Raqıb Zarakolu (türk. Ragıp Zarakolu; 1948, Böyükada, İstanbul ili) — Türkiyəli insan haqqları müdafiəçisi, jurnalist və naşiri.
Raqıb Zarakolu | |
---|---|
türk. Ragıp Zarakolu | |
Doğum tarixi | 1948 |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist, naşir, tərcüməçi, yazıçı |
Həyat yoldaşı Ayşə Nur Zarakolu ilə birlikdə qurduqları Bəlgə nəşriyyatının dəstəyi ilə təşkil etdikləri konfranslarda ümumilikdə "Türkiyədəki azlıqlar" məsələsini müzakirə ediblər. Bunla bağlı olaraq onlara qarşı 50-dan çox məhkəmə işi açılıb.
Raqıb Zarakolu 1948-ci ildə atası Rəmzi Zarakolunun (1902-1968) mahal valisi olduğu Böyükadada anadan olub. Kabataş liseyində təhsilini başa vurduqdan sonra Raqıb bəy 1965-ci ildə daxil olduğu İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib.[1] 12 mart Memorandumu (Türkiyədə dövlət çevrilişi (1971)) və müəllimi Cavid Orxan Tütəngilin öldürülməsi səbəbindən doktorantura təhsili iki dəfə yarımçıq qalıb.
Raqıb Zarakolu yazıçılıq fəaliyyətinə 1968-ci ildə "And" və "Yeni üfüqlər" jurnallarında başlayıb. 1971-ci ildə Amnesty İnternational təşkilatı ilə əlaqəsinin üzə çıxmasından sonra 5 ay müddətinə həbs olunan Raqıb bəyə səyahət qadağası qoyuldu (1991-ci ilə qədər). 1972-ci ildə Ho Şi Min haqqında yazdığı məqaləyə görə həbs olunmuş, 1974-cü ildə azadlığa buraxılmışdır.
1977-ci ildə həyat yoldaşı Ayşə Nur Zarakolu ilə Bəlgə nəşriyyatını qurdu. Həmtəsisçisi olduğu və 1979-cu ildə nəşr olunmağa başlayan Demokrat qəzeti 12 sentyabr çevrilişindən sonra qadağan edildi, bu səbəblə də Zarakolu bir müddət həbs cəzası aldı.[2] O, 1986-cı ildə yaradılmış İnsan Hüquqları Assosiasiyasının yaradıcılarından olub.[3] Raqıb bəy Türkiyə Nəşriyyatçılar Birliyi (TYB) Nəşriyyat Azadlığı Komitəsinin sədri vəzifəsində də çalışıb.[4] Qurucusu olduğu Bəlgə nəşriyyatının ofisi 4 dekabr 1994-cü ildə bombalanıb.[5]
28 oktyabr 2011-ci ildə Kürdüstan İcmalar İttifaqı işi çərçivəsində həbs edilən Raqıb Zarakolu 2012-ci il aprelin 10-da azad edildi. Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci il 15 sentyabrda elan etdiyi qərarla Zarakolunun həbsdə saxlandığı üçün hüquqlarının pozulduğuna və ona 6 min 500 avro mənəvi təzminat ödənilməsinə qərar verdi.
2013-cü ildə İsveçə köçən Zarakolu bir müddət sonra ölkənin vətəndaşlığını aldı.[6] İstanbul 3-cü Ağır Cəza Məhkəməsində mühakimə olunduğu iş çərçivəsində 7 iyun 2018-ci ildə barəsində məcburi həbs qərarı çıxarıldı. Məhkəmə Zarakolunun həbsi üçün 2018-ci ilin sentyabrında İnterpola müraciət edərək, Beynəlxalq Ekstradisiya müqaviləsinə əsasən onun ekstradisiyası üçün İsveç hakimiyyət orqanlarına sorğu da göndərdi. 2019-cu ilin iyununda İsveçdə ifadə verən Zarakolunun Türkiyəyə ekstradisiya tələbi rədd edildi.[7] 5 may 2020-ci ildə yazdığı məqaləsində keçmiş baş nazir Adnan Menderesi Prezident Rəcəb Tayyib Ərdoğana bənzətdiyi, çevrilişə yönümlü ifadələrin olduğu əsas götürülərək haqqında istintaq işi açıldı.[8]
O, uzun müddət "Azad Gündəm" qəzetində jurnalist və məsləhət şurasının üzvü kimi fəaliyyət göstərib. "Evrensel" qəzetində yazıları bu gündə dərc olunur.[9]
Raqıb Zarakolu məşhur türk yazıçı və tərcüməçisi Cəmil Meriçin sevgilisi Lamiyə Çataloğlunun qızı Ayşə Nur Sarısözenlə evli idi.[10] Onların bu evlilikdən Cihan Dəniz (1975) və Sinan Savaş (1977) adlı iki oğlu dünyaya gəlmişdi. 2002-ci ildə Ayşə Nur Zarakolunun ölümündən sonra 2004-cü ildə o, ABŞ vətəndaşı, fotoqraf Katerin Holl ilə evlənib.[11]
Raqıb Zarakolunun böyük bacısı siyasətçi Mehmed Rıza Çərçellə evli olub.
O, 2013-cü ildən İsveçdə yaşayır.