Ramiz Nəsirov

Ramiz Nəsirov

Ramiz Kamal oğlu Nəsirov (d.1953, 7 dekabr), Xocalıda yaradılmış yerli özünümüdafiə batalyonunun döyüşçüsü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramiz Nəsirov 7 dekabr, 1953-cü ildə Xankəndidə anadan olmuşdur. Orta təhsilini 1960-1971-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1971-ci ildə Sankt-Peterburq şəhərinə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini bitirdikdən sonra elə burada qalmışdır. 1975-ci ildə, Butko Tatyana Dmitriyevna adlı qadınla ailə qurmuşdur.[1]

Qarabağda erməni terroru başladıqdan sonra, 1988-ci ildə Azərbaycana gəlmiş, Xankəndidən qovularaq Xocalıda yerləşən qohumlarının yanına yerləşmişdir. Bir müddət sonra isə rus mənşəli həyat yoldaşı da buraya gəlmişdir.[1]

Döyüş yolu[redaktə | mənbəni redaktə et]

1988-ci ildə Rusiyadan Azərbaycana qayıtdıqdan sonra Qarabağda yerli özünümüdafiə batalyonlarının yaradılmasında iştirak etmişdir. Xocalı soyqırımına qədərki müddətdə Xocalını müdafiə edən əsas şəxslərdən biri hesab edilir. Xeyli sayda insanı mühasirədən çıxartmışdır. Rusiyada olan evini sataraq, rus polkovnik-leytenant Şevçenko Stanislav Kriloviçi Qarabağa təlim keçməyə gətirtmişdir. Həmin şəxs sonradan 1 il müddətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyində də çalışmışdır.[1]

Xocalıdan sonra Ağdamda da döyüşmüş, 1993-cü ildə, peşəkar ordu yaradılarkən ordu sıralarından çıxmışdır. Bu zaman ona tabor komandirliyi təklif edilsə də, hərbi savadının az olmasını səbəb kimi göstərərək, bu vəzifəni qəbul etməmişdir.

Xocalı soyqırımı zamanı əsir düşən həyat yoldaşı- Butko Tatyananı rus mənşəli olduğuna görə ermənilər birinci buraxmaq istəsə də, sonradan Ramiz Nəsirovun həyat yoldaşı olduğunu öyrəndikdən sonra fikirlərini dəyişmişlər. Dəqiq olmayan məlumatlara görə,Butko Tatyana əsirlikdəki təhqirlərə dözməyərək, özünü asmışdır.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Ramiz Nəsirov “İgidliyə görə” medalı ilə təltif olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Özünü erməni kimi təqdim edən kəşfiyyatçı". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-27.