Ramin Pourandarcani (9 iyun 1983, Təbriz – 10 noyabr 2009, Tehran) 2009-cu il İran prezidentlik seçimi etirazlarında yaralanmış və öldürülmüş etirazçılarla çalışan təbrizli həkim.[1] Pourandarcani 9 iyun 1983-cü ildə Təbrizin şimal-qərb hissəsində orta təbəqəyə məxsus bir ailədə dünyaya gəlmişdir.[2] O, 10 noyabr 2009-cu ildə müəmmalı bir şəraitdə 26 yaşında vəfat etmişdir.[3] Tehranın respublika prokuroru Abbas Dövlətabadi, Raminin yüksək dozada qan təzyiqi dərmanı qatılmış bir saladdan zəhərlənərək öldüyünü demişdir. Bu məlumatlar müxalifətin onun bildiklərinə görə öldüyü qorxularının ortaya çıxmasına yol açdı.[4] Ramin Kəhrizək polis nəzarəti mərkəzində (və ya həbsxanasında) həkim olaraq işləyirdi.[5] Dövlət rəsmiləri əvvəllərdə onun ölümü barədə fərqli səbəblər göstərməkdə idilər. Ayrı-ayrı rəsmi şəxslər onun gah maşın qəzasında, gah intihar nəticəsində, gahda Tehrandakı polis mərkəzindəki iş yerində yatarkən ürək tutmasından öldüyünü bildirmişdilər.[3]
Ramin Pourandarcani | |
---|---|
Doğum tarixi | 9 iyun 1983 |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 2009 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | İran İslam Respublikası |
Milliyyəti | İran azərbaycanlısı |
Dini | İslam |
İxtisası | Tibb |
Təhsili | Təbriz Universiteti |
Fəaliyyəti | həkim |
Ramin Pourandarcani 9 iyun 1983-cü ildə Təbriz şəhərində anadan olmuşdur. O, 11 yaşında ikən istedadlı uşaqlar üçün nəzərdə tutulmuş məktəbə qəbul olmuş, 13 yaşında milli şeir müsabiqəsinin, 15 yaşında Xarəzmi Elm MÜsabiqəsinin qalibi adını qazanmışdır. 2001-ci ildə Ərdəbildə tibb təhsili almağa başladıqdan sonra Təbriz Universitetinin tibb fakültəsində təhsilinə davam etmişdir. O, buradakı təhsilini 2008-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Bu zaman o, təhsilini Almaniyada davam etdirməyi planlamaqda idi. Ramin fars və Azərbaycan türkcəsi ilə yanaşı, fransız və ingilis dillərini də bilirdi.[6][2]
Öz peşəsini sevən Ramin məzuniyyət mərasimində bu sözləri demişdi:
Biz böyük adların varisləriyik; Galen, Hippokrat, İbn Sina və müdrik Əl-Cüzcani kimi korifeylər. Bizə o dövrlərdən ağ xalat şəklində ötürülən inanılmaz dərəcədə əlamətdar müqəddəs ruhun irsini daşımaq üçün burday;q. Biz bu yolu həvəslə davam etdirəcəyimizi demək üçün buradayıq.[2]
Ramin eyni zamanda 2006-cı ildə BMC Clinical Pharmacology jurnalında çap edilmiş "Finasteride induced depression: a prospective study" məqaləsinin müəlliflərindən biridir. Bu məqalə, prostat vəzinin xoşxassəli böyüməsini və kişi tipi keçəlliyi müalicə etmək üçün istifadə edilən finasteridin xəstələrdə depressiv simptomlara səbəb ola biləcəyi nəticəsinə gəlir. O, həmçinin Təbriz Universitetinin tibb fakültəsinin Tətbiqi Dərman Tədqiqat Mərkəzində araşdırmalar da aparmışdır.[7]
O, könüllü şəkildə internet səhifələrində fəaliyyət göstərmiş və müxtəlif xəstəliklər barədə məsləhətlər vermişdir. Eyni zamanda fakültədə dilin inkişaf etdirilməsi komitəsinin üzvü olmuş, tibb tələbələri üçün ingilis dilini tədris etmişdir.[8]
