Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
Ramil Qasımov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1984 (39 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Mükafatları |
Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir.
Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir. Ramil Qasımov dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında, müsabiqələrdə Azərbaycanı təmsil etmiş və beynəlxalq müsabiqələr laureatı olmuşdur. İfaçının repertuarında xalq mahnıları, romanslar, bəstəkar mahnıları ilə yanaşı Azərbaycan, italyan, ispan, fransız, ingilis, türk və rus klassiklərinin əsərləri yer alır. Ramil Qasımov eyni zamanda dirijor olaraq də fəaliyyət göstərmişdir. O, dirijor kimi 2017-ci ildə keçirilən Üzeyir Hacıbəyli Beynalxalq musiqi festivalında dünya və Azərbaycan klassik nümunələrini orkestrin müşayiəti ilə dirijorluq etmişdir.[1][2]
Ramil Qasımov 2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışmışdır. 4 noyabr 2015-ci il tarixində isə Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru vəzifəsinə təyin edilmişdir.[3] "Mədəniyyət" kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox irimiqyaslı layihə, festival və telemüsabiqələri təşkil etmiş, "Əbədi Musiqi", "Ötən illərin nəğmələri", "Bakı gecələri", "Mən də əsgərəm", "Bura vətəndir", "Romans axşamı", "Bizi birləşdirən mədəniyyət" kimi verilişlərin ideya müəllifi olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi Azərbaycan bəstəkarlarının "Romans müsabiqəsi", "Xalq mahnıları" festivalı, Beynəlxalq "Orqan musiqisi" festivalı, "Azərbaycan vokalçıları", "Milli nəfəs alətləri" festivalları həyata keçirilmişdir. Ramil Qasımov eyni zamanda Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələri, tele-musiqili tamaşaları, "Məhsəti" operası, Milli qəhrəman Mübariz İbrahimova həsr olunan "Mübariz" musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir. O, Azərbaycanın milli mədəniyyətinin, xalq sənətinin, klassik irsinin inkişafı üçün bir sıra layihələrə imza atmışdır.
Ramil Qasımov 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunmuşdur.[4] O, 2022-ci ilədək bu vəzifədə çalışmışdır.[5]
23 noyabr 2023 cü ildə Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.
Heydər Əliyev Sarayında çalışdığı dövrdə “Bu günün rəssamı: bizi də tanıyın” kimi layihənin ideya müəllifi olmuşdur.
Həmçinin bu dövrdə Nizami Gəncəvinin 650 illik yubileyi ilə əlaqədar olaraq Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını bərpa etdirmiş, layihənin ideya müəllifi və təşəbbüskarı olmuşdur.
Ramil Qasımovun müəllifi olduğu “Arzu medalyonu” uşaqlar üçün fantastik musiqili nağıl olaraq böyük rəğbətlə qarşılanmışdır.
2023-cü ildən etibarən, Mədəniyyət telekanalında yayımlanacaq “Davamçı” layihəsi də Ramil Qasımovun adı ilə bağlıdır. Layihədə gənc istedadların ustadlarının və özlərinin tanıdılması nəzərdə tutulub.
Ramil Qasımovun yaradıcılığının bir qolu isə onun ilk dəfə olaraq çayla rəsm əsərləri çəkməsi təşkil edir. Müəllifin çayla çəkilmiş xeyli sayda portret əsərləri var.
Ramil Qasımov 14 sentyabr 2015-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.[6]
6 may 2016-cı ildə və 1 may 2017-ci il tarixlərində Prezident mükafatına layiq görülmüşdür.[7][8]