülkü, sovetləşmənin ilk illərində müsadirə edilərək milliləşdirilmişdir. Bunula yanaşı 1924-cü ilə Sovet İttifaqı məkanında güclü iqtisadi tənəzzül baş verir. Hökumət məlum Yeni İqtisadi Siyasət (YİS) direktivini verir. Direktivlə keçmiş kapitalist və mülkadarlara yenidən təsərrüfatlarını bərpa etməyə icazə verilir. Bu zaman o yenidən var-dövlət yaratmağa başlayır.
Həbsxanada olarkən məhkəmənin çıxardığı mülkünin müsadirəsi üzrə qərar icra edilən zaman YİS-dən sonra yaradılan var-dövlət müsadirə edilmişdir. Nağı Hacıbayramlı ikinci həbsdən qaçandan sonra çobanların gizlətdikləri az sayda iri və xırda buynuzlu mal qara da müsadirə edilmişdir.[7] Qurban Hacıbayramlı var-dövlət üçün deyil, müstəqillik və azadlıq uğrunda mübarizə aparmışdır.
Qurban Hacıbayramlı sürgündə olan dövrdə, obrazlı desək, onun Qarayazıda səpdiyi toxumlar cücərməyə başlamışdır.
1929-cu ilin oktyabr ayının 27-də səhər tezdən kolxoz quruculuğuna qarşı Qarayazıda kəndlilər qiyam qaldırmış, hakimiyyət nümayəndələrinə itaətsizlik göstərmişdir. Qiyamçılar tərəfindən kommunist-bolşevik hakimmiyət dairələrinin nümayəndələri Qarayazıdan qovulmuşdurlar.
1929-cu ilin dekabr ayının 16-da S. Xmaladzenin rəisi olduğu Gürcüstan "Fəhlə-Kəndli milis idarəsinin" dəstələri Qarayazıya hücum əməliyyatı başlayır. Hacıbayramlı İsaxanın başçılıq etdiyi qiyamçı dəstə tərəfindən milis işçiləri Qarayazıdan qovulurlar və bir çoxları əsir götürülür. Qarayazı 83 gün qaçaq dəstələrinin nəzarətində olmuşdur.[6]
1930-cu ilin mart ayının 11-də sübh vaxtı XI ordu hissələri Qarayazı meşəsində qaçaqları iki tərəfdən mühasirəyə alır. Döyüş vaxtı ordu hissələri çoxsaylı ölü[2] və yaralı halında itkilər verir. Qaçaqlar mühasirəni yara bilirlər.
Bundan sonra Beriya qaçaqlara sülh təklif edir. 1930-cu ilin mart ayının 20 də Qarayazı meşəsində görüş keçirilməsi qərara alınır. DSİ-nin əməkdaşları ilə danışıqalarda İsaxan və Nağı Hacıbayramlılar və 6 nəfərdən ibarət heyət iştirak etmişdir.
Qaçaqlar silah-sursat əldə etmək məqsədilə müəyyən dövr üçün sülh danışıqlarına getməyi məqsədəuyğun hesab edir. Qaçaq dəstə rəhbəri Hacıbayramlı İsaxanın irəli sürdüyü şərtlər DSİ əməkdaşları tərəfindən qəbul edilir və sülh bağlanılır.[6]
Hacıbayramlı Hacıkişi Nağı oğlu xatirələrində qeyd edir ki,[10] Qurban Hacıbayramlı sürgündən qardaşı Nağıya məktublar göndərir. Bu dövrdə senzura olmadığından məktubda hər şeyi açıq yazmaq olub. Sonuncu məktubda yazır ki, siz hökumət qüvvələri ilə hələlik silahlı döyüşə girməyin, nə də mən gələnə kimi çalışıb tələyə düşməyin. Özünüzü gözləyin tezliklə görüşərik.
