Heydər Əliyev Sarayı

Heydər Əliyev Sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən konsert salonu. Heydər Əliyevin adını daşıyır.[1]

Heydər Əliyev adına saray
Heydər Əliyev sarayının Səməd Vurğun küçəsinə baxan fasadı
Heydər Əliyev sarayının Səməd Vurğun küçəsinə baxan fasadı
Xəritə
Bakının xəritəsində yerləşməsi
Keçmiş adları Lenin sarayı, Respublika sarayı
Ümumi məlumatlar
Növü Konsert zalı
Memarlıq üslubu Modern
Ünvan Bülbül prospekti 35
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°22′39″ şm. e. 49°50′29″ ş. u.
Şərəfinə adlandırılıb Heydər Əliyev
Təntənəli açılış tarixi 1972
Bağlanılıb 2007
Dizayn və konstruksiya
Memar Vadim Şulqin, Eduard Melxisedekov, Vitali Faynşteyn
Veb-sayt
heydaraliyevpalace.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saray istifadəyə veriləndən 1989-cu ilə qədər Respublikanın xalq artisti Kərim Kərimov, 1989-cu ildən 2020-ci ilə qədər Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev, 2020-ci ildən 2022-ci ilə qədər Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. 2022-ci il 17 iyun tarixindən 2023-cü il 25 noyabr tarixinə qədər müvəqqəti olaraq Faiq Mirzəyevə həvalə edilmişdi. 2023-cü il 25 noyabr tarixindən Heydər Əliyev Sarayının direktoru vəzifəsinə İlham Qasımov təyin edilib.[2]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən əsaslı təmirə dayandırılan Heydər Əliyev Sarayı aparılan təmir-bərpa işləri nəticəsində indiki görünüşünə qovuşmuşdur.[3]

Sarayının səhnəsində çıxış edən artistlərin şəkilləri, fotoarxivindən düzəldilmiş fotoqalereyaya daxil olaraq, keçirilmiş konsertlər haqda daha ətraflı məlumat almaq mümkündür. Bu fotoşəkillərin çoxu eksklüzivdir və ilk dəfə nümayiş etdirilir.[4]

Sarayın adı ilk öncə Lenin Sarayı, sonra Respublika Sarayı, 10 mart 2004-cü ildən isə Heydər Əliyev Sarayı olub.[4]

Bütün texniki avadanlıq – səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, KanadaYaponiyadan gətirilmiş müasir işıq və səs texnikası qurulmuşdur.[4]

XX əsrin ikinci yarısında Azərbaycanın paytaxtında yeni və maraqlı memarlıq abidələri ucaldılmağa başlandı ki, bunların sırasına Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı üçün inşa edilən yeni binalar daxil idi. Kinoteatrlar, mədəniyyət sarayları şəbəkələri genişləndirildi. 1960-cı ildən Bakıda genişekranlı kinoteatr tikilməsi qərara alındı ki, bu tikintiyə 1962-ci ildə başlanıldı.[1]

1960–1970-ci illər arasında iki dəfə Bakıda geniş səhnəli kinopanarama binasının tikilməsi qərara alınsa da, nədənsə, inşaat işləri yarımçıq dayandırıldı. Üç, dörd ildən sonra yenidən tikinti işləri başlanıldı. Bu dəfə kinokonsert salonu tikmək istəyirdilər. Kompleksin tikintisinə 1962-ci ilin mayında başlandı. Bir müddət inşaat işləri davam etdirildi, divarlar bir-iki metr qalxdı, lakin az keçməmiş iş dayandırıldı, bir-iki ildən sonra tamamilə unuduldu. Tikinti işlərinə yalnız ölkədə quruculuq və abadlığın vüsət aldığı dövrdə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunmasından sonra başlanıldı. Heydər Əliyev ölkədə tikinti işlərinə rəhbərliyi tanınmış inşaat mühəndisi Əliş Ləmbəranskiyə tapşırdı. Beləliklə, tikintisi on illərlə ləngiyən binada inşaat işləri sürətləndirildi. İki il ərzində V. İ. Lenin adına sarayın tikintisi başa çatdırıldı. 1972-ci ilin dekabrın 11-də tikintinin qabaqcılları iş yoldaşlarının alqışları altında sarayın rəmzi açarını Heydər Əliyevə təqdim etdilər. Bu açar ən qiymətli xatirə əşyası kimi sarayda indi də qorunub saxlanılır. Həmin gün bu sarayın səhnəsində ilk böyük qala konsert keçirilidi. Konsertdə respublikanın bir çox incəsənət ustaları iştirak ediblər. O vaxtdan saray Türkiyə, Yuqoslaviya, Çexoslovakiya, İngiltərə, Amerika kimi böyük ölkələrdən, SSRİ-nin bütün regionlarından incəsənət xadimlərinin çıxışları ilə yanaşı, vacib hadisələrin də qeyd olunduğu məkana çevrildi.[3] Əliş Ləmbəranski tikintiyə rəhbər təyin edildi. Binanın fəaliyyət məqsədi də dəyişdirilərək, onun möhtəşəm Saray olması üçün layihədə müəyyən dəyişikliklər edildi.[1] Tikintinin baş memarları Vadim Şulqin və Eduard Melxisedekovdur.