Universiteti bitirdikdən sonra 2008-ci ildə iki illik məcburi hərbi xidmətini yerinə yetirməyə başlamış, bir aylıq Sistan-Bəlucistan bölgəsinə göndərilmiş, daha sonra isə hərbi mükəlləfli həkim kimi xidmət etmək üçün Böyük Tehran Hüquq Mühafizə Qüvvələri Komandanlığına (FATEB) təhkim edilmişdir. Onun buradakı xidmətinə həftədə bir dəfə Khərizəkdəki məhkumları müayinə etmək də daxil idi. [2]
Verilən məlumata görə 2009-cu ilin iyun ayındakı etirazlar zamanı Ramin Kəhrizəkdəki məhbusları müayinə etmək üçün 3 həftə ərzində 4 dəfə vəzifələndirilmişdir.Ramin polis mərkəzində saxlanılan və işgəncə gördüyünə inanılan bir neçə məhbusa tibbi xidmətin göstərilməsinə cavabdeh idi. Onun xəstələrindən biri olan Mohsen Ruholamini seçkilərdən sonra təşkil edilmiş etirazlarda həbs edilənlərdən biri idi və onun atası dövlət üçün işləyən alimlərdən idi. 25 yaşlı Ruholamini həbsdə ikən 2009-cu ilin iyulunda vəfat etdi. Onun ölüm haqqında sənədində ölüm səbəbi kimi başına vurulmuş çox saylı zərbələr göstərilmişdi. Yurisdiksiya dairələrinə verilmiş hesabatda Ruholamininin "fiziki şiddət, pis vəziyyətdə olmanın effektləri, çox saylı zərbələr və bədənə edilmiş ağır zədələr nəticəsində öldüyü qeyd edilmişdi".[9][2]
Ramin Kəhrizək həbsxanasında qanunsuz davranışı araşdıran parlament komitəsində ifadə verib.[10] Qısa müddət sonra bu həbsxana pis şəraitinə görə Ayətullah Xamaneyinin əmrinə əsasən qapadılmışdır. İranın hüquq dairələri tərəfindən bu həbsxanadakı qanunsuzluqları araşdırma prosesinə başladılmışdı. Avqust ayında keçmiş prezidentliyə namizəd və din adamı Mehdi Kərrubi rəsmi şəkildə İran polisini Kəhrizəkdə saxlanılan etirazçılara işgəncə etməkdə və zorlamaqda ittiham etdi. Nəticədə polis Kərrubinin ofisinə basqın edib şahidlərin adlarını, ünvanlarını və ifadələrini müsadirə etdi. Oktyabr ayında İran polisləri komandanının müavini, briqada generalı Əhməd Rza Radan elan etdi ki, Kəhrizəkdəki qanunsuzluqlara görə 10 şəxs barədə araşdırma aparılır. O, burada baş vermiş qanunsuzluğu "kiçik" hadisə kimi təsvir etmişdi.[10]
Kəhrizək təcridxanasında baş verən qətllər və işgəncələrlə bağlı araşdırmalar zamanı Ramin istintaqı aparan komitənin qarşısına çıxıb və ifadəsində deyib:
Mohsen Roholamini güclü fiziki işgəncələrə məruz qaldıqdan və dəhşətli vəziyyətdə olandan sonra ölümündən iki gün əvvəl yanıma gətirdilər. Onun səhhətinin vəziyyəti çox kritik idi. Çox məhdud tibbi imkanlarıma baxmayaraq, onu xilas etmək üçün mən əlimdən gələni etdim. Məhz o zaman Kəhrizək səlahiyyətlilərindən mənə xəbərdarlıq etdilər ki, Kəhrizək qurbanlarının xəsarətlərinin səbəbi haqqında bir şey desəm, həyatıma son qoyacaqlar.[11]
Bu ifadəni verdikdən sonra Ramin polis tərəfindən həbs edildi.[3] Həbsi müddətində Ramin polis qüvvələrinin istintaq bölməsi, hərbi məhkəmə və Həkimlərin Baş Tənzimləməsi Şurası tərəfindən bir neçə dəfə dindirilib. O, girov müqabilində azad edilib, Kəhrizəkdə gördükləri barədə heç nə deməməsi ilə bağlı xəbərdarlıq edilib və daha çox həbs olunacağı və tibbi vəsiqəsini itirməklə hədələnib.[1] Azad edilməsindən sonra da o, Kəhrizəkdə gördükləri barədə sakit qalmaması halında başına gələcəklər barədə bilinməyən şəxslər tərəfindən təhdid edilmişdir. Ölümündən qısa müdət əvvəl o, öz dostuna təhlükəsizliyi barədə qorxusunun olduğunu demişdir.[5]