Üsyançıların hökumət ilə sülh danışıqları başa çatdıqdan təxminən bir neçə gün sonra Qurban Hacıbayramlı sürgündən qaçaraq Qarayazıya gəlir. Onun gəlişinin ikinci günü yığıncaq keçirilir. Bu yığıncaqda Qurban Hacıbayramlı Azərbaycan, Ermənistan və Gürcüstan qaçaq dəstə başçılarını və komitələrin səlahiyyətli şəxslərini dəvət edərək ümumi bir yığıncaq keçirilməsinin vacibliyini göstərir.[2]
1930-cu ilin aprel ayında ermənilərin və gürcülərin nümayəndə heyətlərinin iştirakı ilə Saqqızlı dağında 250 nəfərin iştirakı ilə yığıncaq keçirilir.
Yığıncağın bir çox iştirakçıları söz alaraq lazımı təkliflər edirlər. Qurban Hacıbayramlının irəli sürdüyü təkliflər üzərində dayanılır. O XI ordu ilə aparılan döyüşlərin nəticəsi kimi Zaqafqaziyada, qaçaq dəstə təşkilatlarının yaranmasını və üsyanların başlanmasını göstərir. Eləcə də qeyd edir ki, belə bir vəziyyətdə həyata keçirilməsi vacib olan yeganə iş, son və qəti bir döyüş aparmaq üçün Qafqazın hər yerində olduqca geniş miqyasda üsyana hazırlıq aparılmalıdır. Lazım olan geyim, silah-sursat və ərzaq kimi zəruri ehtiyatlar yaradılmalıdır. Bunlar başa çatdırıldıqdan sonra düşmənə qarşı ümumi bir döyüş başlayıb sona qədər vuruşmalıyıq. Əgər bu təşəbbüsümüzdə də qalib çıxmasaq qalan qüvvələrimizlə mütəşəkkil şəkildə Türkiyəyə pənah aparmalı olacağıq deyə çıxış edir. Yığıncaqda iştirak edənlər Qurban Hacıbayramlının fikrinə şərik olduqlarını bildirirlər.[6]
Hökumət ilə sülh barışığı əldə ediləndən təxminən 20 gün sonra gələcək hərəkət planını müəyyən etmək üçün Qırmızı körpü ətrafında üç Zaqafqaziya respublikasının partizan rəhbərlərinin qurultayı keçirilir.[5] Qurban Hacıbayramlı, İsaxan Hacıbayramlı, Artaş, Sadıqov, Saratıkov və başqaları çıxış edirlər. Altı bənddən ibarət qərar qəbul edilir. Qərarda Qafqaz azadlıq hərəkatının rəsmi xarici nümayəndəliyi ilə sıx əlaqə yaratmaq, Qafqazın birliyinin təbliğatını daha da gücləndirmək, bolşevik işğalına qarşı təbliğatı genişləndirmək, partizan sıralarında güclü nizam-intizam yaratmaq, partizanları silah-sursatla tam təmin etmək üçün imkanlar axtarmaq və partizan dəstələri üçün ərzaq ehtiyatı yaratmaq.
Qırmızı körpü ətrafındakı qurultay başa çatmamış bolşeviklər Qarayazıda hərbi hərəkata başlayır.[2] Qeyd etmək lazımdır ki, bu zaman bir çox rayonlarda silahlı qarşıdurmalar heç zaman səngiməmişdir. Qurultay, Qurban ağa Hacıbayramlını və 4 nəfər başqa şəxsləri xaricdəki mərkəzlərdə əlaqə yaratmaq üçün nümayəndə heyəti seçərək başa çatmışdır.[2]
Qurban Hacıbayramlının irəli sürdüyü planları başlamağa kommunist-bolşevik hakimiyyəti imkan vermir. Onlar Qarayazıda hazırlıq işlərinə başlayan zaman qaçaqlar Qaraxaç yaylağına çəkilirlər.