Saray ilk başlanğıcda iri formatlı filmlər nümayiş etdirmək üçün 2500 yerlik geniş panoramlı kinoteatr üçün nəzərdə tutulmuşdu. Binanın tikintisinə Moskva, Ukrayna, Özbəkistan, Gürcüstan, Latviya, EstoniyaLitvadan mütəxəssislər dəvət olunmuşdu. Sarayda mürəkkəb texniki qurğular, binanı isti və soyuq hava ilə təmin etmək üçün müxtəlif mexanizmlər, elektrik yarımstansiyası, səhnə səthinin və orkestrin enib-qalxması üçün çox mürəkkəb avadanlıqlar quraşdırılmışdı. Sarayın səhnəsi ən müasir texniki qurğularla təmin olunmuş, müxtəlif hündürlüklərə enib-qalxan səhnə döşəməsi, hər iki tərəfə hərəkət edən iki xüsusi döşəmə, mexaniki idarə olunan rəngarəng pərdələr, ən mürəkkəb rəng çalarlarını yarada bilən işıq sistemi, avtomatik idarə olunan yüksək səviyyəli səs gücləndirmə texnikası, müxtəlif çeşidli mikrofonlar, orada çalışan rejissor və digər yaradıcı işçilər, eləcə də səhnədə çıxış edənlər üçün hər cür imkan yaradılmışdı. Sarayda keçirilən rəsmi tədbirlərdə çıxışlar müxtəlif dillərə tərcümə edilir, xüsusi aparatın köməkliyi ilə salonda əyləşənlərə çatdırılırdı.[3] SSRİ-də belə saray MoskvaSankt-Peterburq da daxil olmaqla cəmi 7 şəhərdə tikilmişdi.

1972-ci il dekabr ayının 14-də sarayın açılışı baş tutmuşdur. Açılış üçün çox böyük konsert proqramı hazırlanmışdı. Konsert proqramı Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə açıldı. Konsertdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, "Qaya" vokal kvarteti, SSRİ xalq artisti Hökümə Qurbanova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Aşıq Pənah Pənahov və bir çox başqa incəsənət ustaları iştirak edirlər.[1]

Heydər Əliyev 1972 −2002-ci illər arasında bu gün onun adını daşıyan Sarayda keçirilən respublika, ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlərdə daim iştirak edirdi. Sənətə, mədəniyyətə, iqtisadiyyata, respublikanın uğurlarına, el şənliklərinə həsr olunan tədbirlərin əksəriyyətində Heydər Əliyev çıxışlar etmişdir. Elə bu səbəbdən bu konsert salonu öz qurucusu – Heydər Əliyevin adını daşıyır. İlham Əliyevin müvafiq qərarı ilə əsaslı təmir-bərpa olunmuşdur.

Heydər Əliyev ikinci hakimiyyəti dövründə bu sarayda xalq qarşısında and içərək prezident kimi ilk nitqini söyləyib. İlham Əliyev də ölkə başçısı seçilərkən Azərbaycan xalqına məhz bu məkandan səslənib. Azərbaycan Respublikasının bir çox dövlət əhəmiyyətli tədbirləri də məhz Heydər Əliyev Sarayının ev sahibliyi ilə reallaşıb. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Nizaminin 840, Nəsiminin 600, Mirzə Fətəli Axundovun 170, Hüseyn Cavidin 100 illik yubileyləri keçirilmişdir. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı tədbirlər Heydər Əliyev Sarayında keirilmişdir.[1]

