R6 — H.Z.Tağıyev–Sahil yolu respublika əhəmiyyətli yoldur. Ümumi uzunluğu 40 km olub, Bakı-Quba-Rusiya yolunu Ələt-Astara-İran yolu ilə birləşdirir.[1] Əsasən yük daşıması üçün əhəmiyyətlidir. Respublikanın cənub və qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin şəhərə daxil olmadan Bakı-Quba-Rusiya yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 50 km qısaltmışdır.[2][3] Gələcəkdə ödəniş tətbiq ediləcək yollar sırasına bu yol da daxildir.[4][5]
Avtomobil yolu | |
H.Z.Tağıyev-Sahil | |
---|---|
Ölkə | Azərbaycan |
Yol nömrəsi | R6 |
Uzunluğu | 40 km |
Eni | 15 m |
Başlayır | M1 |
Bitir | M3 |
Örtüyü | Asfalt |
Sahibi | Azəravtoyol |
2010-cu ilin aprel ayında “Azəryolservis” ASC-sinin sifarişi ilə uzunluğu qovşaqlar da daxil olmaqla 48 kilometr, torpaq yatağının eni isə 15 metr olan yolun yenidən qurulmasına başlanıldı.[6] Tikinti işlərini “Azərinşaatservis” MMC həyata keçirmişdir.[7] Layihənin ümumi dəyəri 65,633,110.00 ABŞ dollarıdır. Layihəni Azərbaycan Respublikası və Dünya Bankı maliyyələşdirib.[8] Layihəyə əsasən bir gediş və bir gəliş olmaqla iki hərəkət zolağından (hər birinin eni 3,75 metr) ibarətdir. II dərəcəli avtomobil yolu olaraq tikintisi nəzərdə tutulan bu yolun yenidənqurulması zamanı 11 yeni körpünün, 45 suötürücünün və 4 keçidin inşası başa çatdırılmışdır. Yolun üstündə 8 ədəd avtobus dayanacağı da inşa edilib.[9] Əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışını 28 may 2014-cü il tarixində İlham Əliyev etmişdir.[10][11]