Qurban Hacıbayramlının qeyd edilən mövqelərini ümumiləşdirərək müəllif yazır:[1] Qurban ağa məhz ümumi silahlı xalq üsyanının tərəfdarı idi, o hadisələri, siyasi vəziyyəti aydın təhlil etdiyinə, geniş erudisiyaya malik olduğuna görə sovet quruluşunu ən azı Ümumi Qafqaz evi məkanında silahlı üsyanın qalib gəlməsi yolu ilə yıxmağın mümkünlüyünə əmin idi. O, bilirdi ki, hazırkı dövrdə partizan üsulu ilə, qaçaqçılıqla Sovet hökumətini Qafqazda devirmək qeyri-mümkündür. sovet orqanlarında işləyib onu içindən dağıtmaqda indiki dövrdə əsas yol deyildir. Buna görə də, mənasız qırğına yol verməmək üçün Türküyəyə çəkilməyi və orada mübarizənin yeni üsuluna əl atmağı, xaricdə siyasi ideya mübarizəsinə başlamağı təklif etdi və bunu da həyata keçirdi.
Qurban Hacıbayramlı haqqında uzun müddət onu tanıyanlar tərəfindən xatirələr söyləmişdilər: Hacıbayramlı Hacıkişi Nağı oğlunun təsadüf nəticəsində eşitdiyi, onu tanımayanlar tərəfindən söylənilən iki xatirəsi qısa şəkildə aşağıda verilir.
Keçmiş DSİ-nin əməkdaşı olmuş Qurbanəli onun da iştirak ediyi məclisdə söhbət edir: Beriya məni yanına çağırıb bildirir ki, deyilənlərə görə Qurban Bayramov sürgündən qaçıb gəlib. Sən get Qarayazıya onu öz gözünlə gör gəl mənə xəbər ver. Qurbanəli deyəndə ki, qorxuram məni öldürər. Beriya deyib: o, mərifətli, savadlı, mədəni adamdır səni öldürməz-deyərək onu tapşırıq arxasınca göndərir.[10]
Qurban Bayramov oturduğu otağın qapısı açılanda Qurbanəlini görür. Bilir ki, Qurbanəlini Beriya göndərib. Onu yanına çağırıb Beriyaya çatdırılası sözlərini deyir.
Hacıbayramlı Hacıkişi taksi ilə getdiyi zaman Tiflisin deyilən yerində Ortaçala iki qoca taksini saxladıb Qardabaniyə getdiklərini bildirirlər. Sürücü onları da götürür. Hüseynalı adlı birinin o birisinə danışdıqlarını eşidib xatirələrində yazır.[10]
" …Mənim kimliyimi bilməyən qocalar yolda Hacıbayramlılardan söz salırlar. Qocalardan biri o birinə dedi ki, İsaxan Dağ milis rəisi olan zamanı mən onun yanında işləyirdim. Mənə İsaxanı güdmək, Qurban Hacıbayramlı haqqında məlumat çatdırmaq kimi xüsusi tapşırıq verilmişdir. Bir gün eşitdim Xozeyin filan günü Türkiyəyə keçir. Aranda qapı-bacaya göz gəzdirmək üçün İsaxandan icazə aldım. Gəldim düz Beriyanın yanına, Xozeynin-Qurbanın Türkiyəyə keçməsi barədə xəbər verdim. İcazə istədim onların qabağını kəsib qıraq. Beriya dedi- Hüseynalı siz onları qıra bilməzsiniz, onlar sizi qırar qoy getsinlər.
Bu iki xatirədən Beriyanın Qurban Hacıbayramlı Bayramov şəxsiyyətini yüksək qiymətləndirdiyi görünür. Eləcə də onların bir birini şəxsən tanıdıqlarını demək olur.
Bu zaman tarixi yaddaşı da xatırlatmaq maraq doğurur. Nağı Şeyxzamanlının[11] kitabının əlavə kimi ikinci bölməsində verilmiş M. C. Bağırovun məhkəmə prosesindəki şahid ifadələrində M. C. Bağırovun, eləcə də Beriyanın adı çəkilir. Onların Müsavat partiyasının fəallarına etdikləri çoxsaylı, məsələn Qiyas bəy Şıxlinskinin Türkiyəyə keçməsindəki və s., köməkləri göstərilmişdir.
