Riyaz əs-siyahət (azərb. Səyahət bağçaları)
Riyaz əs-siyahət — (fars. ریاض السیاحه) əsəri Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hacı Zeynalabdin Şirvaninin Riyaz əs-siyahət, Bustan əs-siyahət və Hədayiq əs-siyahət adlı əsərləri ona dünya şöhrəti gətirmişdir [1]. Riyaz əs-siyahət əsəri 2 hissədən ibarətdir. "Riyaz əs-siyahət"in önəmli hissəsi hicri-tarixi ilə 1237-ci ildə (1821–1822) Qomşedə qələmə alınmışdır[2]. "Riyaz əs-siyahət"in birinci hissəsinin sonunda bu yazı gözə çarpır: "Həqiqətən bu ürəkaçan bağın və ruhu oxşayan nüsxənin yazılması üçün son dərəcə ciddiyyət tələb olunduğu halda, lakin alicənab Abbasqulu Ağa ibn Mirzə Məhəmmədxan səfərə tələsdiyi üçün onun yazılmasını tələb etdikdə məcbur qalıb bir neçə gün ərzində Məhəmməd Təqi ibn Məhəmməd Qasim Salyani ilə birlikdə 1258-ci ilin şəvval/1842-ci ilin noyabr ayında Qubada onu bitirmək şərəfinə nail oldum.[3] Ümidvaram ki, həqiqət axtaranlar onun nöqsan və qüsurlarını fürsətin azlığı və durumun gərginliyindən qaynaqlandığını bilərək islah etməyə çalışacaqlar. "Riyaz əs-siyahət"in ikinci hissəsi hicri-tarixi ilə 1242-ci ilin zilhiccə ayının 7-də, miladi tarixi ilə 23 iyul 1827-ci ildə sona çatmışdır. Aşağıdakı sətirlər bu mövzudan xəbər verir: "O, bu kitabın yazılmasını Məlik Vəhhabın köməyi ilə Şiraz şəhərində hicrətin 1242-ci ilində zilhiccə ayının 27-də bazar ertəsi günü bitirdi".[4] Bu əsər elmi baxımdan uzun illər alimlərin diqqətini özünə cəlb etmişdir. Belə ki, Riyaz əs-siyahət Abbasqulu Ağa Bakıxanovun xüsusi diqqətini cəlb etmiş və bu əsəri "zəngin və faydalı xəzinə" adlandırmışdır.[5] M. Tərbiyət "Riyaz əs-siyahət"i ən yaxşı əsərlərdən biri hesab etmişdir[6]
Hacı Zeynalabdin Şirvaninin "Riyaz əs-siyahət" əsərində Asiya və Afrika xalqlarının mədəniyyəti, ictimai fikri, fəlsəfəsi, ədəbiyyatı və tarixi haqqında qiymətli məlumatlar yer almışdır. Bundan əlavə Yaxın Şərq və ona yaxın ərazilərdə yaşamış alim və şairlərin mənsub olduğu cərəyanlar və məktəblər haqqında da maraqlı məlumatlar vermişdir. Şirvani bəzi ölkələr, şəhərlər, bölgələr və tayfaların adlarının meydana çıxmasının mənşəyi və əsası haqqında da söhbət açmışdır. Şirvaninin bu əsəri eyni zamanda onun dünyagörüşünü tədqiq etmək baxımından da əsas mənbələrdən biri hesab edilə bilər. Şirvaninin əsəri təsəvvüfün araşdırılması baxımından da qiymətli bir mənbədir[7].
Xalqımızın tərbiyə edib böyütdüyü bu görkəmli alimin adı nəinki vətənimizdə, hətta onun sərhədlərindən çox-çox uzaqlarda da geniş şöhrət tapmışdır. H. Z. Şirvaninin tarixi, fəlsəfi, coğrafi, bioqrafik xarakter daşıyan əsərləri Çin, Hindistan, Koreya, İran, Türkiyə, İndoneziya, Bolqarıstan, Polşa, Fransa, İngiltərə və s. ölkələrin mütəxəssisləri və alimləri tərəfindən çox yüksək qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Şirvaninin elmi irsi və əsərlərinin sayı barədə araşdırmaçılar müxtəlif, bəzən də yanlış fikirlər söyləmişlər.[9]Abbasqulu Ağa Bakıxanov, Firudin bəy Köçərli və digər müəlliflər Şirvaninin ancaq bir əsərini qeyd ediblər. Digər tədqiqatçılar onun iki əsərinin olduğunu söyləmişlər. Rzaqulu xan Hidayət, Məsuməli şah Şirazi, "Çarlz Rio" isə Şirvaninin üç əsərinin olduğunu qeyd edirlər. Rzaqulu xan Hidayət, Məhəmməd Əli xan Tərbiyət, Məhəmməd Əli Təbrizi və digərləri Şirvaninin yuxarıda qeyd edilən 3 əsərindən əlavə şeirlərinin də olduğunu söyləmişlər. Şirvaninin əsərlərindən məlum olur ki, onun 3 böyük əsəri olmuşdur: "Səyahət bağları" ("Riyaz əs-siyahət"), "Səyahət bağçaları" "Hədayiq əs-siyahət" və "Səyahət bustanı" "Bustan əs-siyahət". Aparılan araşdırmalardan belə məlum olur ki, Şirvaninin qeyd edilən 3 əsərindən əlavə digər 3 əsəri də mövcud olmuşdur. Bu barədə hər şeydən öncə Cəlaləddin Ruminin həyat və yaradıcılğından bəhs edən məqalə və Misirin Xədiviyyə kitabxanasında qorunan trarktatı qeyd etmək lazımdır. Bundan əlavə Şirvaninin şeirlər divanı da mövcuddur[10].