Rəqs vəbası (1518)

İntibah dövrünün holland rəssamı Böyük Piter Breygel tərəfindən 1564-cü ildə çəkilmiş əsər. Əsərdə anlaqsız şəkildə rəqs etməkdə olan üç qadın təsvir olunmuşdur. Ehtimal olunur ki, rəssam 1564-cü ildə Flandriya ərazisində baş vermiş oxşar rəqs vəbalarından birinə şahidlik etmişdir.

Rəqs vəbası (ing. Dancing plague of 1518) — 1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində baş vermiş müəmmalı hadisələrə verilmiş ümumi ad. Hadisə nəticəsində yüzlərlə şəhər sakini səbəbsiz şəkildə saatlarla, günlərlə dayanmadan rəqs etmiş və nəticədə bir çoxu yorğunluqdan və ürək problemləri səbəbindən ölmüşdür. Şəxslərin hansı səbəbdən rəqsə başladıqları və hadisələrə nələrin səbəb olduğu heç bir zaman müəyyənləşdirilməmişdir. Müasir Fransa ərazisində yerləşən Strasburq şəhərində baş vermiş hadisə nəticəsində azı 400 nəfər şəhər sakini dayanmadan rəqs etdiyi üçün sağlamlıqlarında yaranmış qəfil problemlər səbəbindən ölmüşdür.

1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində yaşayan orta təbəqədən olan Troffea adlı qadın evinin yaxınlığındakı küçədə hərəkət etdiyi zaman, qəfildən rəqs etməyə başlamışdır.[1] Troffeanın bu rəqsinin dörd və ya altı gün davam etdiyi, bir həftənin tamanında isə ona daha 34 nəfərin qoşulduğu məlumdur.[1] Bir ay ərzində şəhərdə anlaqsız formada rəqs edən şəxslərin sayı 400 nəfər çatmışdır və bu insanların əksəriyyəti qadınlardan ibarət olmuşdur.

Rəqs edənlərin demək olar ki, hamısı dayanmadan və çox çılğın şəkildə rəqs etdiklərindən yorğunluq hissi özünü göstərmiş və bir çoxu ürək-damar sistemində yaranmış problemlər səbəbindən yerindəcə vəfat etmişdir. Həmin dövrün tarixi sənədlərinə görə anormal rəqslər nəticəsində gün ərzində azı 15 nəfər vəfat edirdi.[2] 1518-ci ilin yay ayında baş vermiş hadisə nəticəsində ümumilikdə necə nəfərin vəfat etdiyi tam müəyyənləşdirilməmişdir.[3]

Tarixi sənədlərin demək olar ki, hamısında; həkimlərin qeydləri, kilsə arxivləri, yerli və regional bələdiyyə sənədləri və həmin vaxtı ərazidə olmuş səyyah və rəssamların qeydlərində 1518-ci ilin yay aylarında Strasburq şəhərində sözügedən anormal hadisələrin baş verdiyini təsdiqləməkdədir. Şəhər şurası bütün gücünü səfərbər etsə də, hadisənin nədən qaynaqlanldığını aşkarlaya bilməmişdir. Hadisə qısa zamanda bütün imperiya ərazisinə yayıldı və hamı bəzi şəhər sakinlərinin hansı səbəbdən dayanmadan rəqs etdiklərini öyrənməyə çalışırdı. Kilsə tərəfindən həmin şəxslərin ruhlarının şeytan tərəfindən satın alındığı iddiası ortaya atılsa da, yerli həkimlər bu iddianı inkarı edərək, rəqs edən şəxslərdə yüksək qan təziqinin olmasını əsas gətirdilər və bu səbəbdən çıxış yolu kimi onlara daha çox rəqs etmək üçün şəraitin yaradılmasının vacibliyini qeyd etdilər.

Strasburq şəhər şurası yerli həkimlərin məsləhətlərinə əsasən şəhər meydanlarında həmin şəxslərin rahat rəqs etməkləri üçün geniş ərazilər formalaşdırdı və hətta şəhər şurasının büdcəsindən maliyyə ayrılaraq musiqiçilər dəvət olundu ki, rəqs edən şəxslər daha ürəkdən rəqs edə bilsinlər. Nəticə həkimlərin gözlədiyindən fərqli oldu. Musiqiçilərin çağrılması və rəqs vəbasına yoluxmuş şəxslərə daha çox şəraitin yaradılması nəticəsində əvvəllər daha gec vəfat edən şəxslər, indi sürətli hərəkətlər və yorğunluq səbəbindən daha tez ölməyə və gücdən düşməyə başlamışdılar.[4] Bütün cəhdlərə baxmayaraq həmin şəxsləri sağaltmaq və əvvəlki vəziyyətlərinə gətirmək mümkün olmadı və dəlicəsinə rəqs edən bəzi şəhər sakinləri yorğunluqdan ölənə qədər öz anormal hərəkətlərinə davam etmişdilər.