1930-cu ilin iyul ayında Qurban Hacıbayramlı və Nağı qardaşları başlarında dəstə sərhədi keçərək Türkiyənin Qars vilayətinə gedirlər.
Qarsda 10 ay qaldıqdan sonra Qurban və Nağı Hacıbayramlı qardaşdarı İstanbula göndərilmiş, siyasi motivlərə və Sovet ittifaqının təzyiqi nəticəsində Türkiyədə qalmalarına icazə verilməyərək ölkədən çıxacaqları bildirilmişdir. Ona verilən "Rus Siyasi Qaçqını" pasportunu qəbul etməmiş, israrla təkid edəndən sonra "Azərbaycan Siyasi Qaçqını" pasportunu almış və Millətlər Liqasının siyasi qaçqınları himayə edən təşkilatı vasitəçiliyi ilə əvvəlcə Fransaya oradan da Polşaya gedərək qardaşlar Varşavada 8 il qalmışdırlar.[8]
Varşavada 1931-ci ildən 1938-ci ilə qədər 18 millətin nümayəndəliyini birləşdirən "Prometey" təşkilatında təmsil olunmuş, burada təşkil olunan konfranslarda, ali məktəb və akademiya zallarında kommunizmin iç üzünü açan nitqlər söyləmişdirlər. Burada o Lehçeyi (polyak) dilinin öyrənib, gözəl danışıb və tərcümələr etmişdir.[8]
Qurban və Nağı qardaşlarının olduğu dövrdə Azərbaycan siyasi mühacirlərinin demək olar ki, əksəriyyəti Varşava şəhərində yerləşmişdirlər.
Rus tarixçisi Salavat İsxakov[12] tərəfindən azərbaycan milli mərkəzinin, arxiv materialları içərisində tapılmış, azərbaycanlı mühacirlərin problemləri mövzusunda müzakirələrdə çıxış edərək mətbuatda adları yazılan, Məhəmməd Əmin Rəsulzadəyə loyal münasibət bəsləyənlərlə yanaşı, müxalifətdə olanların siyahısı verilmişdir.
Söhbət M. Vəkillinin 22 iyul 1937-ci ildə Baş ştabın II şöbəsinin rəisi polkovnik leytenant Y. Enqixtə təqdim etdiyi, öz növbəsində hansı ki, onlarla M. Ə. Rasulzadəni tanış etmişdir, müxalifətdə olanların siyahısından gedir. Bu siyahıda əsasən Azərbaycan Demokratik Respublikasının baş nazirin müavini, nazirlər, nazir müavinləri, əks-kəşfiyyat idarəsinin rəisi, şəhər və rayonların polis idarəsinin rəisləri, professor-müəllimlər və ziyalılar təmsil olunub. Eləcə də bu siyahıda Qurban Hacıbayramlının və Nağı Hacıbayramlının da adları və soyadları yer almışdır: Qurban və Nağı Hacıbayramlılar Məhəmməd Əmin Rəsulzadəni bu dövrdə təslimçilikdə qınamışdırlar. Onlar ADR-in mübarizəsiz, parlament yolu ilə bolşeviklərə təslim edilməsi ilə barışmamışdırlar.