Sarayın fəaliyyətini şərti olaraq iki hissəyə bölmək olar: 1972–2006-cı illərdəki fəaliyyət dövrü və əsaslı təmirdən, yenidənqurma işlərindən sonrakı dövr. Birinci dövrdə Azərbaycan Respublikasının böyük mədəni və siyasi-ictimai tədbirləri, ümumittifaq və beynəlxalq əhəmiyyətli tarixi toplantılar sarayda keçirilib. Ayrı-ayrı illərdə onun səhnəsində sənətçilər çıxış etmişlər. Rusiyanın estrada ulduzlarından Tamara Sinyavskaya, Alla Puqaçova, İosif Kobzon, Arkadi Raykin, Layma Vaykule, Gennadi Xazanov, Vladimir Vinokur, Lev Leşşenko, Lüdmila Zıkina, gürcü Nani Breqvadze, Vaxtanq Kikabidze, türk sənətçiləri Emel Sayın, Ajda Pekkan, İbrahim Tatlısəs, Müşərrəf Akay, Mahsun Kırmızıgül, yunan Demis Russos, alman Tomas Anders, Özbəkistanın "Yalla" qrupu, çex Karel Qott və bir çox sənət adamları sarayda möhtəşəm konsertlər veriblər. Moskvanın Satira, MXAT, Vaxtanqov kimi dünyaşöhrətli teatrları bu səhnədə tamaşalar göstəriblər. Bu siyahıya Azərbaycan sənətkarlarını əlavə etsək, mənzərə daha əzəmətli görünər. Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, İslam Rzayev, Gülağa Məmmədov, Hacıbaba Bağırov, Anatollu Qəniyev, Flora Kərimova, İlhamə Quliyeva, Ağadadaş Ağayev və müxtəlif konsert qrupları, rəqs ansamblları, vokal dəstələri neçə-neçə əlvan proqramlı konsertlərini məhz Sarayda veriblər.

Təbii ki, sarayın səhnəsində keçirilən siyasi-ictimai tədbirlər həddindən artıq çoxdur. Bu tədbirlərə Azərbaycan Milli Teatrının 100 illiyi (31 may 1974-cü il), Sovet Ədəbiyyatı Günləri (8 oktyabr 1975-ci il), Azərbaycan Kommunist Partiyasının XXIX Qurultayı (29 noyabr 1976-cı il), Azərbaycanda Ukrayna Respublikasının Ədəbiyyat və İncəsənət günlərinin təntənəli açılışı (31 oktyabr 1976-cı il), Leninqrad Ədəbiyyatı və İncəsənəti Günləri (11 dekabr 1987-ci il), Azərbaycan Komsomolunun Qurultayı (6 mart 1987-ci il), Yeni Azərbaycan Partiyasının Qurultayı (20 və 21 dekabr 1999-cu il), Dünya Azərbaycanlılarının I Qurultayı (09 – 10 noyabr 2001-ci il), Dünya Azərbaycanlılarının II Qurultayı (16 mart 2006-cı il), VII Beynəlxalq "Şərq-Qərb" Kino Festivalı (2 oktyabr 2005-ci il), VIII Beynəlxalq "Şərq-Qərb" Kino Festivalı (4 sentyabr 2006-cı il) Rusiya Mədəniyyəti Günləri (12 iyun 2004-cü il və 1 iyun 2006-cı il) və başqa bir çox tədbirləri aid etmək olar. Heydər Əliyev Sarayının ikinci dövr fəaliyyəti isə 2006–2008-ci illərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra başlanıb. İkinci dəfə böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyevin 24 oktyabr 2008-ci ildə andiçmə mərasimi Sarayda keçirilib.

Heydər Əliyev Sarayının əsaslı təmir və yenidənqurma işlərindən sonra rəsmi açılışı isə SSRİ xalq artisti Zeynəb Xanlarovanın 2008-ci il 5 və 6 noyabrda keçirilən möhtəşəm solo konsertləri ilə oldu. Elə həmin vaxtdan Saray tam gücü ilə fəaliyyətə başladı. Bundan sonra səhnədə italyan müğənnisi Toto Kutunyonun, rus müğənniləri Vladimir Leontyevin, Vitasın, Rostropoviç adına II Beynəlxalq Musiqi Festivalının, Marinski Dövlət Akademik Opera və Balet Teatrının, məşhur gürcü kollektivi "Erisioni" Dövlət Mahnı Teatrının çıxışları olub. Türk müğənnisi Sərdar Ortac, hazırda Amerikada yaşayan soydaşımız, caz artisti Əzizə Mustafazadə, "Asiman" uşaq rəqs kollektivi, müxtəlif estrada artistlərimiz burada konsertlər veriblər. "Hökümdarın taleyi" və "Cavad xan" filmlərinin premyeraları Heydər Əliyev Sarayında nümayiş etdirilib.