Ramin Pourandarcani 10 noyabr 2009-cu ildə müəmmalı bir şəkildə Tehran şəhərində vəfat etmişdir. İran rəsmiləri Raminin ailəsini yarılma prosesini həyata keçirməsinə icazə verməmişdir. Ramin Təbrizin şimalında dəfn edilmiş və onun dəfnində qeyri-adi səbiyyədə təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.[5] Həmçinin Raminin ailəsinə onun nəşini görməyə icazə verilməmişdir. Eyni zamanda İranın məhkəmə orqanları onun ölümünü araşdırmağa çəkinmişdir.[10][2]
10 noyabr 2009-cu ildə Tehranın Moniri Cavid küçəsindəki FATEB Klinikasının Psixologiya otağında Raminin cəsədi tapıldıqdan sonra Tehranın 129-cu Polis Bölməsinin polis məmuru leytenant Nurian hadisə yerinə gələn ilk zabit olub. Nurian öz hesabatında bildirib:
… Psixologiya otağının qapısının açıq olduğunu və bir sıra həkimlərin, işçilərin və personalın otağın sonunda toplaşdığını gördüm və mən dərhal [cinayətin] yerini insanlardan boşaltmaq və hər şeyi olduğu kimi saxlamaq üçün hərəkətə keçdim...Ölən şəxsin növbətçi həkim, FATEB Klinikasında ümumi praktik həkim kimi hərbi xidmət keçən təbrizli 26 yaşlı Ramin Pourəndərcani olduğu müəyyən edildi. Yaşayış yeri Tehrandan kənarda olduğundan gecələr Psixologiya otağında yatırdı. Mərhum ağzından qusmuş halda çarpayıda uzanmışdı. O, sağ ayağı bükülmüş halda uzanmış vəziyyətdə idi. Dağıntı və iğtişaş əlamətləri yox idi. [Qurbanın] boyun nahiyəsində göyərmə əlamətləri və qan ləkələri görünürdü. Üstəlik, yemək masasının üstündə yarımçıq yemək, bir salat, yarım litrlik sərinləşdirici içki, “Golden Chicken” restoranının hesabı, tibbi ləvazimatlar, stetoskop və bir neçə əlcək var idi...[2]
Cahan News xəbər saytı onun ölümün intihar kimi təqdim etdi və onun əvvəlcə həbs edildiyini, sorğu-suala çəkildiyini, daha sonra da girov qarşılığında sərbəst buraxıldığını da qeyd etdi. Xəbər saytə özünün qaynaqlarına istinad edərək yazmışdı ki, mərhum bir neçə gün əvvəl İran Milli Məclisinin bir neçə üzvü ilə görüşməyə çalışsa da, bu görüş heç vaxt baş tutmamışdır.[2]
Raminin ölümündən sonra Təbrizdəki atasına zəng edən rəsmilər onun maşın qəzasına düşdüyünü, ayağının qırıldığını və huşunun özündə olmadığını bildirmişdirlər. Ata Tehrana gəldikdən sonra rəsmi şəxslər onu morqa aparmış və oğlunun ürək tutmasından öldüyünü bildirmişdirlər.[2]
Briqada generalı Əhmədi-Müqəddəm 18 noyabr 2009-cü ildə ilan etdi ki, Ramin Pourandarcaninin ölümündə onun intihar etdiyinə işarə edən nüanslar vardır. O, mərhum növbətçi həkimin təqsirləndirilən şəxs qismində çağırıldığını və zaminə buraxıldığını, cəsədinin prokurorluğun ictimai istirahət yerində, yanında vəsiyyətnamə ilə tapıldığını, vəsiyyətnamədə ona hədə-qorxu gəlindiyi və ona 5 il həbs cəzası veriləcəyinin bildirildiyi yazılmışdır. Raminin ölümündən 21 gün sonra, yəni 1 dekabr 2009-cu ildə Hüquq Mühafizə Qüvvələrinin Cinayət Axtarış Bölməsinin və Daxili İşlər Nazirinin birinci müavininin Milli Məclisin Daxili Siyasət Komitəsi ilə birgə müşavirəsində Raminin intihar etməsi bir daha dilə gətirildi. Eyni gündə Tehranın İctimai və İnqilabi prokuroru araşdırmalar nəticəsində ölümün səbəbinin zəhərli qida olduğunu bildirdi. O, həmçinin Raminin ölümü barədə araşdırmaların davam etdirildiyini, onun ölümünün sui-qəsdmi, yoxsa intihar olduğunun araşdırıldığını da bildirdi.[2]