Müasir elm 1518-ci ildə Strasburq şəhərində baş vermiş anormal hadisələrin qida zəhərlənməsi nəticəsində baş verdiyini ehtimal etməkdədir. Çörək bişirilməsində istifadə olunan buğda növü olan çovdar taxıllarında yetişən ergot adlı göbələklərdə toksit və psixoaktiv kimyəvi maddələrin insanlarda zəhlərnməyə səbəb olduğu ehtimal olunur. Ergotamin, ergot göbələklərinin əsas psixoaktiv məhsuludur və struktur baxımından Dietilamid lizergin turşusuna bənzərlik təşkil etməkdədir. Oxşar göbələklərdən 1692-ci ildə Massaçusets ştatında baş vermiş Salem əcinnələrinin ovu zamanıda istifadə olunduğu ehtimal olunmaqdadır.[5][6]

Hadisənin baş verdiyi Elzas bölgəsinin sakinləri XVI əsrlərdə kütləvi açlıq və yoxsuluq həddində yaşadıqlarından insanların bir çoxunun psixoloji vəziyyətində ciddi problemlər yaranmışdır. Bu səbəbdən əhalinin stressə bağlı psixoz vəziyyətində olduğu və rəqs vəbasınında buna görə baş verdiyi ehtimalı da mövcuddur.[7] Orta əsrlərdə Avropanın digər şəhərlərində də, oxşar hadisələrin yaşadındığı müşahidə olunmuşdur. Hadisələrin baş verməsində əsas ehtimallar kimi şəhər sakinlərinin qida və ya içməli su qaynaqlarında baş vermiş zəhərlənmələr və ya həmin dövrlərdə mövcud olmuş ağır-psixoloji vəziyyətin insanlara gətirmiş olduğu gərgin stress və ruh düşgünlüyü göstərilməkdədir.[8][9][10]

  1. 1 2 Viegas, Jennifer. "'Dancing Plague' and Other Odd Afflictions Explained". Discovery News. Discovery Communications. 1 August 2008. 13 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 May 2013.
  2. Waller J. "A forgotten plague: making sense of dancing mania". Lancet. 373 (9664). February 2009: 624–625. doi:10.1016/S0140-6736(09)60386-X. PMID 19238695. 2014-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
  3. Clementz, Élisabeth. "Waller (John), Les danseurs fous de Strasbourg. Une épidémie de transe collective en 1518". Revue d'Alsace - Fédération des Sociétés d'Histoire et d'Archéologie d'Alsace. 142. 2016: 451–453. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
  4. Waller, John C. "In a spin: the mysterious dancing epidemic of 1518". Endeavour. 32 (3). September 2008: 117–121. doi:10.1016/j.endeavour.2008.05.001. ISSN 0160-9327. PMID 18602695.
  5. Waller, John. "A forgotten plague: making sense of dancing mania". The Lancet. 373 (9664). 2009: 624–625. doi:10.1016/S0140-6736(09)60386-X. PMID 19238695.
  6. "Mystery explained? 'Dancing Plague' of 1518, the bizarre dance that killed dozens". 13 August 2008. 2 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2017.
  7. Kaufman, David Myland; Milstein, Mark J. Kaufman's Clinical Neurology for Psychiatrists. Chapter 18: Involuntary Movement Disorders (Seventh). Elsevier. 2013. 397–453. ISBN 978-0-7234-3748-2.
  8. Cardoso, Francisco; Seppi, Klaus; Mair, Katherina J; Wenning, Gregor K; Poewe, Werner. "Seminar on choreas". The Lancet Neurology. 5 (7). July 2006: 589–602. doi:10.1016/S1474-4422(06)70494-X. PMID 16781989.
  9. Haq, Ihtsham U; Tate, Jessica A; Siddiqui, Mustafa S; Okun, Michael S. Youmans and Winn Neurological Surgery: Clinical Overview of Movement Disorders (Seventh). Elsevier. 2017. 573–585.e7. ISBN 978-0-323-28782-1.
  10. Kaufman, David Myland; Geyer, Howard L; Milstein, Mark J. Involuntary Movement Disorders (Eighth). Elsevier. 2017. 389–447. ISBN 978-0-323-46131-3.