Yenidənqurma işləri

[redaktə | mənbəni redaktə et]

Yenidənqurmanın gedişi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli Sərəncamına uyğun olaraq, Bakının ən böyük mədəniyyət ocaqları əsaslı təmir edilir və yenidən qurulur. Dövlətimizin başçısının sərəncamına əsasən, təmir-bərpa və yenidənqurma işləri gedən mədəniyyət ocaqlarından biri də Heydər Əliyev Sarayıdır. Ulu öndərin saysız-hesabsız yadigarlarından biri olan bu Saray 35 il ərzində ilk dəfədir əsaslı şəkildə yenidən qurulur. Heydər Əliyev Sarayı yenidənqurma ilə əlaqədar bağlandıqdan sonra ölkə prezidenti İlham Əliyev müntəzəm olaraq təmir-tikinti işləri ilə maraqlanıb. İl yarım ərzində bir neçə dəfə binaya baxış keçirilib. Hər dəfə də inşaatçılara özünün dəyərli tövsiyə və fikirlərini demiş, mühüm tapşırıqlarını vermişdir. Məhz onun şəxsi göstərişləri və daimi nəzarəti ilə dünyadakı ən son texnologiyalardan bütün istiqamətlərdə istifadə olunmuşdur.

Prezident İlham Əliyev təmir-bərpa işləri yenicə başlananda da buraya gəlmiş, görüləcək işlərin layihəsi ilə tanış olmuşdu. Dövlətimizin başçısına ötən aylarda görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, təmir-bərpa və yenidənqurma ən müasir texnologiyalar əsasında aparılır, mütəxəssislər konstruksiyaların və mühəndis qurğularının faktik vəziyyətini ekspertizadan keçirdikdən sonra təmir işlərinin mexanizmi müəyyənləşdirilir. Sarayın əsaslı şəkildə yenidən qurulması işlərini bu sahədə kifayət qədər təcrübəsi olan "Azəraqrartikinti" səhmdar cəmiyyəti və Türkiyənin tanınmış "Pim Proje" şirkəti görür.

Əsaslı təmir-bərpa işləri 2008-ci ilin mayında tamamlanıb. Almaniyadan sifariş olunan xüsusi dam örtükləri Bakıya gətirilir. İtaliya istehsalı olan mərmərlər çox yüksək keyfiyyətlidir. Prezident İlham Əliyev fasadda açıq qəhvəyi rəngli mərmərdən də istifadə olunmasını tövsiyə edir. Dövlətimizin başçısı Sarayın daxilini əks etdirən eskizlərlə tanış oldu, səhnəyədə baxdı. Bildirildi ki, burada da işlər surətlə davam etdirilir. 2128 yerlik salonda rahatlıq üçün bütün şərait yaradılacaqdır. Səhnənin akustikası ilə bağlı layihə işləri tezliklə başa çatdırılacaqdır. Sarayda işıq, istilik, səsləndirmə və kommunikasiya sistemləri tamamilə dəyişdiriləcək, oturacaqlar yenisi ilə əvəz olunacaqdır. Prezident İlham Əliyev səhnədə yüksək standartlara cavab verən müasir avadanlığın quraşdırılması barədə tapşırıq verdi. Dövlətimizin başçısı foyedə görülən işlərlə də maraqlandı. Heydər Əliyev Sarayında aparılan əsaslı təmir və yenidənqurma işlərinin daha bir özəlliyi binanın qarşı tərəfində quraşdırılacaq şüşələrlə bağlı olacaqdır. ABŞ istehsalı olan şüşələr içəridə keçiriləcək tədbirləri birbaşa Sarayın qarşısından izləməyə imkan yaradacaqdır. Gecələr isə bu şüşələr ətrafa yaraşıq verəcək, onlardan reklam roliklərinin nümayiş etdirildiyi nəhəng monitorlar kimi də istifadə ediləcəkdir. Dövlətimizin başçısı xüsusi havalandırma sisteminin yerləşəcəyi yerədə baş çəkdi. Burada İtaliyadan alınan avadanlığın yaxın gələcəkdə quraşdırılmasına başlanacaqdır. Dövlətimizin başçısı Sarayda əsaslı təmir və yenidənqurma işlərinin ən yüksək tələblər səviyyəsində və keyfiyyətlə görülməsi barədə tapşırıq və tövsiyə verdi.