Bir çox məclis üzvü əvvəl elan edilmiş çıxışları tənqid etdi. Azərbaycandan olan islahatçı millət vəkili Dr. Məsud Pezeşkian demişdi:
Dr. Pourandarcani sağlam və savadlı həkim idi və onun ölümü intihar kimi göstərilə bilməz. O, heç ürək çatışmazlığından da əziyyət çəkmirdi. Onun ölüm səbəbi barədə araşdırmalar aparılmalıdır...Heç bir problemi, xəstəliyi olmayan, Kəhrizək kimi təcridxanada olan birinin intihar etməsi bizim üçün şübhəlidir.[2]
Raminin ailəsi və dostları ən əvəvldən ölüm səbəbinə şübhə ilə yanaşdılar. Onlar həmçinin hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətindən də narazı idilər. Anası demişdi:
Mən gözəl, sağlam gənc oğlumu hərbi xidmətə göndərdim və onun ölmüş bədəni mənə geri verildi. Onun intihar etdiyini deyən hamı yalan danışır və Allahdan qorxmalıdı. [2]
Atası demişdi:
Biz sağlam və salamat Ramini hərbi xidmətə göndərdik. Onlar bizə zəng edib dedilər ki, gəl və onun bədənini topla. Mən nə edə bilərəm ? Onlar dedilər ki, o, maşın qəzasına düşün və maşın qəzası kontekstində mənə Tehrana getməyə tapşırdılar...Bir gecə əvvəl, Raminlə telefonda 7-8 dəqiqə danışmışdıq, təxminən 8:30-da. O, çox yaxşı idi, mən arzulayıram ki, kaş telefonda qalardım və o biri sabaha qədər onunla danışardım. Amma biz hətta ölümündən sonra da Raminin üzünü görə bilmədik. Ramin və Kəhrizək tamam ayrı-ayrı şeylər idi. Əsgər idi və onu növbətçi həkim olaraq Kəhrizəyə göndərmişdilər. Ramin onların icazəsi olmadan bir addım belə ata bilməzdi. Kəhrizəkdə baş verən bütün hadisələrdən sonra Ramini Kəhrizək həkimi kimi qələmə verdilər. Ramin və belə etiketlər sadəcə bir araya gəlmir! Allah bilir ki, Raminin qızıl ürəyi var idi...Əvvəlcə onun intihar etdiyini dedilər, hətta vəsiyyətdən də danışdılar. Sonra dedilər ki, infarktdır. Sonra dedilər ki, bu, dərman zəhərlənməsidir. Amma biz bu iddiaların zərrəsinə belə inanmırıq... Mən onlara sağlam, canlı, ümidli oğlumu verdim. O, vətənə xidmətə getdi, amma meyidini görməyə belə qoymadılar.[2]
Raminin dostlarından biri onun ailəsinə belə mərhumun nəşini görməyə icazə verilmədiyini demişdir. O, əlavə etmişdi:
...Onlar, hətta Raminin ailəsinə onun cansız bədənini belə görməyə icazə vermədilər...Bu göstərir ki, ortada gizli səbəblər var, ona görə də, onlar ailənin Raminin bədənini görməsini istəmirlər.[2]
Cənab Pourandarcaniyə yaxın olan bu şəxs bir daha təkrar etdi ki, briqada generalı Əhmədi Moqaddamın iddia etdiyi kimi cənab Pourandarjani tərəfindən hər hansı bir vəsiyyətnamənin olması işə cavabdeh olan cinayət müstəntiqi tərəfindən təkzib edilib. Üstəlik, Əhmədi-Müqəddamın iddiasının əksinə olaraq, Ramin kommunal istirahət yerində deyil, NAJA tibb klinikasındakı kabinetində qətlə yetirilib.[2]
Kəhrizək işində iddiaçılardan biri deyib:
Mən Ramini Hərbi Prokurorluqda gördüm. O, atası ilə İstintaq İdarəsinin 1-ci şöbəsinə, cənab Hüseyninin kabinetinə gəlmişdi. [Ramin] Kəhrizək təcridxanasında xəstələri xəstəxanaya göndərdiyini və hətta onlar üçün daha çox dərman yazdığını göstərən sənədlər olduğunu söylədi, çünki dərmanların Böyük Tehranın hüquq-mühafizə orqanlarından Kəhrizəydəki məhbuslara çatması çox vaxt apardı. Ramin bir daha qeyd etdi ki, onun günahsız olduğunu sübut edən sənədləri götürmək üçün Kəhrizəyə getməsinə icazə verməyəcəklər... Məhbuslar Kəhrizəkdə işgəncələrə məruz qalıb, yaraları infeksiyaya tutulub. Benzinin tüstüsündən gözlərimiz infeksiya olmuşdu. Ramin Pourandarcani Əmir Cavadifərin görmə qabiliyyətini itirdiyi üçün Kəhrizəkdə müayinə etmişdi. Ramin Pourandarjani məhkəmədə xatırladıb ki, Əmiri onun yanına gətirəndə onun edə biləcəyi tək şey ona təsəlli vermək olub və Əmirin vəziyyətinin pis olduğunu bilə-bilə onu xəstəxanaya göndərib...Ramin də Kəhrizəkdəki şəraiti çox acınacaqlı görüb və daima pərişan olub. Mənimlə söhbətlərində Kəhrizəkdəki şəraitdən onun da əziyyət çəkdiyini deyirdi. O bildirib ki, cənab [Polis rəisi] Radan və komandası nə vaxt Kəhrizəyə gəlsələr, ona məhbusların nəbzini almağa belə icazə vermirlər. Ramin həmin vaxt özünü təhlükəsiz hiss etmirdi. O, mənə dedi ki, cənab Kamijani (o vaxt Kəhrizək təcridxanasının rəhbəri) və general-leytenant Rəcəbzadənin (o zaman Tehran Hüquq-Mühafizə Qüvvələrinin komandanı) ofis meneceri olan cənab Nezamdust bir neçə dəfə onu hədələyərək, ona xəbərdarlıq ediblər ki, Kəhrizəyə işgəncə vermək üçün gələn səlahiyyətlilərdən hər hansı birinin adını çəksə, onunla məşğul olacaqlar. O, mənə Kəhrizəkdə məhbusları sağ olmalarına baxmayaraq, ağ torbaların içərisinə qoymalarından danışmışdı. Cənab Mortazavi Ramin Pourandarjani ilə çox sərt qarşılaşdı. Ramin cənab Mortazavinin ofisinə getmişdi, lakin Kəhrizək məhbuslarının meningitdən əziyyət çəkdiyini bildirən arayışı imzalamaqdan imtina etmişdi. Bütün bunlar məhkəmədə deyildi. Ramin Kəhrizəkdə məhbuslara işgəncə verən şəxslərin kimliyini bilirdi və o vaxt [iyun 2009] seçkilərindən sonra baş vermiş hadisələri araşdırmaq tapşırığı ilə məclis komitəsinə rəhbərlik edən cənab Dehqana deyə bilərdi. Ramin sözügedən komitənin üzvləri ilə görüşməli idi və həmin iclasda cənab Radanın, bir neçə məclis deputatının və Kəhrizək məhbuslarına işgəncə verənlərin adları çəkiləcəkdi. Ramin hətta qeyd etmişdi ki, cənab Radanın komandası nə vaxt Kəhrizəyə gəlsə, hamını, hətta cənab Kamijani belə təcridxanadan çıxaracaqlar. Hər halda, Raminin əlində Kəhrizəklə bağlı, hətta NAJA komandirlərinin rolu ilə bağlı çoxlu sənədlər var idi ki, bu da Hüquq-Mühafizə Qüvvələri üçün ağır olardı. Buna görə də Ramini məhv etdilər.[2]
Raminin ölümündən iki il keçdikdən sonra atası bu sözləri demişdi:
Mən işi sona çatdıra bilmədim. Mən işi tərk etdim və ağrımı eşidəcək birini tapa bilmədim. Biz sevimli oğlumuzu itirdik. Özümüzü ruhdan düşmüş və ürəyimiz qırılmış hiss edirik. Ramin bizim üçün dünya idi. O, ideal insan idi və mən bunu oğlumdur deyə demirəm...[2]