Boğazlar (İsveçrənin Möntrö şəhərində əldə olunmuş boğazlar razılaşması) razılaşmasında SSRİ ilə Türkiyənin mövqelərinin və siyasi ab-havanın dəyişməsini nəzər alaraq Qurban ağa və Nağı Hacıbayramlılar Türkiyə prezidentinə yazılı müraciət etmiş və 1938-ci ildə Türkiyəyə qayıtmalarına icazə verilmiş və bundan az sonra Türkiyə Cümhuriyyətinə qayıtmışlar. Türkiyə vətəndaşlığına qəbul edilmiş və "Açıqsöz" soyadını götürmüşdür.[8]
Qurban və Nağı Hacıbayramlı qardaşları Türkiyədə yaşamağa başladığı dövrdə onların Polşa dövlət orqanları ilə əməkdaşlıq etmələri haqqında açılmış arxiv materiallarında sənəd olduğu məlum olmuşdur. SSRİ-nin xarici kəşfiyyat idarəsində işləmiş, istefada olan general-mayor Lev Sotskovun Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materialları əsasında yazdığı kitabın[13] "Polşa izi" bölməsində Qurban Bayramovun fəaliyyəti haqqında məlumat verilmişdir. Lev Sotskov yazır ki, rezidenturadan məlumat verilir ki, Ankaradakı Polşa səfirliyinin müşaviri Zalevskiy 1938-ci ilin fevral ayında İstanbulda müstəqil mühacir qrupuna rəhbərlik edən Qurban Bayramovu yanına dəvət edərək onlara əməkdaşlıq etməyi təklif edir. Qurban Bayramov cavab verir ki, Polşadan başqa digər dövlətlər də var ki, birgə işə maraq göstərirlər, lakin polyaklar işi praktiki müstəviyə birinci keçirdikləri üçün onun qrupu əməkdaşlığa hazırdır.[13] Bu materialda da Polşadakı azərbaycanlı siyasi mühacirlər arasında vahid birliyin olmaması görünür. Bir çox aparıcı rəhbər mühacirlərlər Polşanın Baş ştabının II şöbəsinin polkovniki Xoroşkeviçin apardığı müşavirədə Məhəmməd Əmin Rəsulzadənin milli mərkəzin sədri olmasına razılıq verməmişdirlər.
Almaniya SSRİ-yə qarşı müharibəyə başlayanda Türkiyə, Polşa və Almaniya ərazisində olan Qafqaz siyasi mühacirləri, Ankara, İstanbul, Varşava və Berlin qruplarını yaratmışdırlar. Bunlar Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi arxivinin materialları əsasında tərtib edilmiş 552 saylı sənəddə[14] öz əksini tapmışdır. Sənəddə SSRİ Daxili İşlər Xalq Kommisarlığının (НКВД СССР) Azərbaycan SSR və Gürcüstan SSR-in Daxili İşlər Xalq Komissarlığına Türkiyə ərazisində fəaliyyət göstərən azərbaycanlı və dağlı (Şimalı Qafqaz xalqlarının nümayəndələri nəzərdə tutulur) millətçi mühacirlərin qarşısının alınması üçün göndərdiyi 41/1060 saylı tapşırıq yer almışdır. Sənəddə azərbaycanlı və dağlı millətçilər yazılır. Halbuki, bu sənəddə gürcülərində adları çəkilir. Çox güman ki, Stalinə və Beriyaya görə sənəddə "gürcü" millətçi mühacirləri yazılmamışdır.
Sənəddə bu günə qədər eşitdiyimiz və eşitmədiyimiz siyasi mühacirlərin adları yer almışdır. Bir çox məsələrlə yanaşı göstərir ki, "əldə olan məlumatlara görə Sovet ərazisində göndərilməsi üçün Tomtiyev qardaşlarının, Qurban Bayramovun, Qiyas bəy Şıxlinskinin və Yadigarovların band elementləri istifadə ediləcəkdir".[14] Sənəd siyasi mühacirlərin, o cümlədən Hacıbayramlıların müharibə dövründə Sovet İttifaqına qarşı apardıqları milli azadlıq mübarizələrinin bir dövrünü aydınlaşdırmağa imkan verir. Bunula yanaşı, yuxarıda göstərilən sənədlərdə verilən məlumatları əksinə olaraq məqalədə[8] göstərir ki, Qurban Açıqsöz Polşadan Türkiyəyə qayıtdıqdan sonra siyasətlə məşğul olmamışdır. Çox güman ki, Sovet ittifaqının 1973-cü illərdəki mövqeyi nəzərə alınmaqla onun 1930–1945-ci illərdəki fəaliyyəti göstərilən məqalədə yer almamışdır.