Prezident İlham Əliyevin sərəncamı ilə əsaslı şəkildə təmir edilən və yenidən qurulan çoxsaylı monumental binalardan biri olan bu Sarayda işlərə aprel ayında başlanılmışdı. Binanın dam örtüyü tamamilə dəyişdirilmişdir. Səhnənin və salonun işıqlandırma və səsləndirmə sistemlərini idarə edəcək kinoproyeksiya korpusunda xeyli işlər görülmüşdür. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhnənin tərtibatının layihəsi ilə də maraqlanıb, tamaşa salonunun akustik divar elementlərinin bəzək-tamamlama işlərində istifadə olunacaq materiallara uyğun seçilməsi ilə bağlı tövsiyələrini vermişlər. Dövlətimizin başçısına salonda quraşdırılacaq oturacaqların və səhnə pərdəsinin nümunələri haqqında məlumat verilib.[5]

Yenidənqurmadan sonra

[redaktə | mənbəni redaktə et]

Sarayın təmiri 1 il 7 ay davam edir. Yenidənqurma işlərindən sonra 16 oktyabr 2008-ci ildə Heydər Əliyev Sarayı müasir, dünya standartlarına cavab verən görkəmdə təhvil verilir. Heydər Əliyev Sarayı dünyanın möhtəşəm və gözəl sarayları ilə müqayisə olunan saraylardandır.

Bina əsaslı təmirdən və fundamental yenidənqurma işlərindən sonra tamamilə dəyişərək damından döşəməsinə, səhnə avadanlıqlarından hava sisteminədək tamamilə yenilənib. Fasadı mərmərlə üzlənən saray binasının 4 ətrafdan izlənilməsinə imkan verən monitorlar quraşdırılıb. Salonda keçirilən tədbirlərin xaricdən izlənilməsi üçün tamaşaçı foyesi xüsusi şüşələrlə üzlənib. Foyedə interyerə xüsusi gözəllik və cazibədarlıq verən, işıqlarla süslənmiş fəvvarələr quraşdırılıb. Konsert salonu müasir standartlara cavab verir.

Fransanın məşhur "Quinette Galay" firmasından alınan kreslolarda tamaşaçılara xüsusi qulaqcıqlar verilir. Onlar danışıqları sinxron tərcümə vasitəsilə istədikləri dildə dinləyə bilirlər. İşıq və səs sistemi çağdaş dünya standartlarına uyğun quraşdırılıb. Avadanlıqlar İngiltərə, İtaliya, Almaniya, Çin, Amerika kimi böyük dövlətlərdən alınıb. Safitlərdə, müasir işıq qüllələrində işıq cihazları, səhnədə isə lazer işıqlandırıcı cihazı quraşdırılıb. Səhnədə keçirilən bütün tədbirlər (konsertlər, tamaşalar, ictimai-siyası yığıncaqlar) öz xarakterinə uyğun olaraq işıqlandırılır. Səhnədə qalxıb enən borulardan (stangetlərdən) avtomatik idarə olunan 16 mikrofon asılıb. Bu mikrofonlar nəhəng səhnənin müxtəlif guşələrində yerləşdirilən solistlərin, xorun, ansamblların səsini daha da gücləndirmək və onu ətraf səslərdən (intersəslərdən) təmizləmək imkanına malikdir. Onlar da xüsusi otaqda quraşdırılmış müasir səs texnikası ilə idarə olunur. Prosesi peşakar səs rejissorları tənzimləyir.

