Ramilə Kaştayeva (qızlıq soyadı: Yusubova, 28 iyul 1987[1], Tbilisi) — Azərbaycanı təmsil edən para-cüdoçu və cüdoçu.[2] Cüdo üzrə idman ustası. Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri.[3]
Ramilə Kaştayeva | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Ramilə Şahvələd qızı Kaştayeva | |||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||
Doğum tarixi | 28 iyul 1987[1] (37 yaş) | |||||||||||||
Doğum yeri | ||||||||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | |||||||||||||
İdman növü | Cüdo və para-cüdo | |||||||||||||
Məşqçisi | İbadulla Şabanov | |||||||||||||
Medallar
|
Ramilə, beynəlxalq səviyyədə ilk ciddi uğuruna, 2003-cü ilin avqustunda, Bakıda baş tutmuş U-17 dünya çempionatında qızıl medal qazanmaqla nail olub.[4] 2004-cü ilin noyabrında hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb.
2005-ci ilin dekabrında baş tutmuş Azərbaycan çempionatının finalında Sona Əhmədliyə məğlub olaraq gümüş medalla kifayətlənib.[5] 2006-cı ilin oktyabrında Bakıda keçirilmiş U-23 Azərbaycan çempionatında qızıl,[6] noyabrında isə Moskvada keçirilmiş U-23 Avropa çempionatında bürünc medal qazanıb.[7]
2008-ci ildə həlledici görüşdə Gözəl Zutovaya qalib gələrək Azərbaycan çempionu olub.[8] Bir il sonra Antalyada baş tutmuş U-23 Avropa çempionatında üçüncü yeri tutub.[9]
2010-cu ilin sentyabrında Tokionun ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.[10] 2011-ci və 2012-ci illərdə müvafiq olaraq Əbu-Dabi və Bakıda keçirilimiş Qran-pri yarışlarında gümüş medal qazanıb. 2012-ci ilin aprelində Çelyabinskdə baş tutmuş Avropa çempionatında üçüncülük uğrunda mübarizədə Fransa təmsilçisi Klariss Aqbenyenuya məğlub olaraq yarışı beşinci pillədə başa vurub.
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı 63 kq çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edən Ramilə,[11] ikinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə[12] məğlub olaraq mübarizəni dayandırıb.[13]
Olimpiadadan sonra ailə həyatı qurub və övlad dünyaya gətirib.[14] 2013-cü ildə Azərbaycan çempionatının qalibi olub.[15]
Ramilə Kaştayeva görmə qabiliyyətində zəiflik yarandığından, paralimpiya yarışlarında mübarizə aparmağa başlayıb.[14]
2017-ci ilin mayında Bakıda baş tutmuş IV İslam Həmrəyliyi Oyunlarının final görüşündə digər Azərbaycan nümayəndəsi Turanə Ağayeva üzərində ipponla qələbə qazanaraq turnirin qızıl medalına sahib olub.[16]