Rəşad Rövnəq oğlu Abdullayev (9 may 1994) — azərbaycanlı iş adamı və məmur oğlu; "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri (2016–2017).
Rəşad Abdullayev 9 may 1994-cü ildə anadan olmuşdur. Atası Rövnəq Abdullayev uzun illər SOCAR-ın prezidenti olmuşdur.
OCCRP sənədlərinə əsasən Rəşad Abdullayevin silinmiş "LinkedIn" profilindən, onun hələ 16 yaşında "SOCAR Trading"də işə başladığı, vəzifəsinin "Ticarət və Biznes üzrə mütəxəssis" olaraq göründüyü qeyd edilmişdir. Amma atası Rövnəq Abdullayev OCCRP-yə cavabında bunun doğru olmadığını, onun SOCAR-la əlaqəli digər qurumlarda sadəcə təcrübəçi olaraq çalışdığını qeyd etmişdir.
2016–2017-ci illərdə "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır.
Evlidir.
- 2016-cı il mayın 2-də Sözcü qəzetində "Rəşad Abdullayev sürücülük vəsiqələrini polisə atdı" sərlövhəli məqalədərc edilmişdir. Həmin gün axşam saatlarında İstanbul ərazisində Rəşad Abdullayev dostları ilə əyləncədən qayıtdıqdan sonra idarə etdiyi avtomobildə yol-nəqliyyat müfəttişləri tərəfindən saxlanılmışdır. Kifayət qədər sərxoş olduğu müşahidə edilən Abdullayev ondan alkotesterə üfürməsini istəyən polisə çətin anlar yaşatmış və o, bundan imtina etmişdir. Onu buraxmasını istədiyi polislərdən rədd cavabı alan Reşad Abdullayev daha sonra pulqabısından Kaliforniya (ABŞ), Qətər və Azərbaycan sürücülük vəsiqələrini polisə ataraq "ürəyin hansını istəyirsə götür, hamısı sənindir" demişdir. Nəticədə Abdullayev 2.000 lirə məbləğində cərimə edilmiş, sürücülük vəsiqəsindən isə 2 il müddətinə məhrum edilmişdir.[1]
- 2016-cı ilin sentyabrında Rəşad Abdullayev, atasının AFFA prezidenti olmasına baxmayaraq "Səbail" Futbol Klubunun rəhbəri olmuşdur. Atası Azərbaycanın ali futbol qurumunun rəhbəri ola-ola oğlunun sərəncamına "Səbail" Futbol Klubunun verilməsi idman mediasında tənqid edilmişdir. Rövnəq Abdullayev 2017-ci ilin martında tənqidlərərə cavab vermişdir – "oğlum Rəşad da futbolu sevir. Onu futbola qəsdən qoşdum, həm başını qatsın, həm də sevdiyi işlə məşğul olsun. "Səbail" Premyer Liqaya vəsiqə qazansa, o, istefaya verməli olacaq. Mən burda ola-ola, Rəşad Premyer Liqa təmsilçisinin prezidenti ola bilməz". Həmin mövsümdə "Səbail" Futbol Klubu Azərbaycan Birinci Divizionunu 2-ci pillədə başa vurmuşdur və Premyer Liqaya vəsiqə qazana bilməmişdir. Amma AFFA tərəfindən alınan qərara əsasən divizionun qalibi olan "Turan Tovuz" Futbol Klubunun lisenziya şərtlərinə uyğun gəlməməsi bəhanə edilmiş və növbəti mövsümdə Premyer Liqaya mübarizə aparmaq hüququ məhz "Səbail"a verilmişdir. Rəşad Abdullayev 3 may 2017-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
- 2019-cu ilin iyunun 19-da Rəşad Abdullayev qiyməti bir milyon avro olan saatının oğurlanması ilə gündəmə gəlmişdir. İyunda İspaniyanın İbiza adasında oğurlanan 1.2 milyon avroluq saatla bağlı sızdırılmış polis sənədlərini araşdırılan zaman, saatın SOCAR prezidentinin oğlu Rəşad Abdulleylə məxsus olduğu üzə çıxmışdır. İspan polisinin hesabatında qeyd edilmişdir: 9 may 1994-cü il təvəllüdlü Rəşad Abdullayev adlı Azərbaycan vətəndaşının 1.2 milyon avro dəyərində Richard Mille 50–03 McLaren F1 saatı iyunun 19-u naməlum və boyu təqribən 170 sm olan bir şəsx tərəfindən oğurlanıb. Sənəd də həmçinin onun hadisə günü 2 azərbaycanlı dostu ilə görüşdüyü qeyd olunur. 2 dostun adları və doğum tarixləri də sənəddə göstərilir.
