Rizvan Məşədi oğlu Hümbətov (27 dekabr 1948, Tovuz rayonu – 14 sentyabr 1991, Goranboy rayonu) — Qarabağ müharibəsi şəhidi.
Rizvan Məşədi oğlu Hümbətov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Düz Cırdaxan kəndi, Azərbaycan SSR |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Buzluq, Goranboy rayonu |
Vəfat səbəbi | şəhid |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan |
Hərbi hissə | Todan Milis bölməsi |
Xidmət illəri | 1991 |
Rütbəsi | mayor |
Döyüşlər | Todan, Erkəc, Mənəşli, Buzluq |
Təltifləri | Qırmızı Ulduz ordeni |
Rizvan Hümbətov 27 dekabr 1948-ci ildə Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olmuşdur. 1965-ci ildə Düz Cırdaxan kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ali təhsil almaq üçün Qazaxıstana yollanır. Daxili işlər orqanlarında işləməklə bərabər, Metallurgiya İnstitutunda təhsil alıb. 1984-1989 cu illərdə Qazaxıstan Ali Polis Akademiyasında təhsilini davam etdirmişdir. Peşəkar zabit kimi 18 il Qazaxıstanın Karakanda şəhərində Daxili İşlər Orqanlarında çalışaraq, mayor rütbəsinə qədər yüksəlib. Ailəsi ilə birgə Qazaxıstanda yaşayan mayor Rizvan Hümbətov Ermənistanın ölkəmizə qarşı apardığı müharibəyə səssiz qala bilmir. Raport yazaraq Azərbaycana qayıtmaq haqqında qərar verir. Həmkarlarının Qazaxıstanda qalmaqla bağlı təkidlərinə baxmayaraq, işini, evini tərk edərək ailəsi ilə birgə Azərbaycana qayıdır. Daim ön cəbhəyə getməyə can atan Rizvan Hümbətov 1991-ci ildə cəbhə bölgəsində yaradılan Goranboy rayon Todan Milis Bölməsində rəis müavini kimi xidmətə başlayır.
1991-ci ildə erməni hərbi birləşmələri aramsız olaraq Todan, Erkəc, Mənəşli və Buzluq kəndlərini atəşə tuturdu. Rizvan Hümbətov və bölmənin digər əməkdaşları həmin kəndlərin müdafiəsində yüngül silahlarla, az bir qüvvə ilə döyüşürdülər. 1991-ci il sentyabr ayının ilk günlərindən Todan və Erkəc kəndlərinə erməni hərbi qüvvələrinin hücumunun dəf olunmasında, yaralıların döyüş meydanından çıxarılmasında Rizvan Hümbətov öz döyüş dostları ilə bərabər çox böyük şücaət göstərmişdir. 14 sentyabr 1991-ci il tarixdə Buzluq kəndi uğrunda gedən döyüşlərdə mayor Rizvan Hümbətov Todan milis bölməsinin daha 3 əməkdaşı – bölmə rəisi mayor Fərəcov Ənvər Səyyad oğlu, kapitan Əliyev Nəsrəddin Yunis oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu ilə bərabər qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi, 3 qızı yadigar qalıb.
19 dekabr 1991-ci ildə mayor Rizvan Hümbətov ölümündən sonra Qırmızı Ulduz ordeni ilə təltif olunub.