Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rafiq İbrahimov (2 noyabr 1955 – 13 sentyabr 2024) — aktyor.
Rafiq İbrahimov | |
---|---|
Rafiq Əli oğlu İbrahimov | |
Doğum tarixi | 2 noyabr 1955 |
Vəfat tarixi | 13 sentyabr 2024 (68 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Rafiq İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub.
Müəllimlər məsləhət görüblər ki, indiki Xətai adına mədəniyyət sarayı nəzdində fəaliyyət göstərən xalq teatrına üzv yazılsın. Xalq teatrının bədii rəhbəri və quruluşçu rejissoru Məmmədkamal Kazımov onun kütləvi səhnələrdə iştirakına razılıq verib. Az sonra Rafiqin istedadını nəzərə alaraq ona baş rolları da etibar ediblər.
Həvəskar aktyor Rafiq İbrahimov bir neçə aydan sonra S. Vurğunun "Xanlar" və "Fərhad və Şirin" mənzum dramlarında Xanlar və Fərhad obrazlarını yaradaraq xalq teatrlarına baxış- müsabiqədə mükafat alıb.
1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram, kino aktyorluğu" fakültəsinə daxil olur.
R. İbrahimov ikinci kursda oxuyarkən S. Vurğunun "Fərhad və Şirin" mənzum dramından parçalarda Şapur obrazını yaradaraq sevimli müəllimi Adil İsgəndərovdan ilk "əla" qiymət alıb. Sonralar Şekspirin "On ikinci gecə" və S. S. Axundovun "Eşq və intiqam" əsərləri əsasında hazırlanmış diplom tamaşasında Antoniyu və Şahbaz bəy rollarının ifası ilə imtahan komissiyası üzvlərini razı salmışdır.
1978-ci ildə institutu bitirən Rafiq İbrahimov bir müddət Tədris teatrında işləyir, müəllimin arzu etdiyi rollarda çıxış edir və oradan da hərbi xidmətə çağırılır. Əsgərlikdən "leytenant" rütbəsi ilə qayıdan Rafiq o vaxtdan 1994-cü ilədək Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir və bu illər ərzində müxtəlif səpkili tamaşalarda baş rollarda 20-yə yaxın yadda qalan obrazlar yaradır.
1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan sənətkar bir- birinin ardınca Rafiq İbrahimov Bakı Bələdiyyə Teatrında ondan çox obraz yaradır. Nəriman Nərimanovun "Nadir şah" faciəsində Səlim xan, R. İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" pyesində Fikrət, S. Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, O. Altunbayın "Tomris"ində Bagudar, F. Məmmədovun "Anasının gül balası"nda Şahmar, A. Məmmədovun "Dəli Domrul"nda- Dədə Qorqud, N. Nərimanovun "Nadir şah"nda- Səlimağa, N. Rəfibəylinin "Məhsətisində"- Şah, Əmir Pəhləvanın "İnsan və İblis"ndə- İblis, müstəntiq, A. Babayevin "Oğul"nda- Cani, C. Cabbarlının "Dönüş"ndə- Zaman, C. Məmmədquluzadənin "Ölülər"ində- Səlim ağa, N. Hikmətin "Damokl qılıncı"nda- Arxitektor, İ. Kərimovun "Xəyanətin Müsibəti"ndə- Ömər, A. Qurbaninin "Türk sancağı"nda- Məşədi Heydər və b. Tamaşalarda Rafiq İbrahimov böyük uğurlar qazanır.
Sənətkarın əməyi 2002-ci ildə dövlət tərəfindən qiymətləndirilib ona Respublikamızın Əməkdar artisti fəxri adı verilib.
13 sentyabr 2024-cü ildə vəfat edib.[1]