Ramazan Tarverdiyev

Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978).

Ramazan Tarverdiyev
Ramazan Baxşəli oğlu Tarverdiyev
Doğum tarixi
Doğum yeri Navahı, Hacıqabul, Azərbaycan SSR
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Elm sahələri coğrafiyaşünas, hidroloq
Elmi dərəcəsi coğrafiya elmləri doktoru (1977)
Elmi adı professor (1978)

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də indiki Hacıqabul rayonunun Navahı kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır.

Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir. Məhz onun irəli sürdüyü elmi-metodik hesablama üsulları Şəmkir SES-in tikintisində tətbiq olunmuşdur.

Ramazan Tarverdiyev 1980-ci ildə Rusiyanın Baykal gölündə elmi-tədqiqat işləri aparmışdır. Həmçinin 1963-cü ildə Azərbaycanın İsmayıllı rayonu ərazisindəki Qafqaz Albaniyası dövrünə aid Cavanşir qalasının (VII əsr) tam sxemini bussol planaalma yolu ilə tərtib etmişdir.[1][2] ASE-nin I–VII cildlərində göl və su anbarlarına aid bir çox məqalələrin müəllifidir.

R. B. Tarverdiyev "1941–1945-ci illər Böyük Vətən Müharibəsində fədakar əməyə görə" (1945), "Böyük Vətən Müharibəsində Qələbənin 30 illiyi" (1975) və "Sosializm yarışının qalibi" (1980) medalları ilə təltif edilmişdir.

1983-cü il may ayının 27-də Bakıda vəfat etmişdir.

  • Biologiya elmləri namizədi Tahir Tarverdiyevin (Navahı) atasıdır.
  • Doktorant, Ləman Tarverdiyevanın babasıdır.
  • Pedaqoji elmlər doktoru, professor Akif Abbasovun (Nurağaoğlu) qayınatasıdır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Böyük Qafqazın gölləri və su anbarlarının hidroloji xüsusiyyətləri. Bakı: Elm, 1965 (Xəlil Zamanovla birgə)
  2. Заиление Мингечаурcкого водохранилища. Баку: 1974

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 126.
  2. Tahir Navahı. Bəzz qalası. Bakı: MBM, 2010. — səh. 92.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əliyev, A. "Xəzərin mahnısı" //Azərbaycan müəllimi.- 1977.- 30 sentyabr.
  • Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987.  (az.)
  • Bəşirov, F. "Cavanşir qalasının ilk sxemini kim çəkib?" //Ekspert.- 2000.- 19 – 25 iyul.
  • "Professor Ramazan Tarverdiyev — 75". //"Təhsil, mədəniyyət, incəsənət" jurnalı.- 2003.- № 3.- səh. 84.
  • Bəşirov, F. "Cavanşir qalasının ilk sxemini kim çəkib?" //Müasir cəmiyyət.- 2007.- 9 may.
  • Bəşirov, F. "Cavanşir qalasının ilk sxemini kim çəkib?" //Tanıtım.- 2010.- dekabr.