Rövşən Mustafayev

Rövşən Müstafayev (Mustafayev Rövşən Faiq oğlu; 5 oktyabr 1960[2], Bakı20 fevral 2009[2], İstanbul) — Azərbaycanın görkəmli elm xadimi, AMEA İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, siyasi elmlər doktoru, professor (1960-2009). Aytən Mustafayevanın həyat yoldaşıdır.

Rövşən Mustafayev
Rövşən Faiq oğlu Mustafayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Həyat yoldaşı
Elm sahəsi İnsan hüquqları[1]
Elmi dərəcəsi
  • siyasi elmlər doktoru[d]

Rövşən Mustafayev 1960-cı il oktyabr ayının 5-də Bakıda, ziyalı ailəsində anadan olmuşdur.

Bakıdakı 134 saylı məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, ali təhsili bitirdikdən sonra, 1982-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə Dəvəçi rayonunun Siyəzən qəsəbəsində orta məktəb müəllimi, 1985-1990-cı illərə kimi isə "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" qəzetlərində, "Gənclik" jurnalında jurnalist fəaliyyətinə başlamışdır. Eyni zamanda, elmi yaradıcılıqla məşğul olmuş, Şərq fəlsəfəsi və poeziyası üzrə araşdırmalar aparmış, Mirzə Şəfi Vazehin yaradıcılığına dair dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Həmin il onun "Yazıçı" nəşriyyatı tərəfindən şairin indiyədək məlum olmayan şeirlərinin tərcüməsindən ibarət kitabı işıq üzü görmüşdür.[3]

Elmi və yaradıcılıq fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Rövşən Mustafayev 1985-1990-cı illərdə "Molodyoj Azerbaydjana", "Bakiskiy raboçi" qəzetlərinin redaksiyalarında, "Gənclik" jurnalında müxbir və sonralar şöbə müdiri vəzifələrində işləmiş, başlıca olaraq, elm, mədəniyyət, təhsil mövzularında öz aktuallığı ilə seçilən təhlili materiallarla çıxış etmiş, eyni zamanda Azərbaycan televiziyasında "Dalğa" proqramının yaradıcılarından və ilk aparıcılarından biri olmuşdur.

1993-cü ildə Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunu təsis etmiş, müstəqil Azərbaycan Respublikasında hüquqi islahatlara dair sistemli tədqiqat işlərinə başlamış, həmin institutun elmi nəşri olan "Dirçəliş-XXI əsr" jurnalının baş redaktoru olmuşdur. Təsis olunduğu gündən etibarən həmin institutun direktoru vəzifəsində çalışmışdır.

1993-1994-cü illər ərzində Rövşən Mustafayevin "Azərbaycan və yeni dünya", "Azərbaycanın inkişaf yolu", "Azərbaycan dövlətçiliyi: özümüzü və dünyanı dərketmə yolunda" adlı üç elmi işi dərc edilmiş və həmin əsərlər Azərbaycanın siyasi elmində yenilik kimi dəyərləndirilmişdir.

Rövşən Mustafayev 1996-cı ildə "Azərbaycan cəmiyyətinin mümkün inkişaf yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycanda ilk siyasi elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1998-ci ildə sabiq prezident Heydər Əliyevin sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasında İnsan Hüquqları İnstitutu təsis edilmiş və AMEA Rəyasət Heyətinin qərarı ilə yeni elm ocağına rəhbərlik 38 yaşlı gənc alimə həvalə edilmişdir.

Rövşən Mustafayev Bakıda, İstanbulda, Moskvada, Sankt-Peterburqda, Minskdə, Tbilisidə, Kiyevdə, İsraildə nəşr olunmuş 70-dən çox tədqiqat işinin, o cümlədən "Erməni terrorçu və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XX əsrlər)", "Fikir azaddır", "Ölüm tanqosu", "İnformasiya cəmiyyəti", "Strasti po virtuali" və s. kitabların, yüzlərlə elmi məqalənin müəllifidir.

Rövşən Mustafayev İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şuranın sədri, Bioetika və Elmi Biliklərin Etikası Problemləri üzrə YUNESKO-nun Milli Komitəsinin sədr müavini seçilmişdir. Gürcüstan Milli Akademiyasının, Gelat Akademiyasının, S.V.Altunin adına Ekologiya və Təbiətdən istifadə üzrə Beynəlxalq Akademiyanın həqiqi üzvü olmuşdur. Görkəmli alim Azərbaycan, Türkiyə, Gürcüstan, İran və İsraildən xeyli doktorant, aspirant və dissertantın tədqiqat işlərinin elmi rəhbəri olmuşdur.[4]

Rövşən Mustafayev uzun sürən xəstəlikdən sonra, 2009-cu il fevral ayının 20-də, 49 yaşında Türkiyənin İstanbul şəhərində, "Memorial" xəstəxanasında vəfat etmişdir.

Rövşən Mustafayev 2009-cu il fevral ayının 21-də Bakının Yasamal rayonundakı qəbristanlıqda, atasının məzarı yanında dəfn olunub.[5]

Azərbaycanda “Professor Rövşən Mustafayev” adına medal və sertifikat təqdim olunur.[6]

  1. 1 2 Czech National Name Authority Database as Linked Data, Báze národních jmenných autorit v podobě propojených dat.
  2. 1 2 Bibliothèque nationale de France Rȯvshăn Faig oghlu Mustafai̐ev // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. http://www.azadliq.org/forum/1294.html
  4. "Arxivlənmiş surət". 2013-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-20.
  5. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-23.
  6. AzərTAc. ""Professor Rövşən Mustafayev "adına medal və sertifikatın təqdimetmə mərasimi keçirilib" (az.). Youtube.com. 21.12.2018. İstifadə tarixi: 2018-12-21.