Saray 1972-ci ildə istifadəyə verildiyi zaman tamaşa salonunda yerlərin sayı 2158 idi. Hazırda tamaşaçıların rahatlığını nəzərə alaraq cərgələr və keçidlər arasında məsafə genişləndirilib. Səhnə və tamaşaçılar arasında ünsiyyət əlaqəsinin, görüntülərin daha rahat olması, tamaşaların aydın izlənilməsi üçün ön cərgənin oturacaqları götürülüb. Salon 1886 tamaşaçı tutur. Təmirdən əvvəl 12 qrim otağı vardı. Yenidənqurmadan sonra onların sayı 14-ə çatdırılıb. Bunlardan 2-si VİP otaqlardır. Otaqlar piano, royal, televizor, şifonerlər, rabitə və santexnika qovşağı ilə təchiz olunub. Qrim otaqları tədbirlərdə artislərin istifadəsinə verilir. Qrim otaqlarında xüsusi səs cihazları quraşdırılıb. Bunların vasitəsilə artislər vaxtında səhnəyə dəvət olunurlar. Konsert salonunun səhnəsi Respublikamızda ən böyük və hər cəhətdən ən imkanlı səhnə hesab olunur. Onun eni 25 metr dərinliyi isə 17,5 metrdir. Səhnədə orkestri, xoru, ansamblları yerləşdirmək üçün məxsusi meydançalar var. "Orkestr" və "Səhnə" meydançaları 3 hissədən, "Xor" meydançası isə 2 hissədən ibarətdir. Bunların hər birinin həm ayrı-ayrılıqda, həm də birlikdə enib-qalxma imkanları var. Səhnənin texniki imkanlarını genişləndirən transportyor lenti iki hissədən ibarətdir. Transportyor həm birlikdə, həm də ayrı-ayrılıqda hərəkət edir. Konsertlər, müxtəlif xarakterli tədbirlər keçirildiyi vaxt ifaçıların səhnəyə çıxışlarını təmin edir. Buda hər dəfə pərdələrin nizamlı hərəkətini təmzimləyir. Eyni zamanda səhnənin quruluşuna xüsusi görkəm verir. Səhnədən 5 pərdə asılıb. Burada 6 ştanget, 4 sofit, 4 akustik löhvə quraşdırılıb. Geniş formatlı filmlərin nümayişi üçün iki ekran var. Biri böyük divar ekranıdı və xüsusi pərdə ilə örtülüb. İkinci pərdə bir qədər öndəki ştangetdən asılıb. Onların ikisidə avtomat qurğularla idarə olunur. Qurğular ekranların radiuslarını dəyişir və onların enib qalxmaqlarını təmzimləyir. Enib qalxan ekran mövcuddur. Qeyd etmək yerinə düşərdi ki, respublikada bu cür texniki imkanlara malik ikinci bir səhnəmiz hələ ki, yoxdur.

Təmir və yenidənqurma işlərindən sonra saray yenidən öz ənənəsinə sadiq qalaraq maraqlı və yaddaqalan tədbirlərə "ev sahibliyi" edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 sentyabr 2008-ci ildə bərpa və yenidənqurma işlərinin yüksək səviyyədə və keyfiyyətlə başa çatdırılması barədə tövsiyə və tapşırıqlarını verib. Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin and içmə mərasimi də bu möhtəşəm sarayda olub.[3]

Heydər Əliyev və Mədəniyyət

[redaktə | mənbəni redaktə et]

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70–80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.[1]

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.[1]

Bu bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycan sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Keçirilən hər tədbirin sonunda səhnə arxasında yaradıcı heyətlə görüşməsi zamanı, Ulu öndərin tədbir, tamaşa və konsertlə bağlı xoş sözlərini, təbriklərini və yeni yeni təkliflərini dinləmək hər bir yaradıcı insanların, sənətkarların səbirsizliklə gözlədiyi anlardan biri idi.[1]

  1. 1 2 3 4 5 6 7 8 * (az.). http://heydaraliyevpalace.az https://web.archive.org/web/20220729091827/http://heydaraliyevpalace.az/az/ (#bare_url_missing_title). Archived from the original on 2022-07-29.
  2. "İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu". 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  3. 1 2 3 4 Mehparə. "Mötəbər tədbirlərin ünvanı – Heydər Əliyev Sarayı" (az.). https://medeniyyet.az. Archived from the original on 2022-03-09.
  4. 1 2 3 (az.). https://kataloq.gomap.az https://web.archive.org/web/20221118111333/https://kataloq.gomap.az/az/all-poi/culture/cultural-rest/903f3852d56611e0ad4900226424597d (#bare_url_missing_title). Archived from the original on 2022-11-18.
  5. "HEYDƏR ƏLİYEV ADINA SARAYDA ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ APARILACAQDIR. AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LAYİHƏ İLƏ TANIŞ OLMUŞDUR". https://azertag.az. Archived from the original on 2018-06-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]