- 2023-cü ilin yanvarında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP)dərc etdiyi araşdırmalarına əsasən Rövnəq Abdullayevin 1994-cü il təvəllüdlü oğlu Rəşad Abdullayev hələ 25 yaşında olan zaman Londonun Grosvenor Meydanında ən bahalı mənzillərdən birinə sahiblənmişdir. Üç il sonra isə Rəşad Abdullayev Londonun ən bahalı və tanınmış yerlərindən biri olan "Twenty Grosvenor" Meydanında 17.3 milyon funt-sterlinq (təxminən 22.4 milyon ABŞ dolları) dəyərində dörd yataq otaqlı dəbdəbəli mənzilin sahibi olmuşdur. 2022-ci ilin martında "The Telegraph" qəzeti həmin binada bəzi mənzillərin məşhur xarici iş adamları, o cümlədən rusiyalı milyarder Dmitri Rıbolovlev tərəfindən alındığını yazmışdır.[2] Rəşad Abdullayevin sahibi olduğu mənzil alınan zaman Gernsi adasında qeydiyyatda olan bir şirkətə məxsus olduğu bildirilmişdir. Amma 2022-ci ildə Birləşmiş Krallıqda qəbul edilmiş İqtisadi Cinayətlər (Şəffaflıq və İcra) Bəyannaməsi mənzil sahibi olan bu tipli ofşor şirkətlərin yanvarın sonuna qədər benefisiarlarını açıqlamarını tələb etmişdir. Gernsidə "Mount Street Investment" adlı şirkət 2023-cü ilin yanvarında öz benefisiarı ilə bağlı bəyənnaməsini yerləşdirmişdir. Sənədlərə əsasən 2019-cu ilin iyun ayından etibarən şirkətin sahibi Rəşad Abdullayevdir. Birləşmiş Krallıqın torpaq reyestri sənədlərinə əsasən həmin ilin noyabrında bu şirkət Londonda mənzil satın almışdır. Mənzil alınan zaman ödənilən pulun mənbəyi isə məlum deyildir, Rəşad Abdullayev göndərilən sorğuya cavab verməmişdir. OCCRP-nin suallarını email vasitəsilə cavablandıran Rövnəq Abdullayev isə bu mənzillə bağlı heç bir ödəniş etmədiyini və ümumiyyətlə məlumatının da olmadığını bildirmişdir. Rövnəq Abdullayev həmçinin Rəşad Abdullayevin yuxarıda qeyd olunan mənzili alsa belə, onun heç bir qanunsuz əməliyyat aparmadığını, bu məsələ ilə bağlı əlində lazımi sənədləri mövcud olduğunu və bütün əməliyyatlar qanunvericiliyə uyğun olaraq aparıldığını bildirmişdir. OCCRP-yə əsasən SOCAR-ın hesabatlarında qurumun prezidentinin və ona yaxın vitse-prezidentlərin bir il ərzində maaşlarının və müavinətlərin toplam 800 min ABŞ dollarından az olduğu görünür və bu mahiyyət etibarilə Rəşad Abdullayevin atasının rəsmi gəliri ilə Londonda mənzil alınmasının real olmadığını üzə çıxarır.