Qurban Açıqsöz haqqında Sovet İttifaqının süqutu ərəfəsində "Amerikanın səsi" radiostansiyası veriliş verilmişdir. Onun Sovet İttifaqına qarşı apardığı milli azadlıq mübarizəsindən bəhs edilmişdir. General rütbəsinə qədər yüksəldiyi göstərilmişdir. Qurban Açıqsözün general olmasını ikinci fakt da təstiqləyir. Qarayazının Kosalı kənd sakini Sofiyev Murad Almaniya Demokratik Respublikasında (bu respublika 1990-cı ildə Almaniya Federativ Respublikasına birləşdirilmişdir) Sovet ordusu qoşun birləşmələri sıralarında hərbi xidmətdə olarkən Tiflis şəhərinin Saburtalo məhəlləsində doğulmuş, burada yaşayan bir nəfər azərbaycanlı ilə tanış olur. Onun söylədiklərinə görə Türkiyədən Qurban (Xozeyin də deyirlərmiş) adlı general rütbəli bir şəxs gəlib əsirləri Türkiyəyə aparırdı. Əvvəllər elə olurdu 500 nəfər azərbaycanlı əsir aparırdı. Məlum olmayan səbəbə görə Qurban ağa son vaxtlar Qazax, Tiflis, Borçalıdan xüsusən Qarayazıdan olan əsirləri azad etməklə kifayətlənirdi. Məni də o insan xilas etdi. Indiyə kimi yaşamağıma görə ona minnətdaram.[1]
Hacıbayramlı Qurban Açıqsöz 1946-cı ildən Türkiyənin ictimai-siyasi, iqtisadi həyatında fəal iştirak etmişdir. Ona göstərilən xüsusi etimadın nəticəsi kimi "Kommunistlərlə mübarizə" mövzusunda mühüm xidmətlər göstərmişdir.[8] Eyni zamanda məqalədə yazır ki, xatirələri "siyasi tarix" baxımından qiymətlidir, məlum olmayan incə hadisələrə işıq saçaraq qədər mahiyyətlidir.[8]
Qurban Açıqsöz 1973-cü ildə mart ayının 7-də Türkiyənin İzmit şəhərində vəfat etmişdir. O, İzmit qəbirstanlığında dəfn edilmişdir.
Onun SSRİ-də yaşamış yeganə oğlu Hacıbayramlı Musa Qurban oğlu (1919–1981) atasının Sovet ittifaqına qarşı apardığı siyasi fəaliyyətinə görə iki dəfə sürgün və həbs edilmişdir.[1]
Qurban Açıqsözün Türkiyədə övladı Yasəmən Açıqsöz olmuşdur. 1973-cü ildə atasının vəfatı ilə əlaqədar "Azərbaycan" türk kültür dərgisində[4] atasının işğalçılara qarşı mübarizəsini, vətən həsrətini çox incə hisslərlə qələmə almış, onun şəxsiyyətini xarakterizə edən misallar gətirmiş, atası ömrünün sonuna qədər özünü "Müsavat Partiyası" nın üzvü hesab etdiyini yazmışdır. Məqalənin sonunda Yasəmən Açıqsöz yazır: "Həyata gözlərini qapadığı tarix olan 7 mart ilə çox sevgili ideya yoldaşları Məhəmməd Əmin Rəsulzadə (6 mart) və Mirzə Bala (8 mart) arasında yer alan bu təmiz Azəriyə və yoldaşlarına Tanrıdan minlərcə rəhmət"
Hacıbayramlı Qurban Açıqsözün vəfatı ilə əlaqədar Azərbaycan Mədəniyyət Dərnəyinin Mərkəzi İdarə heyəti və "Azərbaycan" dərgisinin məlumatı dərc edilmişdir:[15] "Qurban Aşıqsöz Azərbaycanın Azadlıq və Müstəqillik mübarizələrinin müdafiəçilərindən biri olmuş, kommunist rus İmperialistlərinin bir gün əziz vətəni Azərbaycandan qovulacaqlarına dair inamını heç bir zaman itirməmişdir"